Azərbaycan iqtidarı ölkəmizdə mətbuat və söz azadlığının təminatçısıdır
22.07.2011 [01:22]
- Bəxtiyar müəllim, bəlli olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ili tamam olur. Bu müddət ərzində bütün sahələrlə yanaşı, mətbuat sferasının da inkişafı nəzərəçarpacaq səviyyədə olub. İstərdik söhbətimizə məhz müstəqilliyimizin ilk illərindəki mətbuatımızın vəziyyətinin təhlili ilə başlayaq.
- Bildiyiniz kimi, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı yubiley tədbirləri keçirilir. Bununla bağlı Prezident İlham Əliyev yanvar ayının 21-də xüsusi Sərəncam imzalayıb. Onu qeyd edim ki, bu Sərəncamda Azərbaycanın 20 il ərzində keçdiyi inkişaf yoluna çox böyük qiymət verilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının müstəqilliyi 18 oktyabr 1991-ci ildə elan olundu. Amma hər kəsə bəllidir ki, o zaman Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı. çünki hakimiyyətdə olanlar xaricdən daxil olan direktivlər əsasında idarə olunurdu, müstəqil şəkildə daxili və xarici siyasət yürüdülmürdü. Qlobal çağırışlarla milli maraqları uzlaşdıra bilməyən səriştəsiz “siyasətçilər”in “fəaliyyəti” nəticəsində ölkəmizin iqtisadiyyatı tamamilə çökdü, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində sosial sahədə total böhran başladı və bu tendensiya xaosa gətirib çıxardı. Xalqın ən böyük arzusu sayılan müstəqillik əldə olunsa da, onun qorunub saxlanılması və möhkəmləndirilməsi bəzi qüvvələrin korporativ maraqları ucbatından həyata keçirilmirdi. Yalnız 1993-cü ildə xalqın arzu və tələbi ilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra müstəqilliyin qorunub saxlanılması istiqamətində böyük quruculuq prosesi başlandı. 1995-ci ildə baş müəllifi ümummilli lider Heydər Əliyev olan yeni Konstitusiyanın qəbul edilməsilə Azərbaycanın gələcək inkişafının fundamental hüquqi əsası yaradıldı. Bu Konstitusiyada göstərilirdi ki, Azərbaycan bazar iqtisadiyyatını və demokratik prinsipləri inkişafının əsası kimi götürərək hüquqi, demokratik, unitar və dünyəvi dövlət quruculuğu yolu ilə gedəcəkdir.
Əlbəttə ki, demokratiyanın əsas tələblərindən biri də söz və məlumat azadlığı, müstəqil mətbuatdır. 16 il öncə qəbul edilmiş Konstitusiyada da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilmişdir. Konstitusiyanın 47-ci maddəsində qeyd olunur ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.
Konstitusiyanın 50-ci maddəsi isə məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Göründüyü kimi, bununla da hələ o zaman Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil mətbuatın formalaşması prosesinə start verilmişdi.
Amma hələ müstəqilliyimizin ilk illərində mətbuat sahəsindəki vəziyyət olduqca ağır idi. Apardığım bölgüyə əsasən mən müstəqil Azərbaycanın mətbuatının inkişafındakı birinci mərhələni 1988-1998-ci illərə aid edirəm. Bu illəri müstəqil mətbuatın meydana gəlmə dövrü adlandırmaq olar. Bu mərhələdə fəaliyyət göstərən mətbuat orqanlarının əksəriyyəti Sovet dönəmindən qalanlar idi. Bir çox qəzetlərdə hələ də partiya ab-havası, totalitar rejimin ünsürləri özünü göstərirdi, senzura nəzarəti qalırdı.
Düzdür, sonradan milli-azadlıq hərəkatından ruhlanan bəzi qəzetlər meydana gəlməyə başlamışdı. Lakin qeyri-ənənəvi formada çap olunan bu qəzetlərin fəaliyyəti üçün hüquqi baza yox idi. Hətta müstəqilliyin ilk illərində belə Sovet dövründə qəbul edilmiş mətbuat haqqında qanun fəaliyyət göstərirdi. Azərbaycanda həmin dönəmdə söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası olmadığından həmin müstəqil qəzetlərin də fəaliyyətinə qeyri-qanuni müdaxilələr olurdu. Bu dövrdə senzuranın da olması müstəqil mətbuatın fəaliyyətini bərbad vəziyyətə salırdı. Bir sözlə, müstəqil mətbuat orqanları olsa da, onlar müstəqilliklərini reallaşdıra, azadlığı fəaliyyətlərində sərgiləyə bilmirdilər.
İstər A.Mütəllibovun, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə senzura hələ də qalırdı, azad mətbuat müxtəlif müdaxilələrlə üzləşir, hətta bu sahədə fəaliyyət göstərən jurnalistlərin həyatları təhlükə altına düşürdü. özlərini demokratlar adlandıran AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdiyi zamanda mətbuat sahəsində daha dəhşətli hadisələr baş verməyə başladı. Onlar daha bir maneə - hərbi senzura adlı sədd yaratmaqla müstəqil mətbuatın fəaliyyətini həddindən artıq məhdudlaşdırdılar. Hətta o dövrki daxili işlər naziri sərbəst fikir bildirdiyinə görə jurnalisti tutub maşının yük yerinə salırdı və ya müxbirin yazısı dərc olunmuş qəzeti özünə yedizdirirdi. Göründüyü kimi, 1993-cü ilə qədər müstəqil mətbuat normal fəaliyyət göstərə və ictimai-siyasi proseslərdə iştirak edə bilmirdi.
Amma 1995-ci ildə ümummilli liderimizin birbaşa rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasının qəbulu zamanı ortaya qoyulan iradə digər hüquqi sənədlərin ərsəyə gəlməsində də özünü göstərdi. Mətbuat azadlığına verilən yüksək dəyər mətbuatın daha çox azadlıqlar almasına və müstəqil fəaliyyətinə zəmanət verən yeni qərarların qəbulunu şərtləndirirdi. Belə ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının inkişafında bir inqilab sayılan “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı imzalandı. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapıb. Bu Fərmanın bir bəndilə isə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu isə 1990-cı illərin əvvəllərində ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi. Bununla da, mətbuat azadlığının, söz azadlığının, jurnalistikanın müstəqil inkişafı üçün yeni üfüqlər yarandı. Azərbaycanda sözün həqiqi mənasında müstəqil mətbuat formalaşmağa başladı.
- Qeyd etdiniz ki, müstəqillik dönəmində Azərbaycan mətbuatının inkişaf tarixində dönüş nöqtə senzuranın ləğvi ilə oldu. Bəs, bu mərhələdən sonra hansı addımlar atıldı?
- Bəli, senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafında yeni mərhələ açdı. O zaman ümummilli lider Heydər Əliyev senzuranın ləğvi ilə bağlı çox cəsarətli bir addım atanda çoxları bunu vaxtı çatmamış məsələ hesab edirdi. Hətta müxalifət partiyaları da belə bir cəsarət gözləmirdilər. Müxalifət qəzetləri səhifələrində yazmağa başladılar ki, Azərbaycan iqtidarı bizi cəzalandırmaq üçün bu addımı atıb. çünki senzura müxalif mirzələrinin yazılarındakı təhqir elementlərini çıxarmaqla həm də onları “qoruyurdu”. Amma düşünmürdülər ki, müstəqil mətbuat dedikdə, kimisə təhqir etmək, şərləmək nəzərdə tutulmur. Görünür müxalifət qəzetləri özlərini senzura ilə sığortalamağa çalışırdılar...
Aydındır ki, 1998-ci ilə qədər qarşıda daha vacib məsələlər dururdu. çünki atəşkəs yenicə əldə olunmuşdu, müxtəlif xarici qüvvələrin sifarişlərini yerinə yetirən silahlı dəstələr zərərsizləşdirilmişdi. Belə şəraitdə, ilk növbədə, müstəqilliyi möhkəmləndirən addımlar atılmalı, iqtisadi və sosial inkişaf təmin edilməli idi. Amma Ulu öndər Heydər Əliyev qətiyyətli addım ataraq müstəqil Azərbaycan mətbuatının inkişafı üçün real şərait yaratdı, mətbuat sahəsinin digər sferalarla paralel inkişafını təmin etdi. Artıq bu gün hər kəs anlayır ki, ümummilli liderimizin 13 il öncə atdığı addım müstəqil Azərbaycan mətbuatının yaranmasında və formalaşmasında mühüm rol oynadı.
Bundan sonrakı mərhələdə isə jurnalistlərin fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması prosesi başlandı. Bildiyimiz kimi, ikinci dəfə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu. Jurnalistin azad çalışmasını və sərbəst, maneəsiz informasiya toplamasını təmin edən digər qanunlar fəaliyyətə başladı.
Eyni zamanda, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2000-ci il iyulun 30-da “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlandı. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu. Bütün bu qanunlar, sərəncamlar və fərmanlar birbaşa Ulu öndərin təşəbbüsü ilə ərsəyə gəlmişdi. Söylədiklərim isə mətbuatın inkişafının ikinci mərhələsinə aiddir...
- Bəxtiyar müəllim, mətbuata dövlət nəzarətinin aradan qaldırılması və Mətbuat Şurasının yaradılması da müəyyən mənada mətbuatın inkişafında rol oynadı. Siz necə düşünürsünüz, Mətbuat Şurasının yaradılması inkişaf prosesinə nə dərəcədə təsir etdi?
- Bəli, mətbuatın dövlət nəzarətindən çıxarılması və Mətbuat Şurasının yaradılması dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə milli mətbuatımızın inkişafının üçüncü mərhələsinə aiddir. Bu da inkişaf prosesində vacib mərhələ idi. çünki senzuranın ləğvi elə dövlətin mətbuat üzərindəki nəzarətinin aradan qaldırılması demək idi. Amma zaman keçdikcə, KİV-lərin müəyyən problemləri meydana çıxırdı ki, bütün bunlarla da hər zaman dövlət məşğul olmalı deyildi. Ona görə də, mətbuatın bu və ya digər məsələlərini tənzimləyən birbaşa orqan - Mətbuat Şurasının yaradılması vacib idi.
Mətbuat Şurası fəaliyyət göstərdiyi müddətdə bir çox problemləri həll etməli oldu. İqtisadi-sosial, ictimai-siyasi proseslər çərçivəsində bizim istəyimizdən asılı olmayaraq, mətbuat bir neçə istiqamətdə inkişaf edirdi. Formalaşmış mühitdə iqtidar, müxalifət və müstəqil mətbuat orqanları fəaliyyət göstərirdi. Lakin dördüncü istiqamət yarandı ki, bu da “reket” mətbuat orqanları ilə bağlıdır.
Bu, bir faktdır ki, KİV obyektiv, operativ, tərəfsiz və qərəzsiz informasiya toplayıb yaymaqla cəmiyyətin bu məsələyə olan ehtiyacını ödəməlidir. Amma sırf şəxsi maraqlarını ödəməklə məşğul olan “reket qəzet”ləri bu prinsiplərə əməl etməklə bərabər, üstəlik müstəqil mətbuat orqanlarının imicinə də zərbə vururdu. Bu qrup mətbuat orqanları korporativ maraqlar naminə ayrı-ayrı insanları hədəf seçirdilər. Bu yolla onlar şər və böhtandan, qara piar vasitələrindən istifadə edirdilər. Məhz Mətbuat Şurası bunlara qarşı mübarizə aparmaq üçün ictimai qınaq metodunu seçdi və hər dəfə bu qrupa daxil olan qəzetlərin adını özünün tərtib etdiyi “qara siyahı”ya salır, dərc edir.
Digər problemlərdən biri də mətbuatın siyasiləşməsidir. Düzdür siyasi mətbuat orqanı ola bilər, amma mətbuatın özünü siyasiləşdirmək olmaz. Məhz bu problemlə bağlı da Mətbuat Şurası müəyyən işlər görür. Eyni zamanda, jurnalistlərin fəaliyyətini tənzimləmək üçün “Jurnalistin peşə davranışı qaydaları” qəbul edildi.
Bir sözlə, Mətbuat Şurası media sahəsindəki problemləri həll etmək, daha iri məsələlərdə dövlətə təkliflər hazırlayıb vermək missiyasını uğurla yerinə yetirir.
- Bu gün cənab Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısı nəticəsində Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz bugünkü nailiyyətlərin əldə olunmasına gətirib çıxaran tədbirlərdən danışardınız...
- Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti fəxri adlar və ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib.
Prezident İlham Əliyev tərəfindən 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiqlənib. Bu sənəd mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır.
Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait ayrılır.
Birmənalı olaraq qeyd edilməlidir ki, Fondun fəaliyyətə başlaması mətbuatın inkişafına əngəl olan bir sıra məsələlərin həlli baxımından əsl dönüş oldu. Fondun yaradılmasının başlıca üstünlüklərindən biri də odur ki, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, Fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır. Fondun həyata keçirdiyi layihələrlə mətbuatdakı qeyri-peşəkarların sıralarının seyrəlməsinə də nail olmaq mümkündür.
Göründüyü kimi, çox qısa bir dövr ərzində ölkəmizdə milli mətbuatın inkişafına yönəlmiş mütərəqqi addımlar atılıb. Amma bunlar arasında ötən il milli mətbuatımızın 135 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanlarına uyğun şəkildə keçirilən tədbirlərin, media nümayəndələrinə diqqət və qayğının bariz nümunəsi kimi bir qrup KİV-lərə birbaşa yardımların edilməsi, həmkarlarımıza fəxri adların və mükafatların verilməsi, nəhayət KİV təmsilçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni mənzillərin tikintisinə başlanılması xüsusi əhəmiyyətə malikdir.
Eyni zamanda, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuat orqanları son illər böyük inkişaf yolu qət edərək müasir prinsiplərə tam mənada yiyələnə bilib və bu gün dünyanın qabaqcıl ölkələrinin KİV-ləri ilə rəqabət aparmaq iqtidarındadır.
Beləliklə, həm bu, həm də yuxarıda sadalanan digər faktlardan da aydın olur ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb, ölkənin ən ali qanunlarında belə bu məsələ fundamental prinsiplər kimi öz əksini tapıb. Ən nəhayət, Azərbaycan Respublikasında mövcud olan demokratik qanunvericilik söz və məlumat azadlığının qarantı kimi çıxış edir.
Sonda bütün mətbuat işçilərini, qəzetlərin yaradıcı kollektivlərini bayram münasibətilə təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar diləyirəm!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26

