Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Yeni iqtisadi şəraitdə regionlarda taxılçılığın və baramaçılığın intensiv inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır

Yeni iqtisadi şəraitdə regionlarda taxılçılığın və baramaçılığın intensiv inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır

21.07.2016 [09:23]

Bölgələrdə bəhs olunan sahələri inkişaf etdirməklə həm ölkənin ərzaq təchizatının daxili istehsal hesabına təmin edilməsinə sanballı töhfə vermək, həm də xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxartmaq mümkündür
Yeni iqtisadi şəraitdə Azərbaycanın regionlarında qeyri-neft iqtisadiyyatının perspektivli istiqamətlərindən biri kimi aqrar sektorun inkişafına böyük diqqət göstərilir. Dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün yaxşı zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Məlum çətinliklərlə müşayiət olunan cari ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir. Bu sahədə potensial isə daha böyükdür. Bu potensialdan səmərəli istifadə etməklə Azərbaycan bundan sonra da regionların tarazlı inkişafının təmin edilməsi də daxil olmaqla bir sıra strateji məqsədlərə nail ola bilər.
Belə ki, hazırda dünya miqyasında yaşanan qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı, bir tərəfdən, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, eyni zamanda, böyük ixrac potensialının yaradılması üçün başlıca şərt qismində çıxış edir. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda əhalinin ət və ət məhsullarına olan tələbatının 90 faizdən çoxu yerli istehsal hesabına ödənilir.
Yuxarıda vurğuladığımız kimi, aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edərək deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda regionlarda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib.
Regionlarda taxılçılıqda qabaqcıl təcrübənin tətbiqi yaxşı səmərə verir
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 64 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Bu strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Bundan başqa, qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir.
Qeyd edək ki, respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub.
Cari mövsümdə zəmilərdə məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb
2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatmaq üzrədir. İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur.
Ayrı-ayrı regionlarda isə cari taxıl yığımı tam başa çatıb və yaxşı məhsuldarlığa nail olunub. Cari mövsümdə Tərtər rayonunda 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə edilib. Bu, ötən illə müqayisədə 2365 ton çoxdur. Məhsulun 29 min 586 tonu buğda, 11 min 647 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 37,3 sentner, arpa sahələrində isə 27,2 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.
Göyçay rayonunda da taxıl biçini kampaniyası uğurla başa çatıb. Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən verilən məlumatda bildirilir ki, biçin üçün sahələrə 53 kombayn və eyni sayda yük maşını cəlb olunub. Göyçaylı fermerlər bu il öz təsərrüfatlarında 13 min 880 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 124 hektar çoxdur. Taxıl sahələrinin 6872 hektarını buğda, 7008 hektarını arpa təşkil edib. Biçin kampaniyasını vaxtında başa çatdıran göyçaylı fermerlər sahələrdən 37 min 67 ton taxıl tədarük ediblər. Rayonda məhsuldarlıq orta hesabla 26,7 sentner olub. Müqayisə üçün bildirək ki, ötən il Göyçayda 13 756 hektar sahədən 36 408 ton taxıl istehsal edilmişdi.
Cari mövsüm öz mülkiyyətlərində olan torpaqlarda taxıl əkib-becərən Ağdaş rayonunun fermerləri üçün də uğurlu olub. Rayonda dövlət qayğısından yararlanan torpaq mülkiyyətçiləri bu il 11 min 73 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 725 hektar çoxdur. Taxıl sahələrinin 2619 hektarını buğda, 8454 hektarını arpa təşkil edib. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib. Biçin kampaniyasını vaxtında başa çatdıran ağdaşlı fermerlər sahələrdən 34 min ton taxıl tədarük ediblər. Rayonda məhsuldarlıq orta hesabla 30,7 sentner təşkil edib.
Kürdəmir rayonunda taxıl biçini bir neçə gün bundan əvvəl yekunlaşıb və zəmilərdən 103 min 440 ton məhsul yığılıb. Qeyd edək ki, rayonda cari ilin məhsulu üçün 40 min 198 hektarda taxıl yetişdirilmişdi. Zəmilərin hər hektarından orta məhsuldarlıq 25,5 sentner təşkil edib. Rayonun bir sıra ərazilərində, o cümlədən Ərəbqubalı, Muradxan, Pirli, Şilyan, Qarasu və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda isə taxıl biçini rekord miqdarda məhsul istehsalı ilə yekunlaşıb. Belə ki, rayonun tarixində ilk dəfə olaraq 120 min 337 ton taxıl tədarük edilib. Biçilən taxılın 79 min 481 tonu buğda, 40 min 856 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində 33,2 sentner, arpa zəmilərində 34,3 sentnerdir. Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 35 min 818 hektarda taxıl yetişdirilib. Bu, əvvəlki illə müqayisədə 4134 hektar çoxdur.
Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də taxıl biçinini uğurla başa çatdırmağa müvəffəq olublar. Burada 13 min 676 hektar taxıl sahəsindən 51 min 407 ton məhsul əldə edilib. Məhsulun 40 min 887 tonu buğda, 10 min 520 tonu arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində orta hesabla 39,3 sentner, arpa sahələrində isə 32,2 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Naxçıvanda da taxıl biçini uğurla başa çatmaq üzrədir
Naxçıvan Muxtar Respublikasının ən böyük bölgələrindən biri olan Babək rayonunda da taxıl tədarükü kampaniyası sürətlə davam etdirilir. Bu il babəklilər 9167 hektar sahədən məhsul götürəcəklər. Son günlərədək 7 min 271 hektar sahədə taxıl yığımı başa çatıb. Məhsuldarlıq 30,1 sentner təşkil edib. Sahələrə 28 kombayn çıxarılıb.
Rayonda taxılçılığın inkişafına böyük önəm verilir. Bölgənin torpaqları bu sahə üçün əlverişlidir və rayonun torpaq mülkiyyətçiləri, sahibkarlar taxılçılıqda zəngin təcrübəyə malikdirlər.
Dövlət tərəfindən göstərilən qayğı da dinamik xarakter alıb. İlbəil rayonda meliorasiya-irriqasiya tədbirlərinin həcmi genişləndirilir, çörəkbişirmə sahələri yaradılır, mövcud dəyirmanların fəaliyyəti gücləndirilir, məhsuldar toxum sortları ilə təchizat diqqət mərkəzində saxlanılır, müasir kənd təsərrüfatı texnikalarının alınmasına böyük önəm verilir. Təbii ki, bütün bunlar yüksək məhsul istehsalı üçün başlıca amillərdir və problemlərin həlli torpaq sahiblərinin taxılçılığa marağını artırır.
Rayonun Nehrəm, Cəhri, Zeynəddin, Şıxmahmud, Sirab, Yarımca, Güznüt, Çeşməbasar və digər kəndlərinin taxıl zəmilərində çəkilən zəhmətin bəhrəsi toplanılır. Bölgədə taxılçılıqla məşğul olan Sənan Novruzov 70, Nicat Qurbanov 42, Cəmşid Həsənov 40, Asəf Məmmədov 25 hektar sahədə məhsul yetişdiriblər.
Yarımca bələdiyyəsinin sədri, uzun illər kəndin ictimai təsərrüfatına rəhbərlik etmiş Arif Səfərov taxılçılıqda zəngin təcrübəyə malikdir. Ötən ilin payızında o, 50 hektar sahədə taxıl əkib. Bu gün onun da sevincinin həddi-hüdudu yoxdur. Sahələrdə bol məhsul yetişib. Arif Səfərov AZƏRTAC-ın müxbirinə deyib: “Hələ uşaqlıq illərindən yaxşı xatırlayıram ki, kənddə taxıl biçininə başlanması əsl el bayramına çevrilərdi. Torpaqlar ictimai təsərrüfatlara məxsus olsa da, kənd ağsaqqalları biçiləcək zəminin kənarına toplaşar, bir-birlərinə gözaydınlığı verərdilər. Sahənin kənarına mexanizatorlar, sürücülər üçün cürbəcür yeməklər gətirilərdi, samovar salınardı. Çünki tədarük olunan taxıl sabahın çörəyi demək idi. Çörək isə min illərdir ki, hamımız üçün ən müqəddəs nemətdir. Bu nemətin bolluğu həmişə insanları düşündürüb. Yaşlı adamlardan dəfələrlə bu sözləri eşitmişik: “Ulu Tanrı heç vaxt öz bəndəsini çörəklə imtahana çəkməsin”. Ancaq nə edəsən ki, xalqımızın belə imtahanla üz-üzə qaldığı vaxtlar da olub. Saatlarla mağazaların qarşısında çörək növbələri yaranıb. Çox şükür ki, bu gün süfrələrimizdə çörək sarıdan heç bir nigarançılığımız yoxdur. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz bəhrələrini verməkdədir”.
Nehrəm kənd tam orta məktəbinin müəllimi Adil Mirzəyev həm də taxılçılıqla məşğul olur. O deyib ki, bu il taxıl bolluğu ilidir. Belə bolluğa isə asanlıqla nail olunmayıb. Bunun təməlində Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən aqrar siyasət dayanıb. Bu siyasətin muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.
Ölkə başçısının 2007-ci il yanvarın 23-də imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.
Regionlarda baramaçılığın şöhrəti bərpa olunur
Respublikamızda tarixən gəlirli sahə olan baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixractutumlu məhsul istehsalının genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən biri də baramaçılığın inkişaf etdirilməsidir. Cari ilin əvvəlindən regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilib. Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək kümçülərə paylanılıb. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub.
Baramaçılıq sahəsində perspektiv planlar daha genişdir
Respublikada gəlirli sahə olan baramaçılığın inkişafı ilə bağlı perspektiv planlar isə daha genişdir. Cari mövsümdə yaş baramanın tədarük qiymətinin təxminən üç dəfə artırılaraq 3 manatdan 8 manata qaldırılması regionlarda bu sahəyə böyük maraq oyadıb. Cari mövsümdə dövlət dəstəyindən bəhrələnməklə baramaçılıqdan qısa müddətdə yaxşı qazanc götürən kümçülər növbəti illərdə daha böyük həcmdə məhsul istehsal etməklə bağlı niyyətlərini bildirirlər. Respublikanın regionlarında baramaçılığın intensiv inkişafını şərtləndirən əsas amillərdən biri tut bağlarının genişləndirilməsidir. Verilən məlumata görə, hazırda Azərbaycanda 354 min tut ağacı var. Baramaçılığın intensiv inkişafına nail olmaq üçün bu rəqəm əhəmiyyətli dərəcədə artırılmalıdır. Hazırda bu məqsədlə zəruri hazırlıq işləri həyata keçirilir. Qarşıdan gələn payız mövsümündə ölkə ərazisində 1 milyon 600 min tut tingi əkilməsi nəzərdə tutulub. Mütəxəssislərin qənaətinə görə, tut bağlarının genişləndirilməsi ilə bağlı planlar reallaşdırılacağı təqdirdə ölkədə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona çatdırmaq mümkün olacaq. Təbii ki, buna müvafiq surətdə kümçülərin gəlirləri də artacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində bölgələrdə yaşayan insanlara üz tutaraq onları daha fəal olmağa çağırıb: “Mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir”.
Azərbaycanda ilk dəfə çəhrayı baramanın yetişdirilməsi də çox əlamətdar hadisədir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla başa çatıb. Belə ki, bu il Mərkəzin İpəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib.
Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün AZƏRTAC-a bildirdiyinə görə, rəngli barama yetişdirilməsi istiqamətində tədqiqat işləri AMEA Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin yaxından köməyi ilə həyata keçirilib. İnstitutun alimləri rəng maddəsinin seçilməsi və dozasının müəyyənləşdirilməsində iştirak edib, təcrübələrə qatılıblar. Yusif Şükürlü qeyd edib ki, hazırda ipəkçilikdə istifadə olunan ağ rəngli baramanın özü alimlərin apardıqları tədqiqat işlərinin nəticəsində əldə olunub. Ancaq son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım gəlməsin. Çünki ipəkçilikdə rəngləmə prosesinə sərf olunan rəng maddələrinin alınması üçün ətraf mühitə küllü miqdarda tullantı atılır, ekoloji mühit çirkləndirilir. “Ona görə də ipəkqurdunun yemlənməsi dövründə az miqdarda rəng maddəsi verilərsə, o zaman maddənin özü molekulyar səviyyədə fibroinin tərkibinə daxil olur, ona yapışır və üzərində qalır. Regional bölmənin də əsas məqsədi rəngli barama almaq və gələcəkdə rəngli kəlağayı istehsalında ondan istifadə etməkdir”, - deyə Yusif Şükürlü bildirib.
Mərkəzin rəhbərinin bildirdiyinə görə, dünyada belə bir təcrübə var və bir çox ölkələrdə rəngli barama yetişdirilir. İndi əsas məqsəd rəngli fibroinin alınması üçün texnologiya işləyib hazırlamaq və istehsalata tətbiqinə nail olmaqdır. Gələcəkdə Mərkəzdə yaşıl, göy və digər rəng çalarlarında da barama yetişdirilməsi planlaşdırılır.
Rəngli baramanın alınması məqsədilə aparılan tədqiqat işlərində Regional Elmi Mərkəzin İpəkçilik Laboratoriyasının əməkdaşları yaxından iştirak edirlər. Mərkəzin tut ipəkqurdu seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov bildirib ki, şöbənin əsas işi yerli şəraitə uyğun məhsuldar tut ipəkqurdu növləri, hibridlər yaratmaq və istehsalata tətbiq etməkdən ibarətdir. Aparılan təcrübələr nəticəsində yarpağa rəng maddəsi tətbiq etməklə artıq rəngli barama yetişdirilməsinə nail olunub. Seleksiya işlərinin növbəti mərhələsində rəng maddəsinin genə keçib-keçmədiyi, bu dəyişkənliyin mutasiya və modifikasiya dəyişkənliyi olması aydınlaşdırılacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31