Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİLASKAR və AÇAR ÖLKƏ – Xanım Kallasın səfərinə sözardı

XİLASKAR və AÇAR ÖLKƏ – Xanım Kallasın səfərinə sözardı

06.05.2026 [20:34]

İtaliyanın baş naziri Corciya Meloninin səfərindən bir gün sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizi hədəfə alan qüvvələrə qarşı tutarlı cavab oldu.

Bu ilin yanvarında Avropa Şurası Parlement Assambleyası sanksiya tətbiq etdiyi Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmişdi. Aprelin 30-da isə Avropa İttifaqı son yarım ildə ölkəmiz əleyhinə sayca ikinci qətnaməsini qəbul etdi. Bu, təkcə 2021-ci ildən bəri 14-cü qətnamə idi. Təsəvvür edin, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra təxminən ilə 3 qətnamə (!!!) qəbul ediblər. Bu, beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə meydan oxumaq, dəyərləri tapdalamaq, terrorizmi, vandalizmi, işğalı stimullaşdırmaqdır! Torpaqlarımız işğal altında olanda 1 milyon azərbaycanlı qaçqın-köçkün, 20 faiz ərazi itkisi, darmadağın edilmiş 300-dən artıq şəhər, qəsəbə, kənd, yer üzündən silinmiş tarixi, mədəniyyət abidələri, talanmış yeraltı, yerüstü sərvətlər, donuz tövləsinə çevrilmiş məscidlər...daha nələrlə bağlı neçə qətnamələri olub bu “gülməşəkər” təşkilatların?! Həm AŞPA-nın, həm də Avropa Parlamentinin qətnamələrinin qayəsində Qarabağ separatçılarının başında dayanan liderlərin azad edilməsi, öz xoşları ilə çıxıb getmiş ermənilərin qaytarılması, yenidən ölkələr və xalqlar arasına nifaq toxumunun salınması dayanır.

vUx9VAJbCBOgY2JQgcGzQMaQFP6ljC1FmVc2sdK3_1200.jpg (80 KB)

Özlərini “demokratik təşkilatlar” adlandıranların belə bir antiinsani, anti-humanist mövqeləri lənətlənməyə layiqdir və Azərbaycan haqlı olaraq o təşkilatlardan məsafə saxlayır. Artıq yenidən tövbə etmələri də nəyisə dəyişməyəcək qənaətindəyik, çünki 2015-ci il böhranından sonra Bakıya gəlib, əfv diləmiş, üzrxahlıq etmişdilər, amma yenə də “val”ı dəyişdilər, mahiyyətləri dəyişmədi.

Azərbaycan dövləti onun maraqlarına hörmət edənlərlə əməkdaşlığını davam etdirəcək, necə ki, son vaxtlar ölkəmizə səfər edənlər qarşılıqlı olaraq bu münasibəti gördülər.

Aprel ayının son günlərində paytaxtımıza səfər edənləri xatırlayaq: Latviya Respublikasının prezidenti Edqars Rinkeviçs, Çexiya Respublikasının baş naziri Andrey Babiş, Ukrayna prezidenti Volodimir Zelenski...Və mayın ilk günlərində İtaliyanın baş naziri xanım Meloninin ardınca Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas böyük nümayəndə heyəti ilə birgə Azərbaycana gəldi, yüksək səviyyədə görüş keçirdi.

PmN2CsFyOW8MJDqkpFg8CFvD6K96LaB0wlepTfhh_1200.jpg (50 KB)

Həm Prezident İlham Əliyevlə, həm də xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycan – Avropa Komissiyası münasibətlərindən məmnunluq ifadə olundu. Necə ki, bundan əvvəlki günlərdə ölkəmizə səfər edən liderlər rəsmi Bakı ilə əlaqələrin dinamikasından razılıqlarını ifadə etmişdilər. Görüş zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib. Kaya Kallas Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırmaqla da anti-Azərbaycan çevrələrin qanını qaraldıb çox güman ki...

Rəsmi məlumatda qeyd olunub ki, Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub. Xanım Kallas Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib. AŞPA və Avropa Parlamentindəki ermənipərəstlərə “Avropa şilləsi”dir.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərindən bəhs olunması, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olmasının xüsusi vurğulanması səfərin önəmini daha da artırır.

Diqqət edin, Azərbaycanı hədəfə alan qüvvələrə cavab olaraq Azərbaycan qazının Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatması Prezident tərəfindən avropalı qonağın nəzərinə çatdırılıb. Dünyanın aparıcı dövlətlərinin yolu Azərbaycandan keçir...

cOiSfemWdAK0ihwoEON8iN4dEbdr46DoDdJtBLV2_1200.jpg (90 KB)  

Kaya Kallasın səfəri Avropa İttifaqı-Azərbaycan münasibətlərinin etimadlı əsaslarla və dinamik inkişafının növbəti təsdiqi oldu. Bu, həm də ondan xəbər verir ki, Avropa Parlamentində olan müxtəlif qruplar Azərbaycan-Aİ münasibətlərinə xələl vurmağa çalışsalar da, məqsədlərinə çatmayacaqlar. Faktiki olaraq Avropa İttifaqının icraedici strukturları, xüsusilə Avropa Komissiyası ilə Azərbaycan arasında sıx və davamlı əməkdaşlıq mövcuddur. Ermənistanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsindən sonra Kaya Kallasın Azərbaycana səfər etməsi münasibətlərin yüksək səviyyədə davam etdiyini bir daha təsdiqləyir. AŞPA və Avropa Parlamentindəki ermənipərəstlərin anti-Azərbaycan mövqelərinə İrəvan-Bakı marşrutlu səfər ciddi bir cavab oldu. Ötən illərdə də xanım Kallas Azərbaycanda səfərdə olub və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlər keçirib. Liderlər və təşkilatlar səviyyəsində yüksək etimadın olması bir sıra hallarda anti-Azərbaycan çevrələri narahat edir, amma nə qədər narahat olsalar, daha yaxşıdır, yanlışı özlərində, riyakar davranışlarında, qərəzli siyasətlərində aparsınlar! Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır, bunu görməzdən gəlmək anormallıqdır. Azərbaycan qazının hesabına qızın, təchiz olun, amma digər tərəfdən də ölkəmizin suveren hüquqlarına müdaxiləyə cəhd et, bu, qəbulolunmazdır!

AVROPA İTTİFAQI.jpg (101 KB)

İşğal dövründə Azərbaycana qarşı daha genişmiqyaslı hücumlar var idi. O zaman Azərbaycan Prezidenti Avropa İttifaqına üzv ölkələrin diplomatları ilə görüşdə prinsipial mövqeyini bəyan etmişdi: təxminən belə, Qarabağla bağlı şübhəsi olanlar gözümüzə görünməsinlər! Bir çoxları dərsini aldı və 44 günlük müharibədən sonra da Zəfərimizə sayğılı yanaşdı. Avropa İttifaqı-Azərbaycan münasibətləri əsasən siyasi dialoq üzərində qurulub və bu, rəsmi Bakının ədalətli mövqeyinə normal münasibətin məntiqi nəticəsidir. Avropa İttifaqı rəhbərliyi ilə Prezident İlham Əliyevin birgə qəbul etdiyi sənədlər bu münasibətlərin strateji xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən Zirvə görüşündə prezident Koştaya təşəkkürlə başladı. Bu münasibətləri daha irəli aparmaq üçün həm siyasi iradə, həm də potensial mövcuddur. Ölkəmizə səfər edən Avropa İttifaqının önəmli ölkələrindən birinin, İtaliyanın baş naziri xanım Meloninin Azərbaycanla hərbi əməkdaşlıq və digər sahələrdə əməkdaşlıq etmək niyyəti də ondan xəbər verir ki, qaramıza deyinənlər, ayağımızın altını qazanlar olsa da, qarşımızı kəsə bilməyəcəklər! Bir vaxtlar Azərbaycanla hərbi əməkdaşlıq etməkdən imtina edənlər də məmnuniyyətlə bütün sahələrdə əlaqələr qurmağa səy göstərirlər. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasəti, bölgənin lider ölkəsi, böyük potensialı və dövlət başçısının yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsidir.

Eləcə də Kaya Kallasın səfəri zamanı nəqliyyat, enerji təhlükəsizliyi və təhlükəsizlik dialoqundan bəhs olunması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasının təkrar-təkrar vurğulanması, Xəzər regionunda baş verən proseslər fonunda Azərbaycanla əməkdaşlığın əhəmiyyətinin xüsusilə qabardılması bir çoxları üçün ismarışdır.

DAHLİZ.jpg (240 KB)

Avropa İttifaqının və Avropa Komissiyasının Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələrə, həmçinin TRIPP – Zəngəzur dəhlizinə artan marağı, regionda kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin dəyərləndirilməsi də bölgənin lider dövlətinin boyuna yaraşan gedişatdır. Elə İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində nəzərlərin Azərbaycan paytaxtına, Prezident İlham Əliyevin çıxışına yönəlməsi də bölgənin açarının Bakıda olduğunu bir daha təsdiqlədi. Bakı və İrəvan arasında körpülər atılır, amma biriləri ortaya çıxıb, aranı qarışdırmaq istəyir.

SULHU SON.jpg (104 KB)

Avropa İttifaqının ardınca Ermənistan da Rusiya asılılığından xilas olmağın yolunu...Azərbaycan qazının idxalında görürsə, AŞPA və Avropa Parlamentindəki zəhlətökənliyə nə zərurət var?! Azərbaycan enerji sahəsində region ölkələri üçün mühüm tərəfdaş olaraq çıxış edir və hətta Ermənistanın da enerji təhlükəsizliyinə töhfə verir. Yaxın Şərqdə yaranmış vəziyyətin fonunda Ermənistan enerji qıtlığı ilə üzləşə bilərdi, Azərbaycanın sayəsində bu baş vermədi, Ermənistanda enerji qiyməti sabit qalıb, Paşinyan dəfələrlə təşəkkür edib. Bir zamanlar Gürcüstanı donmaqdan xilas edən Azərbaycan bu gün Ermənistan üçün XİLASKAR ÖLKƏYƏ çevrilib! Vaxtilə “Qarabağın açarı”nın axtarışı gedirdi. Amma təkbaşına, öz gücü ilə bu problemi həll edən Azərbaycan dövləti indi nəinki Cənubi Qafqazın, ümumiyyətlə, Avropa və Asiya arasındakı ASAN əlçatanlıq baxımından AÇAR DÖVLƏTə çevrilib. Bu ölkənin qarşısına sədd çəkmək istəyənlərin tezliklə ayılması, islah olunması lazımdır: onların hərbi və maliyyə dəstəyi ilə qurulan “Ohanyan səddi”ni keçmək üçün bizə uzun vaxt lazım olmadısa, bundan sonra da maneə ola bilməyəcəklər! Ümid edək ki, xanım Kallas və digərləri Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə öz yerlərini göstərəcəklər...

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31