Azərbaycan Prezidenti İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib
22.08.2017 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.
Həmin gün Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib.
Dövlətimizin başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-lıq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib.
Dövlətimizin başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə də tanış olub.
Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib.
Dövlətimizin başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış olub.
Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Yenidən Göygöl rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi rayona dördüncü səfərimdir. Göygöl rayonunda işlər yaxşı gedir, sosial-iqtisadi inkişaf təmin olunur, rayonun inkişafına böyük diqqət göstərilir. Əvvəlki illərdə bir çox önəmli sosial, iqtisadi məsələlər öz həllini tapıbdır. İnfrastruktur layihələri uğurla icra edilir, sosial obyektlər tikilir. Bir neçə il bundan əvvəl 150 çarpayılıq rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri açılmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha çox kəndə qaz xətləri çəkilməlidir. Elektrik enerjisi ilə bağlı problemlər öz həllini tapır. Bu gün biz 3 meqavat gücündə yeni su elektrik stansiyasının açılışını qeyd etdik. Kənd yollarının tikintisi davam etdiriləcək. Artıq bir neçə layihə icra edilib, növbəti illərdə qalan kəndlərdə də yollar salınacaq, xüsusilə Göygöl gölünə gedən yol əsaslı təmir olunmalıdır. Bu məqsədlər üçün lazımi vəsait yaxın gələcəkdə ayrılacaqdır.
Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun.
Bu gün biz Göygöl rayonunda respublika əhəmiyyətli iki obyektin açılışını qeyd edirik. Bu, kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzidir. Bu laboratoriyanın və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir. Buradakı toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün bizə imkan yaradacaq. Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcəkdir. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində.
Son illər ərzində görülmüş işlər - Şəmkirçay, Taxtakörpü su anbarlarının, kanalların yaradılması və digər meliorativ tədbirlər nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi əkinə cəlb edilibdir. Yəni, bu il bizim məqsədimiz ondan ibarətdir ki, 100 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edək. Yeni suvarma sistemləri də tətbiq edilir, o cümlədən bu bölgədə. Bu işləri görəndən sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına inkişaf etdirə bilərik. Bu laboratoriya bu imkanı bizə yaradır.
Eyni zamanda, Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa ölkələrindən artıq minlərlə inək gətirilibdir. Bu proqram hesabına Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar yaradılıbdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.
Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq. Çünki hazırda kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.
İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan qaldırılır. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.
Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.
Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.
Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.
Sonra Göygöl Regional Aqrokimya Laboratoriyasının aparıcı mütəxəssisi Zümrüd Səlimova, Göygöl rayon Baytarlıq İdarəsinin baytar həkimi Bariz Aslanov çıxış edərək Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Daha sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Respublika Süni Mayalanma Mərkəzi barədə Prezident İlham Əliyevə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-”İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün Prezident İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısı Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında da iştirak edib.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var. Bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılmışdır. Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.
Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.
Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.
Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir.
Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək.
Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür.
Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun”.
Kənd sakini Mahirə Məmmədova, rayon sakini Aidə Namazova göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.
Prezident İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyası istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49

