/ / Prezident İlham Əliyev: Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir
Prezident İlham Əliyev: Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir
12.03.2015 [12:18]
Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər edib
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistan Prezidentinə raport verib.
Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Pakistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məmnun Hüseynə, Pakistan İslam Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli cənab Prezident, nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, Sizin səfəriniz ikitərəfli əlaqələrimizin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsini təmin edəcək mühüm sənədlər imzalanacaq. Bizim aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir. Sizin səfəriniz siyasi, iqtisadi, mədəniyyət, elm, texnologiya, müdafiə sənayesi sahələrində tərəfdaşlığımızın gücləndirilməsində mühüm addım olacaq. Biz bütün sahələrdə ölkələrimiz arasında daha geniş əməkdaşlığın olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın mövqeyini beynəlxalq təsisatlarda dəstəkləməyinizi yüksək qiymətləndiririk. Biz bütün beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi əməkdaşlığımızın və əlaqələrimizin yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə Sizə olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir. Ümidvaram ki, müvafiq hökumət rəsmilərinin də bir-biri ilə danışıqlar aparmağa və birgə gələcək fəaliyyəti planlaşdırmağa vaxtı olacaq. Əminəm ki, yaxşı nəticələr əldə etmək üçün səfəriniz nəticəsində bizi birləşdirən bütün sahələrdə konkret planımız olmalıdır və sonra onlar bizim təlimatlarımızı necə yerinə yetirdikləri barədə bizə məruzə edəcəklər.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz”.
Pakistan Prezidenti Məmnun Hüseyn çıxış edərək deyib: “Çox sağ olun, cənab Prezident. Məni qardaş ölkəyə - Azərbaycana dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkür etmək istəyirəm. Azərbaycana gəldiyim andan, elə hava limanından mənə göstərilən səmimi qəbula görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bununla belə, bir çox beynəlxalq məsələlərdə bizimlə apardığınız tərəfdaşlıq, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Məsələn, Cəmmu və Kəşmir məsələsi kimi mövzularda bizi daim dəstəkləyirsiniz və prinsipial mövzulara gəldikdə, onların əvvəlki illərdə qəbul edilmiş BMT qətnamələrinə uyğun olaraq həll edilməsini hər zaman dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində Sizi dəstəkləyirik və bunu gələcəkdə də, inşallah, davam edəcəyik. Bəzi “qonşular” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik. Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə birlikdəyik.
Cənab Prezident, Sizinlə müzakirə etdiyimiz kimi, ölkələrimizdə gözəl imkanlar var. İndi müsəlman dünyası bilməlidir ki, bir-birimizə kömək edərək, bəlli sahələrdə bir-birimizin təcrübəsindən istifadə edərək daha güclü olmalıyıq”.
Prezident İlham Əliyevin və Prezident Məmnun Hüseynin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni Prezident İlham Əliyev və Prezident Məmnun Hüseyn imzalayıblar.
“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”i Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser imzalayıblar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Pakistanın Xarici İşlər Nazirliyinin xüsusi katibi Amcad Hüseyn Sial imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident, əziz dostlar.
Nümayəndə heyətinin üzvləri.
Cənab Prezident, Sizi və nümayəndə heyətinizi bir daha salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Səfərinizə çox böyük əhəmiyyət veririk. Bu səfəriniz ölkələrimiz, həmçinin Azərbaycan və Pakistan xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir.
Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.
Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik.
Bu gün cənab Prezidentlə ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq təsisatlarda əməkdaşlığımızı müzakirə etdik. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.
Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.
Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir.
Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi dəstəkləyirik.
Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.
Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.
Əməkdaşlığımızın mühüm bir hissəsi humanitar sahəyə aiddir. Bu, mədəniyyət, elm, sosial sahələrdir. Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Çünki beynəlxalq arenada qarşılıqlı dəstək, iqtisadi və enerji sektorlarında əməkdaşlıq həqiqətən strateji tərəfdaşlığın səviyyəsinin göstəricisidir. Habelə ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. İslam dünyasında daha çox birliyə, qarşılıqlı dəstəyə ehtiyacımız var. Bir-birimizi siyasi və iqtisadi cəhətdən, həmçinin beynəlxalq təşkilatlardakı fəaliyyətlərimiz baxımından dəstəkləməliyik.
Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk. Azərbaycan və Pakistan bu istiqamətdə öz mühüm rolunu oynamağa davam edəcək. Başqa sözlə desək, biz bütün sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var. Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Bu gün qardaş ölkənin Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunuq. Ümid edirəm ki, səfərinizin çox yaxşı nəticələri və səfərlə bağlı xoş xatirələriniz olacaq. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz”.
Prezident Məmnun Hüseynin bəyanatı: “Sağ olun, cənab Prezident.
Zati-aliləri, qardaşım İlham Əliyev.
Hörmətli nazirlər, mətbuat nümayəndələri, xanımlar və cənablar.
Qardaşım Prezident İlham Əliyevin dəvəti ilə bu gün burada olmaqdan çox məmnunam. Biz mövcud mükəmməl ikitərəfli münasibətlərimizi müzakirə etdik və onların səviyyəsindən məmnunluğumuzu bildirdik. Səmimi əlaqələrimizin bundan sonra da davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəldik. Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq.
Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik.
Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının Ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik.
Xanımlar və cənablar, bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk.
Mən, həmçinin qardaşım İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm. Biz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işləyirik. Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır.
Xanımlar və cənablar, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq.
Mən qardaş Azərbaycanın inkişafı üçün dua edirəm. Yaşasın, Pakistan-Azərbaycan dostluğu. Yaşasın Pakistan-Azərbaycan qardaşlığı. Sağ olun”.
Mətbuata bəyanatlardan sonra Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə müvafiq qərar oxunub.
Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə Fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.
Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnundur”.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordenini təqdim edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək deyib: “Cənab Prezident, birinci xanım, əziz dostlar,
Pakistan İslam Respublikasının ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeni ilə məni təltif etdiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan ilə Pakistanı tarixi və mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və əminəm ki, Azərbaycana etdiyiniz səfər bu əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq.
Çox şadam ki, Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl səylər göstərir. Bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur. Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır.
Fond təhsil, səhiyyə və sosial sahələrdə layihələr həyata keçirir. Pakistanın müxtəlif yerlərində bütün layihələrin icrası zamanı biz yerli əhalidən güclü dəstək aldıq və beləliklə, ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsi olan insanlar arasında təmasların geniş formatını qurduq.
Heydər Əliyev Fondunun prezidenti olaraq fərəhlənirəm ki, Fondumuz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verir. Ümidvaram ki, hər iki Prezidentin dəstəyi ilə Pakistandakı fəaliyyətimiz davam edəcək.
Bu fürsətdən istifadə edərək ölkənizin xalqına böyük hörmətimi ifadə etmək istəyirəm. Bütün bu illər ərzində ölkənizdə çoxlu sayda yaxşı dost qazanmışıq. Cənab Prezident, fəaliyyətimizə verdiyiniz bu cür yüksək qiymətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz, sizə böyük uğurlar arzulayıram. Çox sağ olun”.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Pakistan Prezidenti Məmnun Hüseyn və xanımı Bequm Sahiba xatirə şəkli çəkdiriblər.
Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Bequm Sahiba ziyafətdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16

