Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Rzayev: VIII Qurultay partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi

Tahir Rzayev: VIII Qurultay partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi

07.10.2026 [13:07]

“Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bu qurultay, eyni zamanda, partiyanın ötən dövrdə keçdiyi tarixi-siyasi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və qarşıdakı mərhələdə qarşıya qoyulan vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər də göstərdi ki, YAP-ın fəaliyyəti yalnız ölkənin siyasi həyatında deyil, Azərbaycanın regional və beynəlxalq mövqeyinin möhkəmlənməsində də mühüm rol oynayır”. Bu fikirləri Milli Məclisin komitə sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilib. Çünki Azərbaycanın son illərdə keçdiyi yol dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biridir. Dövlət başçısının çıxışında YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyi xüsusi vurğulandı. Partiyanın 1992-ci ildə olduqca mürəkkəb ictimai-siyasi şəraitdə yaradılması həmin dövrdə cəmiyyətdə formalaşmış siyasi tələbin ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən mütərəqqi və dövlətçilik düşüncəli insanların fəaliyyəti Azərbaycanın sonrakı inkişaf mərhələsinin siyasi əsaslarının formalaşmasına ciddi təsir göstərdi. Bu baxımdan YAP-ın təsis qurultayını Azərbaycanın sonrakı qələbələrinə aparan siyasi proseslərin başlanğıc nöqtələrindən biri kimi səciyyələndirmək mümkündür.

Komitə sədri bildirib ki, Ulu Öndərin siyasi irsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, dövlətçilik, milli birlik və iqtisadi müstəqillik bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin də qurultaydakı çıxışında bildirdiyi kimi, illər ərzində taktiki və hətta müəyyən strateji məqsədlər dəyişə bilər, lakin siyasi xəttin əsasını təşkil edən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi prinsipləri dəyişməz olaraq qalır. Bu siyasətin nəticələri bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücündə özünü aydın şəkildə göstərir. 

“Bu gün həmin tarixi qələbənin nəticələri artıq yalnız hərbi-siyasi müstəvidə deyil, sosial-iqtisadi və humanitar müstəvidə də özünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyev qurultayda bildirdi ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və Böyük Qayıdış bundan sonrakı illərdə daha da sürətlənəcək” – deyən Tahir Rzayev əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesi yalnız şəhər və yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının yenidən dövriyyəyə cəlb edilməsi, torpaqların iqtisadi fəaliyyətə qaytarılması, müasir aqrar infrastrukturların yaradılması və kənd təsərrüfatı istehsalının genişləndirilməsi Azərbaycanın qarşıdakı inkişaf gündəliyində mühüm yer tutur. Bu ərazilərin iqtisadi potensialının səmərəli şəkildə reallaşdırılması həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionların dayanıqlı inkişafına töhfə verəcək.

YAP Veteranlar Şurasının üzvü diqqətə çatdırıb ki, qurultayda səslənən digər mühüm fikir Azərbaycanın gələcək təhlükəsizliyi ilə bağlıdır. Prezident İlham Əliyevin dediyi kimi, müharibə və qarşıdurmaların genişləndiyi indiki beynəlxalq şəraitdə hərbi potensialın daha da gücləndirilməsi əsas vəzifələrdən biridir. Azərbaycan sülhə nail olmaqla yanaşı, öz təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə imkanlarına malik olmalıdır. Digər tərəfdən, bu gün ideoloji işin gücləndirilməsi də olduqca aktualdır.

“Prezident İlham Əliyevinin çıxışında ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin, süni intellektin və rəqəmsal kommunikasiya imkanlarının sürətlə genişlənməsi informasiya məkanında yeni çağırışlar formalaşdırır. Belə şəraitdə cəmiyyətin maariflənməsi, gənclərin sağlam informasiya mühitində yetişməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdəndir. Bu istiqamətdə təhsil və vətənpərvərlik xüsusi əhəmiyyət daşıyır. Partiyamızın üzvləri bu məsələdə daha da fəal olmalıdır. Bütövlükdə, VIII Qurultay partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu vəzifələri layiqincə yerinə yetirmək bütün siyasi həmfikirlər üçün böyük məsuliyyətdir” – deyə, T.Rzayev vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31