Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə sahibkarlığın inkişafına da təkan verib

Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə sahibkarlığın inkişafına da təkan verib

27.01.2017 [09:57]

Sahibkarlar dövlətin dəstəyi ilə bölgələrdə müasir standartlara uyğun istehsal müəssisələri, heyvandarlıq və bitkiçilik təsərrüfatları yaradırlar
Məlum olduğu kimi, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu məqsədlə respublikanın bölgələrində tədbirlər keçirir. Məsələn, İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun ötən il dekabrın 28-də Xırdalan şəhərində keçirdiyi 2016-cı ilin sonuncu işgüzar forumunda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Ayrılan kreditlər, əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yeri açılacaq.
Yüz əlliyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bu investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun 2016-cı il ərzində fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, ötən il 2 min 500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 min 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3 faizi aqrar sektorun, 17,7 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və sair sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Tədbir çərçivəsində güzəştli kredit ayrılan Xırdalanda hava kompressorları istehsalı zavoduna, ət kəsimi və emalı müəssisəsinə baxış keçirilib.
Ötən il dekabrın 16-da isə Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd edib ki, indiyədək Salyan rayonundan olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 41 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik, əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Forumdan sonra Salyanın Yenikənd kəndində güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə baxış keçirilib.
Sahibkarlığa Kömək Milli Fondu ötən ay Şamaxıda da sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Rayonun Mədrəsə qəsəbəsində keçirilən forumda 80 nəfər yerli sahibkar, fermer və iş adamı iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov forumu açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şamaxıda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan, bu sahədə sahibkarların rolundan danışıb. Forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına məlumat verərək bildirib ki, indiyədək təkcə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilib. İşgüzar forumda kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faiz hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sonra Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, bağçılıq, arıçılıq və sair sahələrin inkişafına yönəldiləcək və nəticədə 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılan müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Artıq həmin təsərrüfatlardan 19-u fəaliyyətə başlayıb. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd emalı zavodlarının südə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Kürdəmir rayonunun Atakişili kəndində keçirilən işgüzar forum çərçivəsində isə Kürdəmir və ətraf rayonlardan olan 50-yə yaxın sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, əkinçilik, ağac emalı və s. sahələrin inkişafına yönəldiləcək. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Kürdəmirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Kürdəmirdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 266 investisiya layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Kürdəmirdə güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 191 min ton süd və 2 min ton ət istehsal etmək gücündə olan 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 102 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq təsərrüfatlardan 15-i istifadəyə verilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31