Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfər edib

30.09.2014 [09:32]

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib.
Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan park şəhər sakinləri və qonaqlar üçün ən sevimli məkandır. Burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.
* * *
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub. Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Təntənəli mərasimdə çıxış edən tədbirin aparıcısı uşaq bağçasının istifadəyə verilməsini Həştərxanın həyatında əlamətdar hadisə adlandırıb.
Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin tədbirdə çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək deyib: “Hörmətli Aleksandr Aleksandroviç,
Hörmətli mer.
Əziz dostlar, hörmətli həştərxanlılar.
Demək istəyirəm ki, dost Həştərxan torpağında yenidən olmağıma şadam. Bu, Həştərxan vilayətinə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobildə gələrkən mən Aleksandr Aleksandroviçi Həştərxan vilayətinin son illərdə qazandığı böyük uğurlar münasibətilə təbrik etdim. Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, mənzillər, ticarət mərkəzləri, ictimai yerlər tikilir, parklar salınır. Bütün bunlar Həştərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr Aleksandroviçin mənimlə artıq bölüşdüyü planlar gerçəkləşəndə Həştərxan daha da gözəl olacaq.
Xəzəryanı dövlətlərin dörd il bundan əvvəl keçirdiyimiz Bakı Sammitindən sonra indi Həştərxanda keçirilməsi də, əlbəttə, bu şəhərin inkişaf səviyyəsinin göstəricisidir. Sammit Rusiya Federasiyasının istənilən başqa şəhərində keçirilə bilərdi, lakin məhz Həştərxan seçildi və biz buna çox şadıq. Əminəm ki, Xəzəryanı dövlətlərin bu gün qəbul edəcəyi qərarlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Biz buna çalışırıq, bunu istəyirik və əlbəttə, Bakı ilə Həştərxan arasında çoxəsrlik tarixə malik olan qədim əlaqələrin bu gün necə inkişaf etməsinə sevinirik.
Biz həm də sevinirik ki, Həştərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə “Həştərxan-Bakı” Dostluq parkı var. Keçən dəfə həmin parkı Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq. Təsadüfi deyil ki, uşaq bağçası “Drujba” adlandırılıb. Mənim fikrimcə, bu adın rəmzi mənası var, çünki bizim nəslimiz dostlar nəslidir, biz bir ölkədə yaşamışıq, bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik. Gərək gənclər də bir-biri ilə ünsiyyətdə olsunlar, kiçik yaşlarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varisliyini təmin edərik.
Bizi birləşdirən cəhətlər çoxdur - tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə, regionlar arasında münasibətlərə görə şadıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan münasibətlərin səmimiliyinin və dərinliyinin daha bir göstəricisidir.
Bu əlamətdar hadisə münasibətilə həştərxanlıları, bizim hamımızı, Həştərxanın dostlarını bir daha təbrik edirəm və arzu edirəm ki, uşaqlar burada özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli vətəndaşları kimi böyüsünlər. Sağ olun”.
Daha sonra bağçanın açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bağçanın rəmzi açılışını bildirən lenti kəsiblər.
Binanın foyesində Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, dövlətimizin başçısı İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.
Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
Dövlətimizin başçısı balacaların ifasında rəqsə baxıb.
Bağça ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirib.

Paylaş:
Baxılıb: 756 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31