Regionlarda abadlıq-quruculuq işləri davam etdirilir
21.10.2016 [09:55]
Ötən 9 ayda bölgələrdə bir sıra sosial obyektlərdə mühüm yenidənqurma işləri görülüb
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların həyatının daha da yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Və bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. O da qeyd edilməlidir ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca isə 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Və həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Bir daha vurğulamaq yerinə düşər ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu siyasət cari ilin 9 ayı ərzində də davam etdirilib və yeni tikilən, yaxud təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilib.
Məsələn, Beyləqan rayonunda bu ilin 9 ayı ərzində yol-nəqliyyat infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, abadlıq-quruculuq işləri aparılıb. Bəhs edilən dövrdə, Beyləqan şəhərinin küçələrinə asfalt örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, İmamverdililər və Xaçınabad kənd tam orta məktəbləri, kənd təsərrüfatı idarəsi üçün binalar tikilib. Kommunal yaşayış binalarının 1688 kvadratmetr dam örtüyü dəmir şiferlərlə əvəzlənib. Şəhərdə 240 yerlik məktəb binasının və 120 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Hesabat dövründə rayonun Türklər, Qaradağlı, Gödəklər, Bünyadlı, Aşıqalılar, Yuxarı Çəmənli, Şərq, Sarısu kənd və qəsəbələri qazlaşdırılıb. Hazırda Əhmədli, Birinci Şahsevən, İkinci Şahsevən, Aşağı Çəmənli, İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir.
Biləsuvar rayonunda isə ölkə Prezidentinin Sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi və rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri işləri başa çatdırılıb. Biləsuvar şəhərinin Nizami, Molla Hüseyn, Xaqani, S.Vurğun, Cəlilabad küçələrində və Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8,6 km məsafədə asfalt-beton örtüklü yol tikilib. Eləcə də rayon Elektrik şəbəkəsinin inzibati binası, Səmədabad kəndində Heydər Əliyev parkı tikilib, Əsgərabad kəndində 480 yerlik tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binalarının tikintisində son tamamlama işləri aparılır. Prezident İlham Əliyevin “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq Sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binasının təmiri ilə bağlı hazırlıq işləri aparılır. Rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülüb, bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Rayonun elektrik təsərrüfatını yaxşılaşdırmaq məqsədilə şəhər mərkəzində və kəndlərdə 53688 metr SİP kabel çəkilib, 24 ədəd yeni müxtəlif kva-luq elektrk transformatorları quraşdırılıb, 10 ədəd müxtəlif kva-luq elektrik transformatları cari təmir edilib. Bundan başqa, 36,4 km elektrik naqili ilə hava verlişi xətləri çəkilib və 472 ədəd izolyator yenisi ilə əvəz olunub.
Cəlilabad rayonunda da abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Rayonun içməli su şəbəkəsi üzrə 98 faiz, su magistral xətti üzrə 97 faiz, kanalizasiya şəbəkəsi üzrə 94 faiz, kollektor xətti üzrə isə 94 faiz işlər görülüb. Eyni zamanda, şəhərin 31 küçəsinə çınqıl, 3 küçəsinə isə asfalt döşənib. Bu il Cəlilabad şəhərində Heydər Əliyev Fondu hesabına hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilib, İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılıb. Həmçinin yarımçıq qalmış Cəlilabad-Soltankənd avtomobil yoluna, Günəşli kəndinin isə bütün küçələrinə asfalt örtük salınıb. Kənd investisiya proqramı çərçivəsində Muğan, Komanlı, Şatırlı, Kövüzbulaq Üçtəpə, Kazımabad, Günəşli və Şiləvəngə kənd inzibati ərazi dairələrində kənddaxili yolların təmiri başa çatdırılıb, digər kənd yaşayış məntəqələrində isə 300 kilometrdən çox yola çınqıl tökülüb. Həmçinin Cəlilabad şəhərindəki 14 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub. Hazırda Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir. Ötən doqquz ay ərzində Uzuntəpə kəndində yeni yarımstansiya tikilib, Cəlilabad şəhərində, Alar, Uzuntəpə, Seyidbazar, Qarazəncir və Suluçeşmə kəndlərində 9 yeni transformator quraşdırılıb, Göytəpə şəhərində, Qarazəncir, Uzuntəpə, Kazımabad, Maşlıq və Cəlayir kəndlərində 19,9 kilometr SİP kabel çəkilib. Eyni zamanda, 78 yararsız transformator əsaslı təmir olunub, 8000 metr yararsız naqil dəyişdirilib. Cəlilabad şəhərində 2750, Göytəpə şəhərində 320 paqonmetr yeni qaz kəməri çəkilib, Göytəpə şəhərində 198 abonent təbii qazla təmin edilib. Eyni zamanda, Əliqasımlı, Komanlı, Həziabad, Ağdaş, Sərhədabad, Əliabad, Məşədivəlli, Maşlıq və Privolnoye kəndlərinə təbii qaz verilişi bərpa olunub, daha 4500 ailə mavi yanacaqla təmin edilib.
Eləcə də bəhs edilən dövrdə Daşkəsən rayonunda bir çox təmir-tikinti, abadlıq, quruculuq işləri davam etdirilib. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılıb. N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü, Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunub. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir edilib. Yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Vurğulamaq lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir. Bununla yanaşı, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq.
Hacıqabul rayonunda isə 2007-ci ildə tikintisinə başlanılan, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən ümumi uzunluğu 53,95 km və su keçirmə qabiliyyəti 5 kub metr/san olan Hacıqabul magistral beton kanalının 28,1 km-lik hissəsi, Padar magistral beton kanalın 12,5 km-i tikilərək başa çatdırılıb. Bununla yanaşı, 5 km-ə yaxın təsərrüfatdaxili kanallar da tikilərək istismara verilib. Növbəti mərhələdə kanalın Qarasu və Muğan qollarının tikintisi və rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 hektar yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması nəzərdə tutulur. Artıq Hacıqabul Magistral kanalından ayrılan 7,1 km-lik Qarasu magistral kanalının tikinti işlərinə başlanılıb. Bu kanal vasitəsilə Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələrinin, eləcə də 1625 hektar iri əkinçilik təsərrüfatının və 440 hektar sahədə əkilmiş pambığın suvarma suyu ilə təminatı bu kanal vasitəsilə həyata keçirilib. Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin 9 ayında 312 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib.
Hacıqabul rayonunun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2016-cı ilin 9 ayında da davam etdirilərək 6250 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilib.
Kürdəmir rayonunda 2016-cı ilin 9 ayında 9000 ədəd müxtəlif ağac və gül kolları əkilib. Eləcə də müvafiq Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində işlər görülüb. Hesabat dövründə xidmət sahəsində olan 186 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə mütəmadi texniki xidmət göstərilib, mənzillərə texniki baxış keçirilməsi və müqavilələrin yenilənməsi işləri hər gün davam etdirilir. Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin III rübü ərzində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 35/10 kv-luq Muradxan, Pirili, Axtaçı və Mollakənd yarımstansiyalarında cari təmir işləri aparılıb. Kürdəmir rayon mərkəzində və kəndlərin ərazisində ümumilikdə 8,9 km 10 kv-luq və 5,5 km 0,4 kv-luq hava xətləri yenidən qurulub, 555 ədəd smart kart tipli sayğac quraşdırılıb. Muradxan, Dayıkazımlı kəndində və “28 May” hava verilişi xəttində 243 ədəd dayaq əkilib, yeni məftillər çəkilib. Xırdapay və Topalhəsənli kəndlərində də 2 ədəd 400 və 200 kVa-lıq transformator quraşdırılıb, 440 ədəd təzə dayaq əkilib, 11000 metr Sip kabel çəkilib. Rayon ərazisində 17 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 18 ədəd transformator əsaslı, 65 ədədi isə cari təmir olunub.
Müvafiq Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin III rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. 2016-cı ilin 9 ayında Kürdəmir şəhərinin küçə xətlərində 46 ədəd su borularındakı nasazlıqlar təmir edilərək su axıntısının qarşısı alınıb. Şəhərin Heydər Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Nizami küçələrindəki və Aran qəsəbəsindəki mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənib, sınmış qapaqlar dəyişdirilib, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulub. Şəhərin Heydər Əliyev prospektində 15, Koroğlu küçəsində 3, M.Əzizbəyov küçəsində 2, 20 Yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyyətə gətirilib.
İmişli rayonunda da abadlıq-quruculuq işləri davam etdirilib. İmişli şəhərinin Heydər Əliyev prospekti, S.Fətəliyev, M.Müşviq, H.Aslanov və Q.İsmayılzadə küçələri təmir olunaraq asfalt örtüyü salınıb. İmişli dolama yoluna 8 km asfalt beton qoyulub, rayona giriş yolunda 7 km sahədə əsaslı təmir işləri aparılıb. Eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub. İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi işləri başa çatıb, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin, “ASAN xidmət” Mərkəzinin və “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin inzibati binalarının tikintisi nəzərdə tutulub.
Şamaxı rayonunda isə cari ilin doqquz ayında abadlıq və yenidənqurma işləri davam etdirilib. Rayonun şəhər, qəsəbə və kəndlərində geniş abaqlıq-quruculuq işləri aparılıb, avtomobil yolları təmir edilib. 53 km-lik Şamaxı-Padarçöl və turizm əhəmiyyətli rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc kəndlərini birləşdirəcək 22 km-lik yeni avtomobil yolları çəkilib.
Tərtər rayonunda da bu ilin 9 ayında tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilib. YAP Tərtər rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni tikilmiş inzibati binanın tikintisi başa çatdırılıb. Eləcə də Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtükləri əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli ictimai yaşayış binasının fasad hissəsi və giriş blokları suvanıb rənglənib, bloklarda 57 pəncərə və 21 blok qapıları asılıb. Tərtər şəhərinin Heydər Əliyev prospektində və Elman Hüseynov, Famil Qulami, Şıxəli Qurbanov, Mehrac Mahmudov, V.Hüseynov, Fikrət Əmirov, Rasim Mürsəlov küçələrində ümumi uzunluğu 8 km olan yollara asfalt örtük çəkilib. Hazırda Mahir Əsədov küçəsinə asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri aparılır. Tərtər şəhərinin Heydər Əliyev prospektində və E.Hüseynov küçəsində səkilərə tamet daşları döşənib. E.Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan yeni səki bardyorları düzülüb, kommunikasiya xətləri qaydaya salınıb, küçə genişləndirilib. Adıçəkilən küçədə yaşıllıq zolağı salınıb, gecə işıqlanması təmin olunub. Şəhərin Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 ədəd müasir yaşıl örtüklü kiçik idman meydançası tikilib istifadəyə verilib.
Bundan başqa, Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının və müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin, ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli, zirzəmili, müasir üslubda Tarix-diyarşünaslıq müzeyinin də tikintisi uğurla davam etdirilir. Mühüm strateji əhəmiyyətə malik 18051 nəfər əhalisi olan, rayonun 19 yaşayış məntəqəsini birləşdirən, Sarıcalı kəndi ərazisində, Tərtər çayı üzərində uzunluğu 106 metr, eni 11,5 metr olan 3 aşırımlı yeni körpünün tikintisi davam etdirilir. Bununla yanaşı, respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun 18-ci kilometrində, Sarov kəndi ərazisində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün layihə-smeta sənədləri əsasında yeni körpünün tikintisinə başlanılıb. 2016-cı ilin 9 ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilib, Tərtər çayı sahilində, 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb. 2015-ci ilin iyun ayından etibarən başlanan Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsi davam etdirilir.
Goranboy rayonunda da ötən 9 ayda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi başa çatdırılıb. Şəhər 3 saylı uşaq bağçasında bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün beş ədəd fərdi evin tikintisi aparılır. Goranboy-Goran avtomobil yolunda 4 km ikitərəfli yolun tikintisi başa çatıb, yola asfalt örtük salınıb, 2 min 200 metr kabel çəkilib, işıqlandırma sistemi istismara verilib.
Rayonun S.Civəzadə küçəsində, Şəhidlər Abidə Kompleksindən N.Nərimanov küçəsinədək uzunluğu 150 metr hasarın 298 kv.m hissəsi aqlay daşı ilə üzlənib. Şəhərin Heydər Əliyev prospektinə, İ.İsmayılov, Nizami, A.Məmmədov, Dədə Qorqud küçələrinə, C.Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli və 2 mərtəbəli yaşayış binalarının həyətinə, xəstəxanadan Qarasüleymanlı kəndinə gedən yola 11 min 892 kv.m asfalt örtük salınıb. Eləcə də şəhərin S.Civəzadə küçəsində 3, 5, 7, 9, 11, 13, 15, 9a, Vidadi küçəsində 55, 57 saylı, H.Əliyev prospektindəki 8 saylı yaşayış binalarının fasad hissələri və blokları təmir edilərək müasir görkəmə salınıb, binalarda 15 min 400 kv.m sahədə rəngləmə işləri aparılıb. Eyni zamanda, qəzalı vəziyyətdə olan yaşayış binalarına baxış keçirilib, həmin binaların yerində yenilərinin tikintisi üçün lazım olan sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Rayonda 31 Mart - Azərbaycanlıların soyqırımı abidəsində 70 kv.m hasar yenidən tikilərək mərmərlə üzlənib. Nizami Gəncəvi adına parkda və V.Bayramov küçəsində 120 metr hasar bərpa olunub. Heydər Əliyev prospektində yaşıllıq zolağının səki tərəfdən olan hissəsinin 980 metri mişar daşı ilə hörülüb. Şəhərin R.Mustafayev küçəsində piyadaların gediş-gəlişi üçün 540 kv.m səki tikilib.
Bundan başqa, Goranboy şəhəri ilə Rəhimli və Balakürd kəndləri arasında avtomobil yolunun kənarında 96 ədəd işıqlandırma dirəkləri quraşdırılaraq istismara verilib. H.Əliyev prospektində 75 metr hasarın tikintisi aparılıb, 128 kv.metri aqlay daşı ilə üzlənib.
Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37

