Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda məhsul yığımı uğurla davam etdirilir

Regionlarda məhsul yığımı uğurla davam etdirilir

01.07.2016 [10:02]

Kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğı bu sahəyə olan marağı daha da artırıb
Son illərdə Azərbaycanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublikanın 20 rayonunda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Vurğulayaq ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısının 2014-cü il yanvarın 16-da imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Qeyd edək ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Son illərdə taxılçılığın respublikanın etibarlı ərzaq təminatı baxımından strateji əhəmiyyəti nəzərə alınaraq regionlarda bu sahənin inkişafı və təsərrüfatlarda məhsuldarlığın artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir.
Vurğulandığı kimi, dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı həm məhsul artımına, həm də fermerlərin bu sahəyə marağının daha da artmasına yol açıb. Regionlardakı məhsul yığımı bunu deməyə əsas verir. Belə ki, Tovuz rayonunda taxıl biçini kampaniyası uğurla davam edir. Artıq fermerlər 3500 hektar sahənin taxılını biçiblər. Taxıl biçilən sahələrin 3 min hektarını buğda, 500 hektarını isə arpa sahələri təşkil edir. Buğda sahələrində orta məhsuldarlıq 30 sentner, arpa sahələrində isə 25,2 sentnerdir. Məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Qeyd edək ki, tovuzlu fermerlər 10 min 325 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 9810 hektarını buğda, 515 hektarını isə arpa zəmiləri təşkil edir.
Naxçıvan Muxtar Respublikasında da taxıl biçini uğurla davam edir. Muxtar respublikada bu ilin məhsulu üçün 26 min 795 hektar sahədə buğda, 4 min 784 hektar sahədə isə arpa əkilib. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.
Bu il muxtar respublikanın Şərur rayonunda 7637 hektar sahədə taxıl əkilib. Bunun 7321 hektarı buğda, 316 hektarı arpadır. Bu günədək torpaq mülkiyyətçilərinə, ümumilikdə, 174 min manat kredit verilib ki, bunun da böyük hissəsindən taxılçılıq üçün istifadə edilib. Bundan başqa, taxılçılıqla məşğul olan hər bir torpaq mülkiyyətçisinə 1 hektar üçün sürtkü yağı alınmasına görə 50 manat, biçin üçün 40 manat vəsait ödənilib. Sahələrə herbisid verilməsi də diqqətdə saxlanılıb.
Şərur rayonunda taxılçılar yüksək reproduksiyalı toxumla təmin ediliblər. Rayonda fəaliyyət göstərən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatı bu sahədə mühüm rol oynayır. Artıq bir neçə ildir ki, bəzi taxılçılar özlərinin istehsal etdikləri toxumlardan da istifadə edirlər.
Beyləqan rayonunun təsərrüfatlarında da taxıl biçini davam edir. Biçin kampaniyasına 60-dan çox taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Taxıl biçini əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçirilir. Hər gün 700-800 hektarda biçin aparılır. Bu günədək 2332 hektarda arpa, 3636 hektarda buğda biçilib, 19 min 526 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 36,9 sentner, arpa zəmilərində isə 26,1 sentnerdir. Bu ilin məhsulu üçün Beyləqanda 17 min 230 hektar sahədə taxıl becərilib. Bunun 14 min 863 hektarı buğda, 2367 hektarı arpa zəmiləridir.
Balakən rayonunda isə yazlıq bitkilərin əkin sahələri əvvəlki illə müqayisədə 819,5 hektar və ya 6 faiz artırılaraq 14 min 402,5 hektara çatdırılıb. Əkin sahələrinin artmasında tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əsas rol oynayıb. Belə ki, uzun illər fasilədən sonra bu il rayonda ilk dəfə 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər qarğıdalı əkininə da marağı ildən-ilə artırırlar. Cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 143,5 hektar artırılaraq 7 min 244,5 hektara çatdırılıb. Kartof, tərəvəz, lobya və bostan bitkilərinin əkin sahələri də əvvəlki illə müqayisədə artıb. Yonca səpilən sahələr isə 2015-ci illə müqayisədə 150 hektar artıb.
Qəbələ rayonunda da taxıl biçini kampaniyası uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən günlər ərzində rayonda 3200 hektar sahədə taxıl biçilib. Kəndlilər indiyədək 10 min ton taxıl əldə ediblər. Biçin üçün sahələrə 45 ədəd kombayn və 45 ədəd yük maşını cəlb olunub. Qəbələli fermerlər bu il öz təsərrüfatlarında 22 min 510 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkinə nisbətən 1110 hektar çoxdur. Taxıl sahələrinin 16 min 10 hektarını buğda, 6500 hektarını isə arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib.
Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən illə müqayisədə daha çox - hər hektarda orta hesabla 32 sentner olacaq. Taxıl biçini kampaniyasının iyulun 10-dək başa çatdırılması nəzərdə tutulur. Mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar. Qeyd edək ki, 2015-ci ildə Qəbələ rayonunda 21 min 300 hektar sahədən 64 min 400 ton taxıl əldə edilmişdi. Məhsuldarlıq isə orta hesabla 30,3 sentner olmuşdu.
Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri 2016-cı ilin məhsulu üçün 65 min 955,7 hektar sahədə əkin həyata keçiriblər. Builki əkinlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4175 hektar çoxdur. Sahələrin 20 min 750 hektarı buğda, 5574 hektarı arpa, 2603 hektarı qarğıdalı, 1210 hektarı soya, 3711 hektarı pambıq, 815 hektarı şəkər çuğunduru, 185,5 hektarı kartof, 1184 hektarı tərəvəz, 523 hektarı bostan bitkiləri, qalanı yoncadır.
Hazırda əkin sahələrində məhsul yığımı aparılır. Bu günədək 5582 hektardan 19 min 978 ton buğda, 4729 hektardan 13 min 971 ton arpa, 72 hektardan 854 ton kartof, 96 hektardan 1125 ton tərəvəz, həmçinin 501 ton meyvə və giləmeyvə yığılıb. Hər hektarın orta məhsuldarlığı buğda zəmilərində 35,8 sentner, arpa sahələrində 29,5 sentner, kartof üzrə 118,6 sentner, tərəvəz üzrə isə 117,2 sentnerdir.
Kürdəmir rayonunda isə bu ildən etibarən təsərrüfatın ənənəvi sahəsi olan və uzun illərdən bəri diqqətdən kənarda qalan pambıqçılığa xüsusi önəm verilir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyi kürdəmirli fermerlərin də bu sahəyə marağını artırıb. Təsadüfi deyildir ki, cari mövsümdə rayonun 30 yaşayış məntəqəsində 1911 hektarda pambıq əkilib və mütəxəssislər gələn il əkin sahələrinin 4 min hektaradək artacağı qənaətindədirlər. Hazırda rayonda pambıq əkini sahələrində 3-cü kompleks becərmə işləri aparılır. Pambıq kolları artıq kütləvi qönçələmə və çiçəkləmə mərhələsindədir. Becərmə işlərinə 500 nəfərdən çox işçi qüvvəsi, kifayət qədər texnika cəlb olunub.
Masallı rayonunda da tütünçülüklə məşğul olan fermer və məhsul istehsalçıları yaxşı məhsul əldə edəcəklərini gözləyirlər. Yetişdirilmiş məhsulun satılması üçün müqavilələr də bağlanılıb. Bu il rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər 10-a yaxın kəndində ilk dəfə tütün əkilib. Yığılan tütün yarpaqları ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir. Tütünün hər kiloqramı fermerlərdən 3 manatdan təhvil alınır. Hazırda bir yığımda sahələrin hər hektarından təxminən 400-500 kiloqram yaş tütün yığılır. Bu rəqəmin qarşıdakı aylarda daha da artacağı gözlənilir. Rayonda tütün yığımı oktyabrın sonuna qədər davam edəcək. Bu il rayonda 10 hektarda tütün əkini keçirən məhsul istehsalçıları yaxşı gəlir əldə edəcəkləri təqdirdə, növbəti illərdə bu rəqəmi 100 hektara çatdırmaq fikrindədirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1109 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30