Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin müsahibəsi dünya mediasında geniş işıqlandırılıb

Prezident İlham Əliyevin müsahibəsi dünya mediasında geniş işıqlandırılıb

08.01.2026 [12:17]

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə dünya mediasında da geniş işıqlandırılıb. Belə ki, Çinin milli xəbər agentliyi “Sinxua”nın Azərbaycan Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb.

 “Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir” adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib. “Sinxua” Prezident İlham Əliyevin “Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik” sitatını da xəbərə daxil edib.

Nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlət başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər.

Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub. Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press” qəzetinin materiallarında isə qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident qeyd edib: “Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

Moldovanın aparıcı “Noi.md” xəbər portalında da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən əsas sitatları əks etdirən məqalə dərc edilib.  Rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Azərbaycan qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.

Məqalədə dövlət başçımıza istinadla daha sonra vurğulanır ki, Azərbaycan hazırda 14 ölkəyə qaz tədarük edir, onlardan 11-i müntəzəmdir. Ümumilikdə, Azərbaycandan boru kəməri qazının coğrafi ərazisi 14 ölkədir və bu il daha iki Avropa ölkəsi də əlavə olunacaq. Ona görə də ümumilikdə onların sayı 16 olacaq və bu, boru kəməri ilə qaz tədarükü baxımından ən böyük rəqəmdir. Dünyanın heç bir ölkəsi Azərbaycan qədər ölkəyə boru kəməri qazı vermir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31