Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dövlət proqramlarının uğurlu icrası regionlarımızın hərtərəfli inkişafını şərtləndirib

Dövlət proqramlarının uğurlu icrası regionlarımızın hərtərəfli inkişafını şərtləndirib

18.11.2016 [10:10]

Ölkənin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da bu inkişaf davamlı xarakter daşıyır
Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda son 13 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti, həmçinin regionların hərtərəfli inkişafını təmin edən Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Və bundan əvvəlki illərdə olduğu kimi, bu ilin arxada qalan aylarında da ölkəmizin uğurlu inkişafı davam edib. Heç şübhəsiz bütün sahələri əhatə edən bu inkişafdan ölkəmizin cənub bölgəsinə də pay düşüb.
Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülüb. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Rütubətli subtropik iqlimə malikdir.
İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynayıb.
Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf edib. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır. Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir. Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi iqtisadi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.
Beləliklə, ölkənin hər yerində olduğu kimi, cənub bölgəsində də cari ilin 9 ayı ərzində uğurlu nəticələr əldə edilib. Məsələn, cənub bölgəsinə daxil olan Lənkəranda bəhs edilən dövrdə də genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, irihəcmli investisiya layihələri icra olunub, yeni layihələrin icrasına başlanılıb. Qeyd edək ki, bu ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil edib. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunub. Doqquz ayda rayonda 2058 yeni iş yeri açılıb. Bunun 1610-u daimi iş yerləridir.
Bu ilin doqquz ayında bir sıra infrastruktur layihələri həyata keçirilib. 26 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 binanın fasadı rənglənib, şəhərin prospekt və küçələrinə asfalt döşənib. Həmçinin Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometr hissəsində cari və əsaslı təmir işləri aparılıb.
Hesabat dövründə əhalinin normal elektrik enerjisi və təbii qazla təchizatı, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində də tədbirlər həyata keçirilib. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla, rayonun 93 yaşayış məntəqəsindən 65-i qazlaşdırılıb. Ümumilikdə, rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48369 abonentdən 42493-ü təbii qazla təmin olunub. Bu, ümumi abonentlərin 87,6 faizini təşkil edir.
Eyni zamanda, bu il Lənkəranda 6550 hektarda yazlıq bitkilər əkilib. İndiyədək sahələrdən 105028 ton tərəvəz, 7311 ton meyvə, 2411 ton bostan bitkiləri yığılıb, 302 ton yaşıl çay yarpağı və 621,7 ton çəltik istehsal edilib. Bəhs edilən dövrdə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 0,4 faiz artıb.
Yeri gəlmişkən, Lənkəran rayonu Azərbaycanın subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını subtropik və sitrus bitkiləri təşkil edir. Rayonda sitrus bitkilərinin əkin dinamikası hər il artan templə inkişaf etdirilir. Yeni sitrus bağlarının salınması isə öz növbəsində məhsul istehsalının artmasını şərtləndirir. İstehsalın artması bu sahədə çalışanların həyat səviyyəsinin yüksəlməsinə, sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Lənkəran rayon Statistika İdarəsinin rəisi Vaqif Mustafayev bildirib ki, 2015-ci ildə rayonda 1167 hektar sahədən 12 min 403 ton subtropik və sitrus meyvəsi yığılıb. Bu il isə bağlardan 13 min tondan çox məhsul gözlənilir.
Ötən il rayonun Sütəmurdov və Velədi kəndlərində 15 hektar sahədə Koreyadan gətirilmiş yeni növ tinglərlə narıngi bağının salındığını vurğulayan V.Mustafayev rayonda sitrusçuluğun inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb. “Bu inkişaf hər şeydən əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Lənkəran rayonu üçün müəyyən edilmiş tədbirlərin uğurlu icrası və məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi nəticəsində mümkün olub”, - deyə o bildirib.
Rayonda sitrusçuluqla məşğul olan fermerlər, ailə kəndli təsərrüfatlarının üzvləri intensiv üsullardan istifadə etməklə məhsul istehsalının artırılmasına daha çox diqqət yetirirlər. Aqrotexniki xidmətlərin vaxtında və düzgün aparılması nəticəsində rayonda sitrus bitkilərinin məhsuldarlığı 97,3 sentnerdən 106,3 sentnerə yüksəlib. Lənkəranda bir çox ailənin qazanc mənbəyi olan sitrusçuluq əsasən Hirkan, Osaküçə, İstisu, Haftoni və Şıxəkəran ərazi icra nümayəndəliklərinin yaşayış məntəqələrində inkişaf etdirilir. Bununla belə, rayonda elə bir fərdi təsərrüfat tapılmaz ki, onun həyətyanı sahəsində sitrus bitkiləri əkilməsin.
Uzun müddət tənəzzül dövrü yaşayan sitrusçuluq istehsalçılara göstərilən dövlət dəstəyi nəticəsində yenidən dirçəlsə də, bu sahənin inkişafı ilə bağlı müəyyən problemlər də mövcuddur. Bu problemlər əsasən soyuducu anbarların və tədarük məntəqələrinin çatışmazlığı ilə bağlıdır. Qeyd edək ki, yaxın gələcəkdə Lənkəranda 2000 hektardan çox sahədə subtropik və sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.
Bu ilin doqquz ayında Masallıda genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılıb. Rayonda ərzaq təhlükəsizliyinin təmin edilməsi, tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı məqsədilə mövcud torpaqlardan səmərəli istifadə olunması üçün mühüm addımlar atılıb.
Bu rayonda kənd təsərrüfatının ixtisaslaşdırılması, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, sənaye məhəlləsinin inşası, tədarük mərkəzlərinin yaradılması, Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi və turizmin inkişafı Masallının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.
Bu ilin doqquz ayında Cəlilabad rayonunda da iqtisadiyyatın bütün sahələri üzrə dinamik inkişaf təmin olunub, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, aqrar bölməyə dövlət dəstəyinin gücləndirilməsi nəticəsində bitkiçilik və heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılıb. Belə ki, doqquz ayda rayonda 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilib. Əkin sahələrindən həmçinin 3300 ton noxud, 586 ton mərci, 103221 ton kartof, 1223 ton tərəvəz, 9550 ton qarğıdalı, 496 ton bostan məhsulları və 8445 ton üzüm yığılıb. Payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görülüb, 1,9 min hektar vələmir, 2,3 min hektar noxud, 4 min hektar kartof, 437 hektar mərci, 305 hektar qarğıdalı, 294 hektar bostan və 125 hektar tərəvəz əkilib. Yaxın günlərdə isə taxıl əkininə başlanılacaq.
Rayonda yaradılan “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülərək, 3710 ton keyfiyyətli məhsul istehsal olunub. Eyni zamanda, bu il ilk dəfə olaraq rayonun Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar sahədə pambıq əkilib, əlverişsiz hava şəraitinə baxmayaraq, indiyədək pambıq tarlalarından 273,5 ton yüksəkkeyfiyyətli məhsul toplanılıb. Hazırda pambıq yığımı davam etdirilir.
Doqquz ayda rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və davamlı baytarlıq tədbirləri nəticəsində heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Qaramalın sayı 99378 başa, davarların sayı 122962 başa, quşların sayı 862893 başa çatdırılıb, 16,9 min ton ət, 79,9 min ton süd, 27,9 milyon ədəd yumurta istehsal olunub.
Hesabat dövründə Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi fəaliyyətə başlayıb, Muğan kəndində gündə 5 ton bitki yağı istehsal edən müəssisənin tikintisi tamamlanıb, Uzuntəpə kəndində 50 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılıb. Hazırda Türkiyənin “Sutkar” şirkəti tərəfindən südlük-ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Göytəpə şəhərinin ərazisində çiyələk emalı müəssisəsinin yaradılması üçün Türkiyənin müvafiq şirkəti ilə razılaşma əldə olunub.
Şəhərdə hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilib, İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılıb. Cəlilabad şəhərindəki 14 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub. Hazırda Göytəpə şəhərində leysan nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar Lerik rayonunun da sosial-iqtisadi inkişafına müsbət təsir göstərib. Hər halda, bu ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar da bunu təsdiqləyir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılıb. Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Yardımlı rayonunda da 2016-cı ilin doqquz ayı ərzində tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb tikintisi, kommunal yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi və digər infrastruktur layihələrinin icrası həyata keçirilib. May-iyun aylarında şəhərin Heydər Əliyev küçəsində 530 metr, 20 Yanvar küçəsində 600 metr uzunluğunda yolun üst hissəsində istinad divarları hörülüb, 20 Yanvar küçəsində yol genişləndirilərək eni 6-7 metrə çatdırılıb. 3 ədəd kommunal yaşayış binasının dam örtüyü dəyişdirilib.
Kənd yaşayış məntəqələrində də inzibatı binaların tikintisi işləri davam etdirilib. Rayonun Zeynələzir kəndində isə 40 yerlik ibtidai məktəb tikilərək istifadəyə verilib.
Şəhid ailələri üçün, eləcə də fövqəladə vəziyyətdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisinə başlanılıb. Belə ki, hazırda iki şəhid ailəsi üçün - Horavar kənd sakini Bibixanım İsmayılova və Şəfəqli kənd sakini Əprüz Ağammədova üçün sahəsi 110 m2, otaqların sayı 4 olan birmərtəbəli müasir evlər inşa olunur.
Rayonda əksər kəndlərarası və kənddaxili yollar təmir edilib və ya əsaslı şəkildə yenidən qurulub. 9 ay ərzində rayonun 7 kənd yaşayış məntəqəsində - Gendərə, Astanlı, Seporadi, Horonu, Şiləvəngə, Vərgədüz və Dəlləkli kəndlərində ümumi uzunluğu 33 km olan kənd yolları çınqıl örtüklə təmir edilib. Hazırda Allar kənd yolu təmir olunur. Əlavə olaraq Viləş çayı üzərində, Keçələkəran kəndinə gedən yolda yükgötürmə qabiliyyəti 30 ton olan körpü yenidən qurulub.
Hazırda Yardımlı şəhərinə ümumi uzunluğu 72 km su və 45 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi 70 km su xətti, 39 km kanalizasiya xətti çəkilib. Nəzərdə tutulmuş 10 ədəd su anbarından 9-da və çirkab sutəmizləyici qurğusunda inşaat işləri davam etdirilir.
Kəndlərə də içməli su çəkilişi uğurla davam edib. “Sineyir” adlanan ərazidən çəkilən su xətti Yolocaq kəndinə qədər aparılıb. Tamamilə sudan əziyyət çəkən, əhalisinin sayı 500 nəfər olan Vərov kəndinə içməli su xətti çəkilərək istifadəyə verilib.
Eyni zamada, bu günlərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb. Belə ki, rayonun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km magistral su xətti çəkilib, 50 kubmetr tutumu olan su anbarı quraşdırılmış, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdılıb.
Ümumilikdə, layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilibdir. 2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilmiş, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.
Bu müddətdə yaşayış məntəqələrinin qazlaşması işləri də davam edib, qaz abonentlərinin sayı 2 min 353-ü əhali olmaqla, 3 min 372 abonentə çatıb. Hazırda əhalisinin sayı 1500 nəfər, abonentlərinin sayı 246 olan Vərgədüz kəndinə təbii qaz çəkilişi üçün işlər yekunlaşıb və yaxın günlərdə istifadəyə veriləcək. Bununla da yaşayış məntəqələri üzrə qazlaşma 13 faiz, abonentlər üzrə 31 faiz olacaq. Qış fəslində hər hansı bir qəzanın baş verməməsi üçün xətlərdə təmir işləri başa çatdırılıb.
Rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerjisi ilə təmini üçün lazımi tədbirləri gücləndirib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə şəbəkəyə 1000-ə yaxın elektrik dayaqları daxil olub və xətlərdə təmir işləri aparılıb, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunub, eyni zamanda, 10 ədəd tam müasir transformator quraşdırılıb. Elektrik şəbəkəsi abonentlərinin sayı 8 min 146-sı əhali abonenti olmaqla, 8 min 645 abonentə xidmət edir. Masallı-Yeni Yardımlı 35 kv-luq ikidövrəlı elektrik verilişi xətlərində, “Yel Bərəsi” adlanan ərazidə ara məsafələr qısaldılaraq dayanıqlıq təmin edilib. Rayonda ən qəzalı xətlər Allar və Şıxhüseynli kəndlərini qidalandıran elektrik xətləri idi. Bu məqsədlə bu kəndlərdə elektrik təsərrüfatının kompleks yenidən qurulması işinə başlanılıb. Solqard kəndindən Allar kəndi istiqamətində bütün 10 KV-luq dayaqlar, eləcə də hər iki kənddaxili dayaqlar dəyişdirilib və elektrik xətləri SİP kabellə əvəz olunub.
Cari ilin doqquz ayı ərzində Astara rayonunda da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb. İqtisadi və sosial inkişafın əsas göstəricisi olan ümumi məhsul istehsalı və xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 145,9 milyon manata çatıb.
Aqrar sektora dövlət dəstəyinin artırılması nəticəsində rayonda ənənəvi sahələr olan çəltikçilik, sitrusçuluq, çayçılıq və heyvandarlığın inkişafına maraq çoxalıb. Bu il əkin sahələri artırılaraq 7225 hektara çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 hektar çoxdur.
Hesabat dövründə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə “Xanbulançay” su anbarından Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərçivəsində 5000 kubmetrlik 2 su anbarının tikintisi başa çatdırılıb.
Doqquz ayda rayonun yaşayış məntəqələrində 441 evin qazlaşdırılması həyata keçirilib. Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, rayon kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi yekunlaşıb. Ələt-Astara-İran sərhədi avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8,3 kilometrlik dəmir yolu xəttində torpaq-bünövrə işləri yekunlaşıb, hazırda dəmir-beton konstruksiyaların quraşdırılması işləri görülür.
Hesabat dövründə Astara şəhərinin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində tikinti-abadlıq işləri davam etdirilib. Rayona gələn turistlərin və qonaqların mənalı istirahətini təşkil etmək məqsədilə üçmərtəbəli hotel və 12 ikimərtəbəli kottec tikilir. Bulvar ərazisində “ləm” tipli (dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli yay istirahət yeri) kafe-çay evinin inşası davam etdirilir. Ötən müddətdə rayonda 4 şəhid ailəsi üçün ev tikilib və istifadəyə verilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31