/ / Deputat Elnarə Akimova: VIII Qurultay YAP üçün yeni mərhələyə uyğun siyasi düşüncə tərzinin formalaşdırılması baxımından mühüm başlanğıcdır
Deputat Elnarə Akimova: VIII Qurultay YAP üçün yeni mərhələyə uyğun siyasi düşüncə tərzinin formalaşdırılması baxımından mühüm başlanğıcdır
06.10.2026 [11:23]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələyə təsadüf edir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra keçirilən qurultay həm Heydər Əliyevin formalaşdırdığı dövlətçilik xəttinə nəzər salmaq, həm də Prezident İlham Əliyevin bu siyasi kursu yeni reallıqlar şəraitində necə davam etdirdiyini dəyərləndirmək baxımından əhəmiyyətlidir. Qurultayda səslənən fikirlər, qarşıya qoyulan yeni vəzifələr və Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyəti ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova ilə söhbətləşdik.
- Elnarə xanım, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi tarixə düşdü. Sizcə, bu qurultayın siyasi mahiyyətini əvvəlkilərdən fərqləndirən əsas cəhət nədir?
- Məncə, VIII Qurultayın əsas xüsusiyyəti onun artıq tamam başqa Azərbaycanın reallıqlarında keçirilməsidir. Əvvəlki qurultaylarda qarşıya qoyulan məqsədlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idisə, bu gün biz həmin tarixi vəzifənin həyata keçirildiyi mərhələdən danışırıq. Prezident İlham Əliyev də qurultaydakı çıxışında xüsusi vurğuladı ki, bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır.
Bu, sadəcə təqvimdə yeni bir tarix deyil. Dövlətin siyasi psixologiyasının, özünə münasibətinin və dünyadakı mövqeyinin dəyişməsini göstərən mühüm mərhələdir. Azərbaycan artıq uzun illər boyu işğal problemi ilə yaşayan, beynəlxalq platformalarda öz haqqını müdafiə edən ölkə statusundan çıxaraq, yaratdığı reallıqları dünyaya qəbul etdirən dövlətə çevrilib.
Ona görə də VIII Qurultaya yalnız partiyadaxili hesabat və qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi tədbiri kimi baxmaq doğru olmaz. Qurultayın siyasi yükü daha genişdir. Burada Azərbaycanın keçdiyi yolun yekunları ilə yanaşı, Zəfərdən sonrakı dövrün dövlətçilik prioritetləri də ortaya qoyuldu. İlham Əliyevin çıxışında hərbi gücün artırılması, iqtisadi dayanıqlığın qorunması, xarici siyasətin daha fəal aparılması, ideoloji təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi kimi məsələlərin önə çəkilməsi də təsadüfi deyil. Başqa sözlə, Zəfər bir yolun sonu deyil. Zəfər Azərbaycanın qarşısında daha böyük məsuliyyətlər açan yeni yolun başlanğıcıdır.
- Prezident İlham Əliyev çıxışında YAP-ın yaranmasını Azərbaycanın bugünkü qələbələrinin başlanğıc nöqtələrindən biri kimi təqdim etdi. Sizcə, 1992-ci ildə yaradılan YAP-ın siyasi missiyasını bu gün hansı prizmadan qiymətləndirmək lazımdır?
- Tarixi hadisələri həmin dövrün reallıqlarından ayırmaq olmaz. 1992-ci ildə Azərbaycan son dərəcə mürəkkəb vəziyyətdə idi. Dövlət idarəçiliyində böhran, siyasi qarşıdurmalar, iqtisadi çöküş, ərazi itkiləri və cəmiyyətdə sabitliyin pozulması ölkənin gələcəyini ciddi sual qarşısında qoymuşdu. Məhz belə bir şəraitdə Heydər Əliyevin ətrafında müxtəlif sosial və siyasi təbəqələri birləşdirən YAP-ın yaradılması təsadüfi hadisə deyildi. Prezidentin çıxışında da bu məqam açıq şəkildə ifadə edildi: partiyanın təsis qurultayı faktiki olaraq ölkədə mövcud olan ictimai-siyasi tələbin nəticəsi idi.
Mən YAP-ın tarixini ilk növbədə dövlətçilik məfkurəsinin siyasi təşkilatlanması kimi qiymətləndirərdim. Çünki həmin dövrdə cəmiyyətin ən böyük ehtiyacı yeni siyasi şüar deyil, dövlətin özünün qorunması idi. Dövlətçiliyin dağılması təhlükəsi qarşısında siyasi sabitlik, idarəetmə qabiliyyəti və milli maraqları önə çəkən siyasi iradə həyati əhəmiyyət daşıyırdı.
Bu baxımdan YAP-ın otuz ildən artıq hakim siyasi qüvvə kimi fəaliyyət göstərməsi yalnız uzunömürlülük faktı deyil. Partiyanın siyasi xəttinin müxtəlif tarixi mərhələlərdə dəyişən çağırışlara uyğunlaşması, eyni zamanda əsas dövlətçilik xəttini qoruması mühüm məqamdır. VIII Qurultayda da bu xəttin davamlılığı xüsusi şəkildə vurğulandı. Prezident İlham Əliyevin sözləri ilə desək, Ulu Öndərin siyasi xəttinin ana istiqamətləri - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə - dəyişməz olaraq qalır.
Bu mənada YAP-ın tarixini təkcə partiyanın tarixi kimi deyil, müstəqil Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biri kimi oxumaq mümkündür.
- Bu siyasi xəttin təməlində Heydər Əliyev fenomeni dayanır. Sizcə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə ən böyük tarixi xidməti nədən ibarət oldu?
- Heydər Əliyevin siyasi fəaliyyətinin miqyasını bir cümlə ilə ifadə etmək çətindir. Lakin mən onun ən böyük xidmətlərindən birini belə müəyyənləşdirərdim: O, Azərbaycanın dövlət kimi ayaqda qalmasını və öz siyasi iradəsini qorumasını təmin edən sistemli dövlətçilik modelini formalaşdırdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycan ağır vəziyyətdə idi. Ölkə həm müharibə, həm daxili siyasi qarşıdurma, həm iqtisadi böhran, həm də parçalanma təhlükəsi ilə üz-üzə idi. Prezidentin çıxışında həmin dövrün mənzərəsi konkret faktlarla təsvir edilir: iqtisadiyyat çökmüşdü, xəzinə boş idi, qaz və elektrik qıtlığı yaşanırdı, inflyasiya 1000 faizdən yuxarı idi, bir milyona yaxın insan qaçqın-köçkün vəziyyətinə düşmüşdü.
Belə bir şəraitdə dövlət idarəçiliyini yenidən qurmaq, sabitliyi bərpa etmək, Azərbaycanın beynəlxalq təcriddən çıxmasına nail olmaq və iqtisadi inkişaf üçün əsas yaratmaq tarixi məsuliyyət tələb edirdi. “Əsrin müqaviləsi”nin imzalanması, xarici sərmayənin cəlb edilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və dövlətçilik institutlarının formalaşdırılması sonrakı inkişaf üçün möhkəm bünövrə yaratdı.
Məncə, Heydər Əliyevin siyasi irsinin ən mühüm cəhəti də budur: O, dövlətçiliyi yalnız bugünün ehtiyacları ilə məhdudlaşdırmadı, gələcəyin Azərbaycanını düşünən uzunmüddətli strategiya formalaşdırdı. Bu strategiyanın nəticələrini bir siyasi dövrdə deyil, sonrakı onilliklərdə də görmək mümkündür.
- Prezidentin çıxışında Azərbaycanın 2003-cü ildən sonrakı inkişaf yolu, xüsusilə ərazi bütövlüyünün bərpası və Zəfərdən sonra yaranmış yeni reallıqlar geniş yer aldı. Sizcə, Heydər Əliyevin siyasi irsi ilə İlham Əliyevin fəaliyyəti arasında hansı əsas siyasi-strateji bağlılıq var?
- Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttini qoruyaraq onu yeni geosiyasi şəraitə uyğun şəkildə davam etdirib.
2003-cü ildə qarşıya qoyulan əsas məqsədlərdən biri ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd illər ərzində yalnız siyasi bəyanat səviyyəsində qalmadı. Ordunun gücləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və diplomatik imkanların artırılması nəticə etibarilə 2020-ci il Zəfərinə, ardınca 2023-cü ildə suverenliyin tam bərpasına gətirib çıxardı. Prezidentin çıxışında da bu yolun mərhələli və ardıcıl xarakter daşıdığı açıq görünür.
Burada mühüm bir məqam var. Dövlətlərin tarixində böyük nəticələr bir günün hadisəsi kimi görünə bilər, amma əslində həmin nəticənin arxasında illərlə aparılan hazırlıq dayanır. Zəfər də belə bir tarixi prosesin nəticəsidir. Siyasi iradə, iqtisadi güc, hərbi potensial, diplomatik fəaliyyət və xalqın birliyi bir nöqtədə birləşdi.
İlham Əliyevin çıxışında gələcəyə baxış da məhz bu ardıcıllıq üzərində qurulub. Bu gün əsas məsələ artıq əldə edilmiş Zəfəri qorumaq, dövlətin gücünü artırmaq, iqtisadi müstəqilliyi möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzurun bərpasını sürətləndirmək, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirməkdir.
- Qurultayda ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirildi. İnformasiya müharibələrinin, sosial şəbəkələrin və müxtəlif təxribatların genişləndiyi bir dövrdə sizcə, Azərbaycanın qarşısında duran əsas ideoloji çağırış nədir?
- Bu gün dövlət təhlükəsizliyini yalnız sərhəddə dayanan əsgərin silahı ilə ölçmək mümkün deyil. İnformasiya məkanı da artıq təhlükəsizliyin mühüm cəbhələrindən biridir. Prezident İlham Əliyevin çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğu xüsusi vurğulandı. Xüsusilə internet, kiberhücumlar və süni intellekt imkanlarının genişləndiyi bir dövrdə informasiya təsirlərinin sərhəd tanımadığı qeyd edildi.
Amma burada mən bir məqamı xüsusilə vacib sayıram: dezinformasiyaya qarşı ən güclü müdafiə qapalı informasiya mühiti deyil, savadlı, düşünən və müqayisə etməyi bacaran cəmiyyətdir. Prezidentin çıxışında təhsilə xüsusi əhəmiyyət verilməsi də təsadüfi deyil. İnsan nə qədər məlumatlıdırsa, manipulyasiyaya, saxta xəbərə, emosional təxribata bir o qədər az həssas olur.
Bu baxımdan ideoloji işin də mahiyyəti dəyişməlidir. Şablon tədbirlər, formal çıxışlar, təkrarlanan ifadələr müasir informasiya mühitində əvvəlki təsir gücünə malik deyil. İnsanlara fakt, arqument və həqiqət lazımdır. Prezident də qurultayda partiyanın ideoloji fəaliyyətində məhz yeni, müasir yanaşmaların, şablonlardan uzaq iş üsullarının vacibliyini vurğuladı.
Yəni bu gün ideoloji təhlükəsizliyin əsas dayaqları yalnız informasiya siyasəti deyil; təhsil, milli yaddaş, vətəndaş məsuliyyəti və həqiqəti yalandan ayırmaq bacarığıdır.
- Son günlər Azərbaycan-Türkiyə münasibətlərini kölgələndirməyə, iki qardaş ölkənin arasına soyuqluq salmağa yönələn müxtəlif informasiya cəhdləri də müşahidə olunur. Sizcə, belə cəhdlərin məqsədi nədir və bu məsələdə Azərbaycan cəmiyyətinin mövqeyi necə olmalıdır?
- Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki dövlət arasında diplomatik münasibətlər çərçivəsinə sığmır. Bu münasibətlərin arxasında ortaq tarix, dil, mədəniyyət, milli yaddaş və qarşılıqlı strateji maraqlar dayanır. Ona görə də bu əlaqələri zədələməyə yönələn hər hansı informasiya kampaniyasına yalnız ayrı-ayrı xəbərlər və sosial media paylaşımları kimi baxmaq sadəlövhlük olardı.
Bu gün informasiya müharibəsinin əsas xüsusiyyətlərindən biri budur ki, münasibətlərdə real mənzərəni dəyişmək üçün bəzən böyük siyasi böhran yaratmağa ehtiyac qalmır; cəmiyyətlər arasında şübhə yaratmaq, tərəfləri bir-birinə qarşı qoymaq, emosional reaksiyalar doğurmaq kifayətdir.
Mən belə hallarda ən böyük məsuliyyətin məhz ictimaiyyətin üzərinə düşdüyünü düşünürəm. Hər bir iddianı həqiqət kimi qəbul etməmək, mənbəni yoxlamaq, dövlətlərarası münasibətlərlə ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyini bir-birindən fərqləndirmək lazımdır. Çünki dövlət siyasəti ilə sosial şəbəkədəki hansısa şəxsin emosional paylaşımını eyniləşdirmək yanlış nəticələrə gətirib çıxara bilər.
Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti isə konkret hadisələrdən daha böyükdür. İki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uzun illər ərzində formalaşmış möhkəm institusional bazası var. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında da bu münasibətlərin dostluq və qardaşlıq xarakteri dəfələrlə vurğulanıb.
Ona görə Azərbaycan və Türkiyənin arasına girməyə çalışanlara ən düzgün cavab emosional qarşıdurma yaratmaq deyil, faktlara, sağlam düşüncəyə və iki xalq arasındakı tarixi bağların gücünə söykənməkdir. Süni şəkildə yaradılan informasiya dalğaları gəlib keçir, dövlətlər və xalqlar arasındakı həqiqi münasibətlər isə zamanın sınağından keçir.
Bu gün hər iki cəmiyyətin diqqətli olması xüsusilə vacibdir. Çünki bizi bir-birimizdən uzaqlaşdırmaq istəyənlərə ən böyük cavab Azərbaycan-Türkiyə qardaşlığının siyasi və ictimai müstəvidə daha da möhkəmlənməsidir.
- Prezident İlham Əliyev çıxışının sonunda YAP fəallarını qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştiraka çağırdı. Sizcə, VIII Qurultaydan sonra YAP qarşısında hansı yeni siyasi və ictimai məsuliyyətlər dayanır?
- Məncə, VIII Qurultay YAP üçün yalnız keçmiş fəaliyyətin qiymətləndirilməsi deyil, həm də yeni mərhələyə uyğun siyasi düşüncə tərzinin formalaşdırılması baxımından mühüm başlanğıcdır. Çünki ölkənin qarşısında artıq başqa miqyasda vəzifələr dayanır.
Ərazi bütövlüyü və suverenlik bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi davam edir. Azərbaycanın iqtisadi, enerji və nəqliyyat imkanları genişlənir. Ölkənin beynəlxalq münasibətlər sistemində çəkisi artır. Belə şəraitdə siyasi təşkilatın qarşısında duran vəzifə yalnız görülən işləri təbliğ etmək deyil, cəmiyyətin yeni çağırışlara hazırlanmasında fəal iştirak etməkdir.
Prezidentin qurultaydakı çıxışında da YAP qarşısında həm ideoloji, həm siyasi, həm də ictimai baxımdan geniş vəzifələr müəyyənləşdirildi. Xüsusilə partiya fəallarının Azərbaycan reallıqlarının cəmiyyətə düzgün çatdırılmasında, ideoloji təhlükəsizlik məsələlərində və ölkənin qarşısında duran strateji hədəflərin həyata keçirilməsində fəal olması istənilir.
Mən hesab edirəm ki, yeni mərhələdə YAP-ın əsas üstünlüyü yalnız təşkilati imkanları deyil, böyük siyasi təcrübəyə malik olmasıdır. Amma zaman dəyişdikcə siyasi kommunikasiya üsulları da dəyişməlidir. Cəmiyyətin, xüsusilə gənclərin suallarına hazır cavablarla deyil, arqumentlərlə cavab vermək, yeni informasiya mühitinin imkanlarından istifadə etmək, siyasi maarifləndirməni daha müasir və canlı müstəviyə keçirmək lazımdır.
Ən əsası isə Zəfərdən sonrakı Azərbaycanın yeni düşüncə modelini formalaşdırmaqdır. Çünki dövlətin qarşısında artıq yalnız torpaqları bərpa etmək deyil, həmin torpaqlarda davamlı həyat qurmaq, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, milli birliyi qorumaq və Azərbaycanın qazandığı strateji mövqeni uzunmüddətli perspektivdə möhkəmləndirmək vəzifəsi dayanır.
VIII Qurultayın mahiyyəti də mənim üçün məhz burada görünür: bir dövrün nəticələri ümumiləşdirilir, amma söhbət əslində növbəti dövrün məsuliyyətindən gedir. Azərbaycanın Zəfərlə yazdığı tarix artıq gələcəyin daha böyük məqsədlərinə çevrilməlidir.
- Elnarə xanım, VIII Qurultayda yenidən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü seçildiniz. Bu etimadı necə dəyərləndirirsiniz? Sizcə, İdarə Heyətində təmsil olunmaq qarşıdakı mərhələdə hansı məsuliyyəti üzərinizə qoyur?
- İlk növbədə, bu etimadı şəxsi uğurdan daha çox məsuliyyət kimi qəbul edirəm. Çünki YAP-ın İdarə Heyətində təmsil olunmaq yalnız partiyanın idarəçilik strukturunda yer almaq deyil, Azərbaycanın siyasi həyatında mühüm mövqeyə malik bir təşkilatın qarşısında dayanan vəzifələrin həyata keçirilməsində birbaşa iştirak etmək deməkdir. Bu etimada görə, partiyamızın sədri, dövlət başçımız cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi bu məsuliyyəti daha da artırır.
Bu gün YAP qarşısında artıq fərqli miqyasda vəzifələr dayanır. Dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin düzgün ideoloji istiqamətləndirilməsi, müasir informasiya mühitində Azərbaycanın həqiqətlərinin daha fəal təbliği kimi məsələlər partiyanın fəaliyyətində xüsusi yer tutur. Mən də İdarə Heyətinin üzvü kimi bu proseslərdə öz üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağam. Mənim üçün bu etimad həm keçmiş fəaliyyətə verilən qiymət, həm də gələcək fəaliyyətə ünvanlanan ciddi bir çağırışdır. Azərbaycanın Zəfərlə yazdığı tarix gələcəyin daha böyük məqsədlərinə çevrilməlidir
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Gündəm
06 Oktyabr 12:50
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25

