Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dünyada heç bir dilin iki əlifbası yoxdur

Dünyada heç bir dilin iki əlifbası yoxdur

02.06.2010 [08:37]

XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, bizim olanlara sahib olmalıyıq
Hazırda dünya düzənində maraqlı və təhlükəli proseslər baş verməkdədir. Təhlükəli ona görə ki, bəşəriyyətə tam sahib olmaq iddiasındakı güclərin yeni maraq savaşı konteksində baş verən bu proseslər zamanında lazımi ehtiyat addımları atmayan ölkələr üçün mənfi nəticələr verə bilər. Ona görə də, varlığını qorumaq arzusunda olan ölkələr düşünülmüş şəkildə hərəkət etmək məcburiyyətindədirlər. Bəs, bizlər indiki dönəmdə əsasən, nəyə üstünlük verməliyik? Bu günlərdə Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Vəqfi başqanı, prof.dr. Turan Yazqanın “Yeni Azərbaycan” qəzetinə eksküliziv müsahibəsində bu və digər suallara cavab tapmağa çalışdıq. Qeyd edək ki, 1938-ci ildə İspartanın Egirdir ilçəsində anadan olan prof.dr. Turan Yazqan 1980-ci ildə bir neçə məsləkdaşı ilə birlikdə Türk Dünyası Araşdırmaları Vəqfini təsis edib. Fəaliyyətə başlamasının 30 ili tamam olan sözügedən Vəqfin qurulmasında əsas məqsəd türk dünyasındakı şagird və tələbələrə təlim və təhsil verilməsinə yardımçı olmaqdır. Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsi də Vəqfin bu məqsədlərinə xidmət üçün yaradılıb.
- Hörmətli Turan hoca, Bakıya budəfəki səfərinizin səbəbi nədir?
- öncə onu deyim ki, səhhətimdəki problemlər ucbatından son 3 il ərzində Azərbaycana gələ bilməmişdim. Ona görə də, bu torpaqlar, burada təhsil verdiyimiz tələbə və şagirdlər üçün çox darıxmışdım. Eyni zamanda, şagird və tələbələrimizin yetişdirilməsində böyük əməyi olan müəllimlərimiz, pedaqoji kollektiv üçün də çox darıxmışdım. Həm Bakı Atatürk Liseyində, həm də İqtisad Universitetindəki Türk  Dünyası İşlətmə fakültəsində çalışanlarla yenidən görüşmək istəyirdim. Bunun üçün də nəyin bahasına olursa olsun, hətta xəstə olmağıma rəğmən Bakıya gəldim. Şükürlər olsun ki, hər iki məktəbimizin buraxılış tədbirlərində iştirak etdim. çox xoşbəxt oldum və qürur duydum.
- Hər il zəka imtahanlarından sonra Bakı Atatürk Liseyinə qəbul ediləcək şagirdlərin sayının artırılması məsələsi ortaya çıxır. Lakin qəbul sayı az olduğu üçün imtahan verən uşaqların böyük əksəriyyəti kənarda qalır. Elə isə sayın artırılması istiqamətində yenilik gözlənilirmi?
- Təəssüflər olsun ki, yox. çünki indiki durumda heç bir şey etmək imkanımız yoxdur.
- Nə mənada imkanınız yoxdur?
- Məsələ burasındadır ki, biz də şagird sayının artmasını istəyirik. çünki hər il məktəbimizə qəbul zamanı bilikləri, bacarıqları olsa da, bəlli say ucbatından böyük sayda uşaqları qəbul edə bilmirik. Halbuki, onlar imtahana böyük ümidlə, xüsusi hazırlıqla, gözəl geyinib, sinələrində Türkiyə və Azərbaycanın döş nişanlarını taxaraq gəlir. Bu il də belə olub. 300-ə yaxın uşaq imtahan verib. Lakin biz yer qıtlığı ucbatından onların cəmi 25-ni qəbul edə bilirik. Bacarıqlıların sayı isə bundan 2-3 dəfə çoxdur.
- Belə başa düşdüm ki, yer probleminiz var?
- Əlbəttə. Hazırda Bakı Atatürk Liseyinin yerləşdiyi məktəbin yalnız kiçik bir hissəsi bizə məxsusudur. Bu kiçik yerdə 750 şagirdə təhsil veririk. Həmin binanın digər 2/3 hissəsini də bizə versələr o zaman şagird sayını artıra bilərik.
- ümumiyyətlə, Türk Dünyası Araşmalar Vəqfinin xətti ilə Türkiyədən kənarda nə qədər şagird təhsil alır?
- Hazırda Türkiyədən kənarda türkdilli ölkələrdə təhsil verdiyimiz 4000 şagirdimiz var.
- Siz zaman-zaman türk dünyası ilə bağlı çeşidli tədbirlərin təşəbbüskarı, ideyaların müəllifi olmusunuz. Bəs, bu gündən baxanda türk dünyasının sabahını necə görürsünüz?
- Türk dünyasının mənim düşündüyüm yerə getməsinin şərtləri var. Təəssüflər olsun ki, türk dünyası o yerə getmir. çünki bəzi türkdilli ölkələrdəki siyasi iradələr çox səmimi olaraq bu məsələyə əyilə bilmir. Bunun da səbəbi var. Belə ki, həm daxili, həm də xarici problemləri çoxdur. Ən böyük nöqsanlardan biri isə işin təməlinə enilməməsidir.
- Bu işin təməli nədir?
- Mən 1980-ci ildən bəri hər bir çıxışımda bəyan edirəm ki, bu işin təməli əlifbadır. Dünyada heç bir dilin iki əlifbası yoxdur. Bizim, türk dünyasının 38 cür əlifbası var. Halbuki, heç bir dilin iki əlifbası yoxdur. Bu, bizə qəsdən düşünülmüş şəkildə tətbiq edilmiş bir işdir. Bu, bizi, türk dünyasını bölmək üçün həyata keçirilmiş bir plandır. Deməli, ağıllı addım atmalıyıq. Yəni, madam ki, bizi əlifba ilə bölüblər, o zaman biz də əlifba ilə birləşməliyik. Yəni, türk dünyasını birləşdirmək üçün bundan asan bir iş ola bilməz. Türk dünyasının bütün ölkələrinin vahid əlifbaya keçməsi vacib və lazımdır. Əlifba birliyi əldə edilməyəcəyi təqdirdə türk dünyası layiq olduğu yerə gedə bilməyəcək. çox yaxşı haldır ki, bu gün Azərbaycan latın əlifbasına keçib. Məncə bu proses Orta Asiyaya doğru irəliləməlidir.
- Dediniz ki, bəzi türkdilli ölkələrdə siyasi iradə ortaya qoyulmur. Bəlkə də kənar güclər, konkret olaraq Qərb bu iradənin ortaya qoyulmasına mane olur...
- Bu, tamamilə mümkündür. Dünyadakı heç bir dövlət tək deyil. Hər bir dövlətin həm dostu, həm də düşməni var. Mənfəətlərin birləşdiyi yerdə dostlar çıxar, mənfəətlərin ayrıldığı yerdə düşmənlər çıxar. Ancaq dövlətin uğuru onda olur ki, vəziyyəti düzgün dəyərləndirib, maraqlarını qoruya bilir.
- Belə olan halda ictimaiyyətin üzərinə hansı vəzifə düşür?
- Təbii ki, fərd olaraq hər kəsin üzərinə düşən vəzifə var. Lakin bu vəzifənin yerinə yetirilib-yetirilməsi həmin fərdin özündən asılıdır. Buna görə də, yenə siyasi iradə amili önə çıxır. Məsələn, siyasi iradə əlifba məsələsinə məktəblərdən başlaya, şagirdlərimiz arasında türk birliyi ideyası formalaşdıra bilər. Hələ qanlı-qadağalı sovetlər dönəmində şairlər, yazıçılar, bəstəkarlar, qeyrətli ziyalılarımız gizli də olsa, türklük üçün mesajlar veriblər. Bu üzdən onların başı bəlalar çəkib. Məsələn, təkcə Bəxtiyar Vahabzadə  hansı təqiblərə tuş gəlib, bunu hər kəs bilir. Lakin bu təqiblərə baxmayaraq, bizlər gizli də olsa, türklüyümüz haqda məlumatlana bildik. Daha doğrusu, sizlər. Buna görə ziyalılarımıza borcluyuq. Əslində, bəlkə də Leninə borcluyuq.
- Nə üçün? Leninə hansı mənada borcluyuq?
- çünki Leninin yazılı bir əmri vardı. Bu əmr türklərin yalnız mədəniyyət və sənət sahələri üzrə yetişdirilməsini nəzərdə tuturdu. Ona görə də, keçmiş SSRİ ərazisindəki türklər siyasi, iqtisadi, idarədən uzaq tutulmuşdular. Geriyə yalnız rəssamlıq, rəqs, musiqi, opera, teatr kimi sənət sahələri qalmışdı. Allahdan ki, belə olmuşdu. çünki bunun sayəsində türk mədəniyyətini yaşatma imkanı əldə etmişik. Hətta bir çox yerlərdə gizlədilmiş bir türkçülük ruhu da yaşadılıb.
- Bu gün türkçülük ruhu ayaqdadırmı?
- Biz bura ilk dəfə 1989-cu ildə gəldik. O zaman təyyarə 7 saat gecikmişdi. Amma hava limanından bir insan belə geri dönməmişdi. 250 min nəfər türkük deyə bizi qarşıladı. O gün türklük ruhu ayaqdaydı. 1990-cı ildə Yakutiyaya getdik. Yenə saatlarla təyyarə gecikdirildi. Amma hava limanından heç kim getməmişdi və orada 30-40 min insan bizi türkük deyə qarşıladı. O gün də türk ruhu vardı. O gün var olan, bu gün yox ola bilərmi? Əsla.  Yəni, harada türk yaşayırsa, orada türklük ruhu var. Biz hər il çocuk festivalı keçiririk. Dünyanın müxtəlif nöqtələrindəki türk yurdlarından Türkiyəyə uşaqlar gəlir. Onlar türk olduqlarına görə, Türkiyədəki türk uşaqları ilə qovuşduqları üçün özlərini xoşbəxt sayırlar. Bax, türklük ruhu, türklük şüuru budur.
- XXI əsr türk əsri olaraq tanımlandı. Bəs, bu əsrə sahib olmağa gücümüz varmı?
- öncə onu deyim ki, heç bir şey sözlə olmur. Yəni, bizlər “XXI əsr türk əsridir” deməklə, bu əsrə sahib ola bilmərik. Sözlə, arzu ilə yanaşı, iş də görməliyik. “Olacaq” demək əvəzinə, “XXI əsr türk əsri olmalıdır!” deyərək, lazım olanı etsək, daha doğru olar. Qısası, “olmalıdır!” qərarında olan, bu şüurla yetişən gənclərimiz olmalıdır. Lakin indiki şəkildə davam etsək, XXI əsr türk əsri olmayacaq. çünki türk torpaqları əcnəbilər tərəfindən somürülür, neftimiz-qazımız istismar edilir. Bu işğalçılıq davam edir. Qazaxıstan nefti hələ də Rusiya vasitəsilə Türkiyəyə axır. Biz Türkmənistan qazını Rusiyanın üzərindən keçməklə almaq məcburiyyətindəyik. Beləliklə, istismar olunuruq. Axı, Xəzərin altı ilə Türkmənistan qazını Türkiyəyə nəql etmək olar. Yaxud, Azərbaycanın qətiyyəti və siyasi iradəsi hesabına başa gəlmiş Bakı-Tbilisi-Ceyhan xətti var və Qazaxıstan neftini, deyək ki, Aktau-Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə nəql etmək olar. Bununla həm türk dünyası birbaşa əlaqə qura bilər, həm də soyulmağımıza son qoyular. Türkmənistan Rusiya ilə enerji nəqli ilə bağlı 25 illik müqavilə imzaladı. ABŞ isə gəldi, insanları qətlə yetirdi və İraq neftini ələ keçirdi. Eyni zamanda, 25 il sonranı yüzdə-yüz təminat altına almaq üçün Əfqanıstana əsgər yeritdi. çünki Əfqanıstan düyün nöqtəsidir, qızıl nöqtədir. Əfqanıstan tarix boyunca çox böyük önəm daşıyıb və bu gün də daşıyır. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, özümüzə, bizim olanlara sahib olmalıyıq. Dildə, fikirdə, əməldə birliyə nail olmalıyıq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31