Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın birliyini, mübarizə əzmini və ədalət axtarışını gücləndirən tarixdir

31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın birliyini, mübarizə əzmini və ədalət axtarışını gücləndirən tarixdir

30.03.2026 [17:42]

XX əsr Azərbaycan tarixində bütün müsbət tarixi hadisələrlə yanaşı bir sıra faciəvi hadisələr, xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə də səciyyələnir. Belə ki, ötən yüzillikdə ermənilər öz havadarlarının fəal dəstəyi ilə azərbaycanlılara qarşı 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994) soyqırım və deportasiya siyasəti həyata keçirmişlər. Bu baxımdan xalqımızın daş yaddaşında silinməz izlər qoyan faciələrdən biri, yəqin ki, ən dəhşətlisi hər il martın 31-də anılan Azərbaycanlıların Soyqırımı Gününündə tarixiləşmiş 1918-1920-ci illərin soyqırımıdır. Bu illər erməni daşnak-bolşevik dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş kütləvi qırğınları və etnik təmizləmə siyasətini özündə ehtiva edir.

31 Mart soyqırımının baş verməsinə səbəb olan hadisələrin kökü dərindir. Belə ki, erməni millətçilərinin tarixdə heç bir vaxt mövcud olmamış “Böyük Ermənistan” xülyası və bu məqsədlə Azərbaycan torpaqlarını ələ keçirmək cəhdləri XX əsr boyu davam etmişdir. 1917-ci ildə Rusiyada baş verən inqilabi çevrilişlərdən sonra Qafqazda yaranan xaotik vəziyyət ermənilərə öz mənfur planlarını həyata keçirmək üçün imkan yaratdı. Erməni daşnak dəstələri bolşeviklərlə ittifaq quraraq Bakıda və Azərbaycanın digər bölgələrində hakimiyyəti ələ keçirməyə, Azərbaycan xalqının müstəqillik ideyalarını boğmağa çalışaraq, Bakını və neft yataqlarını nəzarətə almaq üçün kütləvi qırğınlara başladılar.

31 mart-3 aprel 1918-ci il tarixlərində Bakıda və ətraf kəndlərdə erməni silahlı dəstələri bolşeviklərin himayəsi altında yerli azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı aktı törətdilər. Müxtəlif bəhanələrlə başlanan qırğınlar zamanı on minlərlə dinc azərbaycanlı qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan edildi. Şahidlərin xatirələrinə və tarixi sənədlərə əsasən, erməni daşnak dəstələri uşaq, qadın, qoca demədən hər kəsi amansızlıqla öldürürdülər. İnsanlar diri-diri yandırılır, evlərinə od vurulur, məscidlər və tarixi abidələr dağıdılırdı. Bu soyqırımı nəticəsində Azərbaycan xalqı böyük itkilər verdi. Müxtəlif mənbələrə görə, mart hadisələri zamanı Bakı quberniyasında 30 mindən, Şamaxıda 8 mindən, Qubada isə 16 mindən çox, Naxçıvan bölgəsində (1918-1921-ci illərdə) 73727 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Erməni daşnak-bolşevik dəstələri qırğınları Azərbaycanın digər bölgələrinə də yaydılar. Şamaxı qəzasında 58 kənd, Qubada 122, Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtı zonasında 76 kənd yandırılaraq dağıdılmış, əhaliyə amansız divan tutulmuşdu. 1918-1920-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlı ermənilərin törətdiyi soyqırımın qurbanı olmuşdu. Kürdəmir, Salyan, Lənkəran, Göyçay və digər qəzalarda da minlərlə dinc insanın vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunan soyqırım zamanı minlərlə ev yandırılmış, mədəniyyət abidələri dağıdılmışdı. 

Bu dövrdə ermənilər tərəfindən Cənubi Azərbaycana pənah aparan 45 mindən çox qaçqın aclıq və xəstəlikdən ölmüş, 70 min qaçqın İranda, 400 min nəfər isə Naxçıvanda evsiz-eşiksiz, açıq havada qalmışdı. 1918-ci ilədək Qərbi Azərbaycanda yaşayan 575 min nəfər Azərbaycan türkündən Xalq Cümhuriyyətinin süqutu ərəfəsində cəmi 10 min nəfərdən bir qədər artığı sağ qalmışdı. 1922-ci ildə 60 min nəfər qaçqın öz yurdlarına qayıtdıqdan sonra Qərbi Azərbaycanda soydaşlarımızın sayı 72596 nəfər təşkil etmişdi.

1918-ci il qırğınlarının miqyası o qədər böyük və faciəli idi ki, həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra mart hadisələrinə xüsusi diqqət yetirildi: Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyanın araşdırdığı soyqırım cinayətlərini ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Cümhuriyyətin Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradıldı. 1919-cu və 1920-ci ilin mart ayının 31-i iki  dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına siyasi qiymət vermək cəhdi kimi əhəmiyyətli olsa da, Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi.

Sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı ermənilərin qanlı soyqırım cinayətləri və deportasiya siyasəti davam etdirildi. 1930-cu illərin dəhşətli repressiyasının və II Dünya müharibəsinin ağır nəticələri cəmiyyət tərəfindən həzm edilməmiş, SSRİ Nazirlər Sovetinin sədri İ.Stalinin imzası ilə “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli, “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi üzrә tәdbirlәr haqqında” 10 mart 1948-ci il tarixli və 1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” 6 sentyabr 1950-ci il tarixli qərarları qəbul edildi. Bu qərarlarla həmin vaxt Qərbi Azərbaycanda yaşayan 110 min azərbaycanlıdan (25 min ailə) 100 min nəfərinin 1948-1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu. Nəticədə 1948-1953-cü illər ərzində Ermənistan SSR-dən 53 min nəfər (11914 ailə) Kür-Araz ovalığına köçürüldü. Bundan sonra isə ermənilər 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar: Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirildi, qədim toponimlər müasir erməni adları ilə əvəz olundu.

1987-ci ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrindən istefa verməsindən sonra bu böyük şəxsiyyəti öz məkrli planları qarşısında aşılmaz qaya hesab edən ermənilər yenidən sovet rejiminin imkanlarından istifadə edərək həyata keçirdikləri əvvəlcə Qərbi Azərbaycandan soydaşlarımızın qovulması prosesinə, daha sonra isə keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərin işğalına başladılar. antiazərbaycan təbliğatına 1980-ci illərin ortalarında daha da güclənib. Nəticədə 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – indi Ermənistan adlanan ərazidən 250 min azərbaycanlı qaçqın düşdü. Mənfur düşmənin Azərbaycan torpaqlarını işğal etməsi ilə qaçqınların və məcburi köçkünlərin sayı 1 milyon nəfəri ötdü. I Qarabağ müharibəsində xalqımız 20 mindən artıq şəhid verdi, 50 min azərbaycanlı yaralandı, 4 mindən çox insan itkin düşdü.

Uzun illər boyu sovet rejiminin təzyiqi altında bu soyqırım və deportasiya tarixinin ilk üç mərhələsi haqqında danışmaq qadağan edilmişdi. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həqiqətlərin üzə çıxarılması üçün addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev əvvəlcə 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzaladı. Fərmanda deyilirdi: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. XIX-XX əsrlərdə ermənilərin xalqımıza qarşı yürütdüyü qəsbkarlıq, soyqırımı və deportasiya siyasətinin əsl mahiyyətinin amıldığı həmin Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Bu baxımdan fərqli zamanlarda baş vermiş hadisələri  vahid bir soyqırımı zənciri və məqsədyönlü siyasət kimi xarakterizə edən fərman son iki əsrdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlara, deportasiyalara və etnik təmizləmə siyasətinə dövlət səviyyəsində verilmiş ilk rəsmi siyasi qiymətdir. 31 mart tarxinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi unudulmuş tarixi həqiqətlərin bərpasına, gənc nəslin milli yaddaşının formalaşmasına xidmət etmiş, uzun illər qapalı qalan arxivlərin tarixçilər üçün açılmasına və soyqırımı faktlarının elmi əsaslarla araşdırılmasına böyük təkan vermişdir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hüquqi baza yaratmış, erməni millətçiliyinin mahiyyətini ifşa edən diplomatik və informasiya fəaliyyətinin əsasını qoymuşdur. Beləliklə, bu fərman təkcə hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının milli azadlıq mübarizəsinə və ərazi bütövlüyü uğrunda apardığı siyasi-ideoloji savaşa verilən mühüm dəstək kimi çox əhəmiyyətli olmuşdur.

1998-ci ildən başlayaraq hər il mart ayının sonuncu günü Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Mütəmadi şəkildə dövlət başçısı tərəfindən xalqımıza müvafiq müraciət ünvanlanır, soyqırımının yubiley tarixləri xüsusi sərəncamla tarixiləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soyqırım Günü ilə bağlı 2005-ci il martın 29-da etdiyi müraciətdə deyilirdi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tədbirlər planının hazırlayıb icra etmiş, Azərbaycan Respublikasının Milli Məclisi xüsusi iclas keçirmişdi.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq kimi birləşən xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında iki əsrlik düşmən məkrini ifşa və məhv edərək, ermənilərin torpaqlarımıza təcavüzünün son mərhələsində işğal etdikləri bütün torpaqlarımızı azad etdi. Ermənilər və havadarları XX əsrdə xalqımıza qarşı törətdikləri bütün cinayətlərin layiqli cavabını döyüş meydanında aldılar. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrın 19-20-dəki bir günlük lokal antiterror əməliyyatı ilə son iki əsrdə ilk dəfə Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından qurtararaq əslində soyqırımı və deportasiya tarixinin davam etməsinin nəinki birdəfəlik qarşısını aldı, hətta bu tarixin axarını da müəyyən mənada əks istiqamətə çevirmiş oldu. Belə ki, 1923-cü ilin iyulunda ermənilər üçün məxsusi olaraq yaradılmış qondarma “Dağlıq Qarabağ” inzibati-coğrafi anlayışı da Azərbaycan coğrafiyasından tam silindi.

Bununla belə, xalqımız özünə qarşı amansızcasına törədilən qanlı cinayətləri, soyqırımı və deportasiya tarixini bir daha unutmamalı, daim özünün qan yaddaşında təzə saxlamalıdır. Ulu Öndər Heydər Əliyevin 2003-cü il martın 30-da xalqımıza müraciətində deyildiyi kimi: “...Xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Beləliklə, soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmaq, erməni millətçilərinin törətdiyi vəhşilikləri unutdurmamaq və beynəlxalq ictimaiyyətə çatdırmaq böyük əhəmiyyət kəsb edir. Tarixi dərslərdən nəticə çıxarmaq, gələcək nəsillərə həqiqətləri çatdırmaq və oxşar faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparmaq hər bir azərbaycanlının mənəvi borcudur. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın birliyini, mübarizə əzmini və ədalət axtarışını daha da gücləndirən bir tarix kimi yaddaşlarda yaşamalıdır.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31