Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində
08.10.2013 [13:24]
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Vidadi Qafarlı televiziyanın, teatr və kino sənətinin tədqiqi ilə məşğuldur.
Alimin AzərTAc-a təqdim etdiyi “Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində” sərlövhəli yazı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradıcılığının 900 illik yubileyi dövlət səviyyəsində qeyd edilən böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin irsinin daha bir səhifəsinə aydınlıq gətirir.
AzərTAc alimin yazısını təqdim edir:
- Məhsəti Gəncəvi yaradıcılığı tarixin 900 illik sınağından çıxaraq bu gün də yaşayır, bizimlədir.
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayevanın “Məhsəti” pyesinin ikinci pərdəsində belə bir epizod var: Məhsəti Gəncəni artıq tərk edib. O, qocalmış və xəstə halda Bəlx şəhərində yaşayır. Burada dulusçu Əşrəf düzəltdiyi kuzələrin üzərinə Məhsətinin rübailərini yazaraq satır və onlar bunun hesabına dolanırlar.
Görünür ki, bu epizod təkcə dramaturqun bədii təxəyyülünün məhsulu deyil, həm də gerçək bir tarixi əks etdirir. Bunu dolayısı ilə akademik Rasim Əfəndiyevin “Ədəbiyyat və incəsənət” qəzetinə verdiyi müsahibə də təsdiqləyir. 1981-ci ilin payızında Parisdə ezamiyyətdə olan və UNESCO-da dünya muzeylərinin Şərq ölkələri üzrə müdiri, təbrizli doktor Firuz Bəkirzadə ilə görüşən görkəmli alim həmin müsahibədə bildirir ki, doktor Firuz Bəkirzadə Londonda Viktoriya Albert muzeyində üzərində Məhsəti xanımın rübailəri həkk olunmuş bir sürahi və P.Mayerin tərtibi ilə Məhsəti Gəncəvinin şeirlər kitabını gördüyünü söylədi.
Göründüyü kimi, bu faktın özü də maddi olaraq bir daha sübut edir ki, Məhsəti yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır və maraq doğurur. Ümumiyyətlə, Məhsəti Şərq renessansının ən görkəmli və kamil bilikli, yaradıcı şəxsiyyətlərindən biri olmuş, poetik yaradıcılığı ilə sonrakı rübai ustalarının yetişməsinə böyük təsir göstərmişdir. Çoxcəhətli istedad sahibi, gözəl çalğıçı, çəng ustası, məlahətli səsə malik nəğməkar olan şairə ömrü boyu təqib edilmiş, məhrumiyyətlərlə üzbəüz qalmış, hətta bir müddət doğma Gəncədən didərgin salınmışdır. Məhsəti Gəncəvi yaşadığı dövrdən bu günədək istər yaradıcılığı, istərsə də şəxsi həyatı ilə diqqət mərkəzində olmuş, haqqında yüzlərlə əsərlər yazılmışdır. Ona həsr edilmiş ilk böyük əsər isə sözsüz ki, bu gün Londonun Viktoriya Albert muzeyində saxlanılan “Məhsəti və Əmir Əhməd dastanı”dır.
İki gəncin, eyni zamanda, iki real tarixi şəxsiyyətin ülvi sevgisindən və həmin sevgi üzündən yaşadıqları iztirablı ömür yolundan bəhs edən bu məhəbbət dastanı daha sonralar neçə-neçə əsərin yaranmasında həm ədəbi, həm də sənədli mənbə rolunu oynamışdır.
Azərbaycan teatrında yaradılmış Məhsəti Gəncəvi obrazına gəldikdə isə qeyd etməliyik ki, şairə haqqında ilk sənət əsəri Ərtoğrul Cavidin “Məhsəti” operası ola bilərdi. AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun yazdığına görə, hələ İkinci Dünya müharibəsi ərəfəsində Nigar Rəfibəylinin Məhsətiyə həsr olunmuş poemasının motivləri əsasında Ərtoğrul Cavid opera yazmağa başlamışdır. Ərtoğruldan qalan əlyazmaların arasında həmin operanın ayrı-ayrı fraqmentlərinə və Məhsətinin ariyasının tamamlanmış not yazısına rast gəlinir. Amansız ölüm aman versəydi, Ərtoğrul yaratmağa qadir olduğu neçə-neçə gözəl sənət örnəkləri ilə yanaşı, “Məhsəti” operasını da tamamlayacaqdı.
Məhsəti obrazı milli teatrımızın səhnəsinə ilk dəfə 1942-ci ildə Xalq Yazıçısı Mehdi Hüseynin “Nizami” pyesinin tamaşasında çıxmışdır. Bu əsər dahi Nizamiyə həsr olunsa da, Məhsətinin adı birinci pərdədən sonadək dillərdən düşmür, obrazı tez-tez səhnədə görünür. Hələ birinci pərdədə saray şairi Munislə Nizaminin şeir deyişməsinə münsiflik edən Məhsəti xanımı Nizami “Gəncənin zinəti, şeirimizin anası” adlandırır.
Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə yazılan və ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılan bu pyesin premyerası 1942-ci il avqustun 16-da olmuşdur. Xalq artisti Adil İsgəndərovun quruluş verdiyi tamaşanın rəssamı Xalq artisti Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Xalq rəssamı Kazım Kazımzadə, bəstəkarı Xalq artisti Səid Rüstəmov, rəqslərin quruluşçusu Xalq artisti Leyla Cavanşirova -Bədirbəyli idi. Nizami rolunu Xalq artisti Rza Əfqanlının ifa etdiyi bu tamaşada Məhsəti obrazını Xalq artisti Mərziyyə Davudova yaratmışdır. Bununla da o, rolun ilk ifaçısı kimi adını Azərbaycan teatrının tarixinə yazmışdır.
“Nizami” pyesinin ilk tamaşasının uğuru başqa teatrları da bu əsərə müraciət etməyə həvəsləndirmişdi. Nəticədə “Nizami” pyesi 1943-cü ildə Gəncə, Naxçıvan və Şəki teatrlarında da müxtəlif quruluşlarda tamaşaya qoyulmuşdur.
Nizaminin doğma yurdunda - Gəncə Dövlət Dram Teatrında hazırlanan tamaşa Xalq artisti, rejissor Mehdi Məmmədovun quruluşunda öz orijinal səhnə həlli ilə akademik teatrın tamaşasından köklü şəkildə fərqlənirdi. Professor Cəfər Cəfərovun yazdığı kimi, Akademik Milli Dram Teatrının tarixi epopeya kimi təqdim etdiyi tamaşadan fərqli olaraq Mehdi Məmmədov həmin dövrün, tarixi dəqiqliyini deyil, daha çox onun ideya, mənəvi mahiyyətini göstərməyə çalışmışdır.
Tamaşanın rejissor təfsirinin özünəməxsusluğu bədii tərtibatda da öz əksini tapmışdır. Tamaşa haqqında dövri mətbuatda yazılmışdır: “Tarixi konkretlikdən azad tərtibatın miniatürə və şəbəkə üslubuna əsaslanması yalnız tamaşanın şairanə ruhunu deyil, həm də uzaq keçmişin koloritini duymağı asanlaşdırmışdı”. Gəncə teatrının tamaşasında Nizami rolunu - Əşrəf Yusifzadə, Afaqı - Barat Şəkinskaya, Məhsəti obrazını isə - Rəmziyyə Veysəlova kimi tanınmış səhnə ustaları ifa etmişlər.
“Nizami” pyesinin daha bir uğurlu səhnə həlli Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutmuşdur. 1943-cü il mayın 3-də premyerası olan bu tamaşanın quruluşçu rejissoru İbrahim Həmzəyev idi. O, həm də Nizami rolunu ifa edirdi. Tamaşada Afaq rolunu Xalq Artisti Zəroş Həmzəyeva, Məhsəti obrazını Xalq Artisti Firuzə Əlixanova yaratmışlar.
Şairənin obrazının səhnəyə növbəti gəlişi Kəmalə Ağayevanın “Məhsəti” pyesi ilə olmuşdur. “Nizami” pyesindən fərqli olaraq bu dəfə artıq Məhsəti səhnəyə əsərin baş qəhrəmanı kimi gəlmişdir. Eyni zamanda bu pyes milli teatr tariximizə Məhsətiyə həsr olunmuş ilk dram əsəri kimi düşmüşdür.
Mənzum faciə janrında yazılmış əsərin kompozisiyası 3 pərdə və 6 şəkildən ibarətdir. Dramaturq pyesə Məhsəti, İlyas-Nizami, Rəna, Əmir Əhməd, Gəncə hökmdarı, Gəncə xətibi kimi tarixi obrazlarla yanaşı, bədii təxəyyülündən doğan Pərvər baba, Tərgül, Əşrəf, Möhnət , Bəlx hökmdarı və digər surətləri də daxil etmişdir.
İlk dəfə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan bu əsərin premyerası 1964-cü il oktyabrın 24-də olmuşdur. Tamaşanın quruluşçu rejissoru Baxşı Qələndərli, rəssamı Məmməd Qasımov, bəstəkarı Məmməd Ələkbərov idi. Məhsəti obrazının ifaçısı isə bu dəfə Zəroş Həmzəyeva olmuş və onun emosional oyunu tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
“Məhsəti” tamaşası Naxçıvan Teatrının tarixi mövzuda səhnələşdirdiyi əsərləri sırasında mühüm yer tutan bitkin səhnə əsəri kimi yaddaşlarda qalmışdır. Tamaşa dramaturji mətnin üzərində işinə, rejissor quruluşuna və aktyor ifalarına görə teatrın son illərdəki daha uğurlu sənət nailiyyəti sayılmalıdır.
Kəmalə Ağayevanın “Məhsəti” pyesi ikinci dəfə öz səhnə həllini şairənin doğma yurdu Gəncədə tapmışdır. Gəncə Dövlət Dram Teatrında 1967-ci ildə tamaşaya qoyulan bu əsər Naxçıvandan ezam olunmuş quruluşçu rejissoru Baxşı Qələndərli, rəssam Məmməd Qasımov, bəstəkar Məmməd Ələkbərov tərəfindən hazırlanmışdır. Tamaşada Məhsəti rolunu hələ 1943-cü ildə “Nizami” tamaşasında bu rolu yaratmış Xalq artisti Rəmziyyə Veysəlova yüksək sənətkarlıqla ifa etmişdir.
Məhsətiyə həsr olunmuş ikinci və hələ ki, sonuncu hesab olunan səhnə əsəri Məmmədhüseyn Təhmasibin 1967-ci ildə yazdığı “Rübailər aləmində” pyesidir. Özündən əvvəlki müəlliflərə nisbətən şairənin həyat və yaradıcılığını, əhatə olunduğu mühiti daha yaxşı öyrənməyə çalışan M.Təhmasib əsərə bir sıra yeni tarixi epizodlar gətirmiş və əlavələr etmişdir.
O dövrün mətbuatında əsər haqqında yazılırdı: “Xəyali personajların pyesə gəlişi müəllifin Dədə Qorqud boyları ilə Məhsəti dövrü arasında səsləşmə axtarması niyyətindən doğub və onların hər birinin gəlişi bədii məqsədin açılmasında müəyyən yük daşıyır”.
“Rübailər aləmində” pyesi 1968-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli teatrımızın ilk qadın rejissoru Ulduz Rəfilinin quruluşunda tamaşaya qoyulmuşdur. Bədii tərtibatı rəssam Həsən Haqverdiyevə, musiqisi bəstəkar Şəfiqə Axundovaya məxsus olan tamaşada Məhsəti obrazını Xalq artisti Firəngiz Şərifova, Xəttiboğlu rolunu Firdovsi Naibov yüksək sənətkarlıqla yaratmışlar.
Əsər haqqında mətbuatda yazılan rəylərdə qeyd olunduğu kimi, müəllif əsərin surətlərini gözəl düşünmüş, dinamik bir pyes yaratmışdır. Əlbəttə, burada rejissorun da kifayət qədər xidmətləri olmuşdur. Əməkdar incəsənət xadimi Ulduz Əliyeva tarixi-romantik pyesi, onun əks etdirdiyi konkret dövrü, ziddiyyətləri gözəl dərk etmiş və müəllifin fikirlərini müvəffəqiyyətlə tamaşaçıya çatdıra bilmişdir.
Məhsəti rolunun ifaçısı istedadlı sənətkarımız Firəngiz Şərifova “əsir olmuş bir quşun”, “yaman bir əyyamda” yaşayan şairin, ümumən əski dünya qadınlarının faciəsini aça bilmiş, yadda qalan, sevilən bir obraz yaratmışdır.
1976-cı il aprelin 30-da “Məhsəti” pyesi Naxçıvan teatrında yenidən tamaşaya qoyulmuşdur. Əsərin quruluşçu heyəti birinci tamaşanın yaradıcıları olsa da, dramaturq pyesi yeni variantda işləmişdir. Bu variantda faciənin əsasında məhəbbət və şəriət, insan və zaman, inam və istək, sənət və sənətkar problemləri daha qabarıq verilmişdir.
Zəroş Həmzəyeva öz parlaq oyunu ilə tamaşaçını düşündürür, Məhsətinin poeziya aləminin dərin lirizmini, romantik duyğularını məharətlə tamaşaçılara çatdırırdı. Vaqif Əsədov Nizaminin idraki qüdrətini, İsgəndər Abdullayev Əmir Əhmədin ləyaqət və ucalığını peşəkarlıqla ifa edirdilər. Baxşı Qələndərli özünün ilk quruluşundan fərqli olaraq tamaşanın forma vəhdətinin zaman baxımından müasir səslənməsinə nail olmuşdu. Rəssam Məmməd Qasımov tamaşaya verdiyi səhnə tərtibatının rəmzi obrazı Məhsətinin ədəbiyyat kəhkəşanında ulduz kimi parlaması ideyasını təcəssüm etdirmişdir.
Kəmalə Ağayevanın “Məhsəti” pyesi Naxçıvan teatrında üçüncü dəfə 2007-ci ildə tamamilə yeni yaradıcı heyət tərəfindən tamaşaya qoyulmuşdur. Premyerası fevralın 17-də baş tutan bu tamaşanın quruluşçu rejissoru Rövşən Hüseynov, rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Yusif Əsgərov olmuşlar. Məhsəti rolunda Elmira Kərimova, İlyas-Nizami rolunda Vidadi Rəcəbli, Əmir Əhməd rolunda Rza Xudiyevin maraqlı ifaları bu quruluşu da tamaşaçılara sevdirə bilmişlər.
Beləliklə, Məhsəti Gəncəvi obrazı artıq 70 ildir ki, Azərbaycan səhnəsini bəzəyir. Bununla da Məhsəti öz rübailəri ilə bütün Şərq ədəbiyyatını zənginləşdirdiyi kimi, bu gün milli teatr və dramaturgiyamızın inkişafında da mühüm rol oynamaqda, deməli sənətkar ömrünü yaşamaqda davam edir.
Bu mənada, şairə Kəmalə Ağayeva haqlı olaraq yazmışdı:
“Yox-yox o, ölməmiş, inanmıram mən,
Fəqət üz çevirmiş zəmanəsindən.
O, öz atəşiylə nura büründü,
Əsrin göylərində parladı, söndü,
Fəqət inanıram gələcək zaman
Onun göylərinin aydınlığından
Can alıb yuxudan o oyanacaq,
O ulduz parlayıb yenə yanacaq”.
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35

