Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Ərzaq Təhlükəsizliyinin Əsas Təminatıdır

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Ərzaq Təhlükəsizliyinin Əsas Təminatıdır

01.06.2026 [18:17]

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş mühüm müşavirə keçirildi. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər ölkədə kənd təsərrüfatının inkişafına verilən böyük önəmi bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hələ 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramlarının əsas istiqamətlərindən biri məhz kənd təsərrüfatının inkişafı olmuşdur. Bu proqramlar nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edilmiş, kəndlərin sosial-iqtisadi həyatı tamamilə dəyişmişdir.

Ölkənin regionlarında qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, elektrik enerjisi təminatının tam həll olunması, avtomobil yollarının yenidən qurulması və su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Taxtakörpü, Şəmkirçay və Göytəpə su anbarlarının istifadəyə verilməsi əkin sahələrinin su təminatını yaxşılaşdırmış, məhsuldarlığın artmasına səbəb olmuşdur. Prezident İlham Əliyev vurğuladı ki, kənd təsərrüfatının inkişafı üçün yaradılan bu infrastruktur layihələri bu gün Azərbaycanın ümumi inkişafının ayrılmaz hissəsinə çevrilmişdir.

Dövlət başçısı kənd təsərrüfatı sahəsində subsidiyaların əhəmiyyətindən də geniş bəhs etdi. Azərbaycanda fermerlərə yanacaq, gübrə və digər sahələr üzrə müxtəlif güzəştlər təqdim olunur. Eyni zamanda güzəştli kreditlər ayrılır, fermerlərə metodiki tövsiyələr verilir və dövlət dəstəyi göstərilir. Prezident qeyd etdi ki, bu mexanizmlər dünyanın az sayda ölkələrində tətbiq edilir və Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir.

Prezident İlham Əliyev pambıqçılıq və baramaçılıq sahələrində əldə olunan uğurları xüsusi vurğuladı. Vaxtilə tənəzzülə uğramış pambıqçılıq sahəsi dövlət dəstəyi nəticəsində yenidən dirçəldilmişdir. Hazırda Azərbaycanda pambıq istehsalı 360 min tondan artıqdır və məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəlmişdir. Baramaçılığın və ipəkçiliyin bərpası da kənd yerlərində yaşayan insanların məşğulluğunun artmasına səbəb olmuşdur.

Bununla yanaşı, dövlət başçısı son illər kənd təsərrüfatı sahəsində müşahidə olunan müəyyən durğunluğun narahatlıq doğurduğunu bildirdi. Bu səbəbdən kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının hazırlanması tapşırılmışdır. Prezident qeyd etdi ki, proqram həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə etməli və qısa müddətdə konkret nəticələr verməlidir.

Çıxış zamanı ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirildi. Dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri bir çox ölkələr üçün ciddi problemlər yaratmışdır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini tam təmin etməlidir. Bu məqsədlə ölkədə buğda, kartof, ət, süd və digər strateji məhsulların istehsalının artırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur.

Müşavirədə səsləndirilən rəqəmlər göstərir ki, Azərbaycan bir sıra məhsullar üzrə artıq özünü tam təmin edir və ixrac imkanlarını genişləndirir. Tərəvəz, meyvə və bostan məhsulları üzrə ölkəmizdə yüksək istehsal göstəriciləri mövcuddur. Azərbaycan fındıq istehsalı üzrə dünyada qabaqcıl yerlərdən birini tutur. Şəkər və yumurta istehsalında da ölkə özünü tam təmin edir və ixrac həyata keçirir.

Prezident İlham Əliyev kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınmasının vacibliyini də qeyd etdi. Dövlət başçısı bildirdi ki, əsas məqsəd şəhərlərdən kəndlərə qayıdış prosesinə nail olmaqdır. Bunun üçün kəndlərdə sosial infrastruktur daha da gücləndirilməli, yeni iş yerləri yaradılmalı və insanların yaşayış səviyyəsi yüksəldilməlidir. Son illərdə rayonlarda müasir xəstəxanaların, məktəblərin tikilməsi və xidmət sektorunun inkişafı bu istiqamətdə mühüm addımlardır.

Torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və süni intellekt imkanlarından yararlanmaq da qarşıya qoyulan əsas vəzifələrdəndir. Prezident qeyd etdi ki, hər bir torpaq sahəsinin elektron xəritəsi və “pasportu” hazırlanmalı, hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi müəyyən olunmalıdır. Bu yanaşma məhsuldarlığın artmasına və ixrac imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək.

Su təminatı və müasir suvarma sistemlərinin qurulması da müşavirədə əsas mövzulardan biri oldu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri regionun kənd təsərrüfatı potensialını artıracaq. Şirvan və Qarabağ kanallarının yenidən qurulması nəticəsində yüz minlərlə hektar torpaq sahəsi su ilə təmin olunacaq. Prezident İlham Əliyev bildirdi ki, müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığı dəfələrlə artırmağa imkan verəcək.

Kənd təsərrüfatı texnikasının yenilənməsi, gübrə istehsalının artırılması və soyuducu anbarların tikilməsi istiqamətində görülən işlər də xüsusi qeyd olundu. Azərbaycanda artıq 400 min ton tutumlu soyuducu anbarlar fəaliyyət göstərir və yaxın illərdə əlavə 100 min tonluq anbarların yaradılması nəzərdə tutulur. Bu, məhsulların keyfiyyətli şəkildə saxlanmasına və itkilərin azalmasına imkan verəcək.

Prezident İlham Əliyev çıxışında investorları kənd təsərrüfatı sahəsinə daha çox sərmayə yatırmağa çağırdı. Dövlət başçısı qeyd etdi ki, həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait yaradılıb və yeni proqram çərçivəsində böyük imkanlar mövcuddur. Hesablamalara əsasən, 2026-2030-cu illəri əhatə edəcək proqram çərçivəsində dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq vəsait yatırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, kənd təsərrüfatının inkişafı Azərbaycanın strateji prioritetlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində məşğulluğun artırılması və ixrac imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Yeni Dövlət Proqramının uğurla icrası nəticəsində Azərbaycanın kənd təsərrüfatı daha da inkişaf edəcək, ölkəmizin iqtisadi qüdrəti və ərzaq təhlükəsizliyi möhkəmlənəcəkdir.

Ayaz Novruzov

YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri
 

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30