Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan qadını: tarixilik və müasirlik

Azərbaycan qadını: tarixilik və müasirlik

17.08.2018 [09:04]

Bu gün əksər ölkələrdə qadınlar cəmiyyət həyatında mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişlənib. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırıb. Sosial həyatda qadınlara yaradılan geniş imkanlar isə öz nəticəsini bir çox sahələrdə göstərir. Qadınların kişilərlə bərabər təhsil imkanlarına sahib olması cəmiyyətin inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Təhsil hüquqlarından istifadə edən qadın sosial həyatın elm, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrinin də inkişafına fayda verə bilir. Digər tərəfdən, yüksək intellektual, mədəni keyfiyyətlərə sahib olan qadınlar toplumun gələcəyi olan sağlam düşüncəli, yüksək dəyərlərin daşıyıcısı olan, savadlı yeni nəsil yetişdirirlər.
Bütün bunlara paralel olaraq, qadınların siyasi həyatdakı fəallığının artması da olduqca böyük əhəmiyyət daşıyır. Bu gün qadınlar seçib-seçilmək, dövlət strukturlarında aparıcı vəzifələri yerinə yetirmək hüququna sahibdirlər. Qadınların ictimai-siyasi həyatda rolunun artması cəmiyyətin müxtəlif sahələrində qadınların hüquqlarının bundan sonra da qorunması və genişləndirilməsi baxımından həlledici qərarların qəbuluna imkan yaradır.
Lakin bunlar heç də asanlıqla və birdən-birə baş verən proses olmayıb. Seçib-seçilmək, təhsil, iqtisadi mühit, iş imkanları, gəlir, ailə şəraitində vacib hüquqlara sahib olmaq uğrunda müxtəlif ölkələrdə qadınlar onilliklərlə davam edən gərgin mübarizə aparıblar. Məlum olduğu kimi, Avropada və Şimali Amerikada XIX əsrin sonu - XX əsrin əvvəllərində geniş vüsət alan qadın hərəkatının əsas tələbi qadınlara səsvermə hüququnun verilməsi idi. Sufrajistlər hərəkatı (suffrage - səsvermə hüququ) bəzi Qərb ölkələrində XX əsrin ortalarınadək, yəni qadınların kişilərlə bərabər seçki hüquqlarına sahib olmasınadək davam edib.
Aparıcı Qərb dövlətlərindən fərqli olaraq, Azərbaycanda qadınların siyasi hüquqları uğrunda kütləvi mitinqlər keçirilməyib, radikal addımlar atılmayıb. Lakin həmin ölkələrin bir çoxu ilə müqayisədə Azərbaycan qadınları səsvermə hüququnu daha öncədən əldə ediblər. Belə ki, Şərqdə ilk demokratik respublika quran Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib. Müqayisə üçün bildirək ki, ABŞ-ın bütün ərazisində qadınlara səsvermə hüququ 1920, Böyük Britaniyada 1928, Fransa və İtaliyada 1945, Yunanıstanda 1952-ci ildə verilib.
Tarixən də Azərbaycan qadını özünün cəsarəti, mərdliyi ilə seçilib. Qədim dastanlarımızdakı qadın obrazları da Azərbaycan qadınının nüfuzundan, siyasi-ictimai məsələlərdəki mühüm rolundan xəbər verir.
Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikasında həyata keçirilən gender siyasəti tarixi ənənələr və müasir dövrün tələbləri ilə uzlaşır. Ümumiyyətlə, müstəqil Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda qadın hərəkatı yeni vüsət almış, Azərbaycan qadınları dünyada qadın hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində getmişlər.
Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapıb. Eyni zamanda, gender siyasətinin daha da inkişaf etdirilməsi üçün ölkəmiz gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub.
Müstəqilliyimizin ilk illərində həmçinin böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Beləliklə, 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalandı ki, bu sənədlər də qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Ölkəmizdə qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti böyükdür.
Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, qadın siyasəti sahəsində də Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət başçısının 9 avqust 2006-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edildi. Əsasnaməyə əsasən, Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin edərək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu. Komitə bu sahədə Dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar qaçqın və məcburi köçkün ailələrindən olan yüzlərlə yeniyetmə xarici dil, kompüter və peşə kurslarında təlim keçib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 10 ildən artıqdır ki, “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla həyata keçirilir. Filmlər festivalının keçirilməsinin əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır. Festivala təqdim olunan yüzlərlə film arasında xarici rejissorların əsərləri də yer alır.
Ölkəmizdə gender siyasətinə dair əhatəli hüquqi baza mövcuddur. Belə ki, qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Qəbul olunmuş bir sıra Dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərinin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir. Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən biri ailə, qadın və uşaq məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğu, ailə institutunun daha da möhkəmlənməsi dövlətin uğurlu gender siyasəti həyata keçirdiyini bir daha təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin əvvəlinə ölkə əhalisinin 50,1 faizi və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edir. Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi (orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi), həkimlərin 65,7 faizi qadınlardır. Orta məktəblərdə şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır. Elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Milli Məclisdə qadınların xüsusi çəkisi 16,1 faizdir. 2014-cü ildə keçirilmiş son bələdiyyə seçkilərində 5236 nəfər qadın bələdiyyə üzvü seçilib. Bütün bu göstəricilər qadınlarımızın ildən-ilə fəallığının artmasının bariz nümunəsidir.
Bu məqamda xüsusi olaraq qeyd etmək yerinə düşər ki, özünün çoxşaxəli fəaliyyəti, liderlik keyfiyyətləri ilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan qadınını böyük uğurla təmsil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri ilə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yönündə tədbirlər həyata keçirir.
Beləliklə, bu gün qadınlara, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində verilən dəstək sayəsində Azərbaycan qadın hüquqları ilə bağlı məsələlərdə sürətli irəliləyişə nail olan ölkələrdəndir. Bu isə ölkənin inkişafını sürətləndirən amil kimi çıxış etməklə yanaşı, Azərbaycan xalqının dünyanın modern və sivil cəmiyyətləri arasındakı yerini təsbit edir.
Zahid İLHAMOĞLU

Paylaş:
Baxılıb: 834 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31