Arpa çayı aşdı-daşdı, “Axuryan” yox! Və ya 11 əsr əvvəl burada erməni var idimi, körpüsü də olsun?..

Günün xəbərlərindən biri Türkiyə - Ermənistan münasibətləri ilə bağlıdır. Son günlər yaşanan nigaranlıqlar fonunda bir gözümüz o tərəflərdədir axı… Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəddəki Axuryan (Arpaçay - red.) çayı üzərində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosedurlarını yekunlaşdırıb.

“Habertürk” nazirin bu sözlərini sitat gətirib: “Biz Türkiyə və Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesini başa çatdırdıq”.

ieSgcI3iVjQDiO9f4M6PsipruCzPhjrKz2SSNbIq_1200.jpg (90 KB)

Uraloğlunun sözlərinə görə, körpü Qars əyalətindəki “qədim Ani şəhəri”nin yaxınlığında yerləşir və X əsrdə Böyük İpək Yolunun marşrutu üzərində tikilib. Öz dövründə o, vacib sərhəd-keçid məntəqəsi və Şərqlə Qərb arasında ticarətin əsas keçidlərindən biri kimi xidmət edib. Günümüzə qədər qurğunun yalnız dayaqlardan ibarət qalıqları gəlib çatıb.

Məlumat üçün bildirək ki, körpünün ilkin uzunluğu 80 metr, eni isə səkkiz metr olub. Onun 31 metrlik tağı 1807-ci il oktyabrın 16-da uçub. İstisna deyil ki, bölgədəki müharibələr zamanı uçurulub…İndi ondan yalnız sərhədin hər iki tərəfindəki dayaqlar qalıb.

Türkiyəli nazir vurğulayıb ki, Ani körpüsünün (X-XI əsrlər) birgə bərpası haqqında protokol 2026-cı il mayın 4-də imzalanıb. Bərpa işlərinin aparılması üçün tender 2026-cı il sentyabrın 16-da keçirilib, sentyabrın 28-də isə müqavilə imzalanıb. İşlər Türkiyə və Ermənistanın əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və iki ölkənin birgə komissiyası tərəfindən əlaqələndiriləcək.

o6I3ucuV3WlbruOw6mpI7BGgaTYbdH4Iy4ffzNqt_1200.jpg (374 KB)

Körpünün bərpa həcmini və üsullarını müəyyən edən protokol 2026-cı il mayın 4-də İrəvanda imzalanıb. Uraloğlunun sözlərinə görə, layihə İpək Yolunun tarixi irsinin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə yönəlib.

Xatırladaq ki, avqustun əvvəlində erməni və türk mütəxəssislər İrəvanda tarixi Ani körpüsünün bərpası üzrə birgə işçi qrupunun ikinci görüşünü keçiriblər.

Erməni mediası iddia edir ki, Ani körpüsü Arpaçay çayı üzərindən orta əsrlər Erməni çarlığının (Baqratilər çarlığı) paytaxtı olan Ani şəhərinə doğru tikilib. Ermənilərin tarixi saxtalaşdırmaları təəccüb doğurmur. Amma Türkiyə rəsmisinin açıqlaması yalnız erməniləri məmnun edə bilər. Təkcə ona görə yox ki, hələlik rəsmi İrəvan sülh razılaşmasına əməl etməyə, Zəngəzur dəhlizinin tikintisinə başlamağı, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əksini tapdığı konstitusiyasını dəyişdirməyə, işğaldakı 4 kəndimizi azad etməyə tələsmir. Qardaş ölkə rəsmisi doğrudanmı bilmir, ermənilərin tarixi Azərbaycan ərazilərinə, o cümlədən İrəvan mahalına, İran və Türkiyədən köçürülməsinin tarixi iki əsrdən o tərəfə keçmir? Belə olduğu halda 11 əsr əvvəldə “qədim erməni şəhəri”ni axtarmaq nə qədər məntiqlidir?..

Mənbələrdə bildirilir ki, Ani körpüsü və ya İpək Yolu körpüsü Türkiyənin Qars şəhəri yaxınlığındakı Ani şəhərinin xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhədində olan tarixi abidədir. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir.

488a2d0fa0caddfef157a9bd5eca976c.jpg (108 KB)

Bəzi mütəxəssislər abidəni X-XI əsrlərə aid edirlər. İddialar var ki, körpü “erməni irsinə” məxsusdur. Amma digər qaynaqlar əslində Baqratilər sülaləsinin erməni deyil, yəhudi mənşəli sülalə olduğunu bildirir və xanədanının hakimiyyəti dövründə inşa edildiyi vurğulanır. Ətraf ərazidən tapılmış bir kitabə isə burada XIII–XIV əsrlərdə inşaat işlərinin aparıldığı ehtimalını üzə çıxarır. Körpü tək aşırımlı olub və həmin aşırım da çöküb. Körpüdən dövrümüzə iki dayaq hissə - ayaqlar qalıb ki, onların da biri Türkiyə, digəri indiki Ermənistan ərazisindədir. Amma bu faktlar Arpaçay üzərindəki körpünün “erməni tarixi irsi” olması barədə saxtakarlıqlara hər hansı əsas yaratmır. Anlayırıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində proses gedir, təbii ki, Azərbaycan bu prosesi həssaslıqla izləyir və ümid edirik ki, qardaş ölkə sülh gündəliklərini icra etməkdən yayınan Ermənistanın arzusunu gözündə qoyacaq və heç də addımlarında tələskənlik sərgiləməyəcək. Amma İrəvanla razılaşmalarda erməni saxtakarlıqlarının ifşasına da diqqət yetirilməsi vacib nüanslardandır. Çünki Azərbaycan ərazilərində elan olunan və Nikol Paşinyanın etiraf etdiyi kimi, hələ də “kadastr sənədi” əldə edə bilməyən Ermənistan bir əsrdən artıq dövrdə təkcə Azərbaycana qarşı deyil, həm də qardaş Türkiyəyə qarşı əsassız iddialarla çıxış edib.

NİKOL SON.jpg (202 KB)

Bu iddialar təkcə sözdə “soyqırım” iddiası, Türkiyənin 6 vilayətinə iddialarla bağlı deyil, digər sərsəm iddialarını da zaman-zaman beynəlxalq səviyyədə tirajlayıblar. Odur ki, bu məsələlərdə “Bir millət, iki dövlət” prinsiplərindən çıxış edilməsi ermənilərin bütün oyunlarının pozulması deməkdir. Tarix boyu ermənilərin Türkiyə və Azərbaycana təbəəlik etməsi, lakin fürsət düşən kimi xəyanətkar mövqedən çıxış etmələri bundan sonrakı mərhələlərdə də ehtiyatı əldən verməməyimizi zəruri edir, dövlətimizin başçısı dəfələrlə bununla bağlı xəbərdarlığını edib. Bir müddət öncə səslənən “kövrək sülh” ifadəsi həm də qardaş ölkənin addımlarında diqqətli olması baxımından əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan – bugünkü Ermənistan ərazisində yüzlərlə müsəlman – türk qəbiristanlıqları dağıdılıb, onların sayı 700-ü keçib. Ermənistanın dağıtdığı məscidlərin sayı Qarabağın işğal illərində dağıdılanlardan daha çoxdur. Bir müddət öncə Türkiyədəki siyasət adamlarından biri guya Ermənistanda hicabın qadağan olunmadığı barədə absurd iddianı səsləndirərkən görəsən, bu barədə düşündümü? Təkmillətli ölkə olan Ermənistanda müsəlman varmı ki, hicab yasağı, yaxud izni də olsun?! Bugünkü Ermənistan ərazisində son bir əsrdə, ondan əvvəlki zamanlarda Qərbi Azərbaycanda törədilən türk-müsəlman qətliamları yüz minlərlə can alıb, gerçək soyqırımlar tarixi Azərbaycan ərazilərində olub, o cümlədən qardaş ölkənin Qars – İğdır vilayətlərində.

igdir11.jpg (153 KB)

Xatirimdədir, İğdırda olarkən ağsaqqallardan biri danışırdı ki, daşnaklar ərazidə soyqırım törədən zaman hətta bulaqların gözlərinə, quyulara yun tıxayırmışlar, çeşmələr “kor” olsun və burada həyat əlamətləri olmasın deyə…Bu gün də gerbində Ağrı dağı olan Ermənistan sülhdə Bakı və Ankara ilə sülhdən danışsa da, sərhədlərin açılmasına çalışsa da, Ağrı üçün ürəyində ah-fəğan qoparır, iddialarından əl çəkməyib. Fürsət düşən kimi, əfi ilana dönüb boğazımıza dolanacaqları günü gözləyirlər, həm Türkiyənin, həm də Azərbaycanın. Ona görə də müqavilələr imzalananda da, onların həyata keçirilməsi barədə qərar veriləndə də maksimim ehtiyatlı, tədbirli olmaqda fayda var. Ona görə də heç olmasa, müqavilələrdə Araz çayının sol qolu olan Arpaçaya “Axuryan” yarlığının yapışdırılmasına imkan verməmək, toponimlərimizi heç olmasa mötərizə də olsa, qeyd etmək lazımdır: bu, tarix üçün çox lazımdır, həm də selin apardığı Saradan ayıbdır: “Arpa çayı aşdı, daşdı,

Sel Saranı aldı, qaçdı…” Deyilməyib ki, “Axuryan aşdı-daşdı…”

Elşad Paşasoy