Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrlərini qəbul edib

23.12.2016 [10:01]

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev türkdilli ölkələrin parlament rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb, bu səfərin birliyimizi möhkəmləndirəcəyini və münasibətlərimizə yeni təkan verəcəyini qeyd edib. Türkdilli ölkələrin parlamentləri arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev türkdilli ölkələrin əməkdaşlığına dövlət başçılarının da öz fəaliyyətləri ilə töhfə verdiklərini bildirib və bu əməkdaşlığın həm region, həm də dünya üçün önəm daşıdığını deyib. Dövlətimizin başçısı Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib.
Prezident Nursultan Nazarbayevin salamlarını və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzularını çatdıran Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin görüşdə iştirak edən həmkarları adından Azərbaycanda referendumun uğurlu keçməsi münasibətilə təbriklərini ifadə edib. N.Niqmatulin vurğulayıb ki, bu referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini və müstəqilliyimizin möhkəmləndirilməsini dünya ictimaiyyətinə bir daha nümayiş etdirib. Qazaxıstan Parlamenti Məclisinin sədri bildirib ki, bu gün müasir Azərbaycanın lideri kimi Prezident İlham Əliyev həm də türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verir. TürkPA nümayəndə heyətinin hər səfərdə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etdiyini və dahi Heydər Əliyevin xatirəsinə dərin ehtiramını bildirdiyini deyən Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə Heydər Əliyevin şəxsi dostluq münasibətlərindən danışıb. Bildirib ki, Qazaxıstan dövlətinin başçısı Ulu öndərin xatirəsini həmişə dərin hörmətlə anır və Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyini və müstəqilliyini möhkəmləndirdiyini daim qeyd edir. Qazaxıstan Parlamenti Məclisinin sədri Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının inşasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki, xalqlarımız ümumi türk mənşəyinə malikdir, ona görə də bu binanın Bakıda inşasının rəmzi mənası var.
“Bakı Azərbaycanın inkişafının parlaq nümunəsidir”, - deyən Nurlan Niqmatulin qeyd edib ki, Azərbaycan və onun paytaxtının inkişafı böyük təəssürat yaradır. O, TürkPA ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində də ümumi mövqeləri dəstəklədiklərini bildirib və bu siyasətin davam edəcəyini söyləyib, yeni qərargahda Prezident İlham Əliyevin tövsiyələri ilə səmərəli təşəbbüslərin irəli sürüləcəyinə əmin olduğunu deyib. Nurlan Niqmatulin Azərbaycan Prezidenti İlham Əliyevin TürkPA-nın inkişafında rolunu və töhfələrini qeyd edib, qurumun fəaliyyətinə verdiyi dəstəyə görə həmkarları adından minnətdarlığını bildirib. Vurğulayıb ki, “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti layiq görülüb.
Qazaxıstan Parlamenti Məclisinin sədri medalı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Söylədiyi xoş sözlər üçün Nurlan Niqmatulinə təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev TürkPA tərəfindən fəaliyyətinə verilən qiyməti yüksək dəyərləndirərək bildirib ki, bu medalın təqdim olunmasının Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışına, həmçinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Dövlətimizin başçısı bildirib ki, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi qəbul edilir. Prezident İlham Əliyev qeyd edib ki, türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir. Xalqlarımızın ümumi tarixə və köklərə malik olduğunu xatırladan Prezident İlham Əliyev deyib ki, Azərbaycan gələcəkdə də türkdilli ölkələrin daha da yaxınlaşmasına, xalqlarımızın bir-birini dəstəkləməsinə töhfə verəcək. Dövlətimizin başçısı Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına ən xoş arzularını çatdırmağı xahiş edib.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə toxunaraq ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində TürkPA-nın rolunu xüsusi qeyd edib.
Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov da ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirərək parlamentlərarası əməkdaşlığın bu əlaqələrin inkişafına töhfəsini verdiyini qeyd edib.

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31