İdeyalar aləminə səyahət
24.06.2026 [08:51]
Tomas Mannın “Sehirli dağ” romanı haqqında
əvvəli ötən saylarımızda
Hans Kastorpun “Berqhof”da keçirdiyi yeddi ilin tamamında dünya savaşı başlanır. Bu müddət ərzində onun babalığı, himayədarı Tinapel də ömrünü başa vurur. Savaşın gurultusu göyləri də ürküdür, göy əhli göydən enib yer üzünə səpələnir. Oxucu Hans Kastorpu sonuncu dəfə döyüş meydanında görür.
***
Dünya savaşının cəbhələrində dostumuzun başına nələr gəldiyini biz bilmirik, hərçənd müəllif onun həlak ola biləcəyinə kiçicik də olsa eyham vurur. Hansın ideyalar aləmindən əməl dünyasına enişi monastırda tərbiyələnmiş gənc ruhaninin vaxtı çatanda öz əqidəsini sınaqdan keçirmək üçün dəhr bazarına (Füzuli), insanlar arasına ezam olunmasını xatırladır. Onun sonrakı taleyi missiyasını necə yerinə yetirdiyindən asılı olacaq.
Hans Kastorpun dağdan kamil, yetkin bir şəxsiyyət kimi endiyini deyə bilmərik, hərçənd onun gördüyü, özünün də yozduğu yuxu bizə bu istiqamətdə ümid, işarə verir. Həmin yozumdan yola çıxsaq, o, tezliklə Karl Yunqun Özlük (bəlkə də Özümlük) adlandırdığı arxetipin timsalına, yəni təxminən Tolstoyun Pyer Bezuxovuna, Dostoyevskinin knyaz Mışkininə bənzər bir obraza çevrilməlidir. Kim bilir, bəlkə elə “İosiflə qardaşları” romanının itkin qəhrəmanı Yusif peyğəmbər dünya müharibəsində itkin düşüb sonra da sağ tapılmış həmin Hans Kastorpdur? Belə bir sehirli çevrilməyə, zaman transformasiyasına, metafizik əməliyyata nail olmaq usta kimyagərin əlində nə çətin işdir?..
Hans peyğəmbər olmasa da, peyğəmbərliyə namizəd sayıla bilər. Onun İsa Məsihin mürşidi Yəhya peyğəmbər misalı müəllimləri, ustadları var, ancaq həmin ustadlar yeni bir sistem yaratmırlar, onlar sadəcə, Hansın zehnini itiləyib ovxarlayırlar, şagirdin beynini böyük bir yükü qaldırmağa hazırlayırlar. Nəticədə “Berqhof”a gəmiqayırma mühəndisi kimi gələn Kastorp buradan könül mühəndisi kimi qayıdır. İdeal aləmdən real dünyaya - dağdan düzə enəndə sazlanmış zəka aparatı qəhrəmanın dadına çatacaq, intellekt intuisiyanın, ağıl ruhun qulluğunda duracaq. Dağların metafizik ucalığına aparan bütün yollar belə bir müqəddəs sazişin bağlanmasından keçir.
“Berqhof”da yaşadığı illər Hansın gerçək dünyada yenidən doğuluşuna, əslində zühuruna hazırlıq mərhələsidir. Növbəti mərhələdə nələr baş verdiyini öyrənmək üçün Tomas Mannın növbəti böyük romanına - “İosiflə qardaşları” epopeyasına baş vurmaq yetər (iki il qabaq biz buna cəhd göstərdik). Bu romanda hadisələr göydən yerə düşməklə, orada isə yerdən göyə qalxmaqla bitir. Burada Hans Tanrı dərgahından İblisin cəhənnəminə enir, orada Yusif Şeytanın dünyasını Allahın səltənətinə - yeri göyə çevirir. Hans ideya dünyasından reallığa transfer olunur, Yusif real dünyanı ideya qatına qaldırır.
***
Sanatoriyada cövlan eləyən ideyalar Kastorp üçün fon yaratmaq niyyəti güdür. Həm də bu fon yalnız müəllifin, yaxud qəhrəmanın yaşadığı dövrün dəbdə olan rəngləriylə boyanmayıb, öz rənglərini üç min ildən bəri ara verməyən ideoloji savaşların rəmzlərindən alıb. Məsələn:
italyan Settembrini ilə yəhudi Naftanın mübarizəsi, Freydin təbirincə desək, Erosla Tanatosun savaşıdır - biri həyatı, tərəqqini, o biri, fərqi yoxdur, istər intihar olsun, istərsə terror, ölümü vəsf eləyir;
Settembrini antik tanrı Apollona, işığa, ağlın, sözün, maarifin qüdrətinə tapınır, Hansı sağlam həyata, mübarizəyə çağırır, hərçənd onun inancı bir az boyatıyıb, özü də gülməli görünür; xristian-katolik fundamentalizmini kommunizmə calamış nifrət tuluğu Nafta isə düşünür ki, azadlıq burjuyların uydurduğu anlayışdır, insan zülmə tabedir, ruhun xilası naminə total terror törədilməli, qan tökülməlidir (onun Dostoyevskinin Böyük İnkvizitoruna bənzədiyini sezmək çətin deyil);
mütərəqqi zəkaya səcdə qılan italyan humanist, Nitsşe dilində söyləsək, Apollon məbədinə söykənirsə, canında ağlın təsdiqinə, məntiqin bəraətinə ehtiyac duymayan böyük irrasional güc gəzdirən holland maqnat təbiətin qanı kimi içdiyi Dionis şərabından vəcdə gəlir; tropik xəstəliyə yoluxmuş, içkidən doymayan, həyəcandan cümləsini sona çatdıra bilməyən, yaşamaq enerjisi aşıb-daşan qoca Peperkorn axırda həmin enerjini intihara xərcləyir (onun prototipi böyük alman dramaturqu Gerhart Hauptmandır);
baş həkim Berens insan həyatını istisnasız olaraq kimyəvi reaksiya sayır, doktor Krokovski isə fiziki xəstəliklərə boğulmuş erotik arzuların fəsadı, maskalanmış sevgilər kimi baxır;
“qırğız gözlü” madam Şoşa vəhşi, azad şəhvətin, rus çölütək intəhasız ehtirasın; “qorxu və əsməcəni” fəlsəfi kateqoriyaya çevirmiş Kyerkeqorun yerlisi Elli Brand isə idrakın sərhədlərini aşan hissi-intuitiv başlanğıcın timsalıdır...
Qəhrəmanımızın qardaşlığı Yoaximə gəlincə, o, yuxarıların yox, aşağıların adamıdır. Bir namuslu zabit kimi Yoaxim sanatoriyada keçirdiyi ayları vaxt itkisi, fərarilik, xaltura sayır, tezliklə sağalıb ordu sıralarına qayıtmağa can atır. Sonda canı bahasına başa gəlsə də, dediyini yeridir. Yoaxim təkcə “əsgər”, “döyüşçü”, yox, həm də “bədən” arxetipinin simvolu, ideyasıdır. Onun cismindən cüda düşmüş, azıb qalmış ruhu Hans Kastorpdur. Əvvəlcə qardaşların yeri dəyişik düşsə də, sonra hər kəs öz yerinə toxtayır - Hans dağlarda qalır, Yoaxim düzlərə enir.
Yeddi illik könül məşqindən sonra ideyalar aləmindən real dünyaya desant kimi atılan Hans Kastorpun xam ruhunun etibarlı cangüdənə, fədakar qardaşa - Yoaxim kimi intizamlı, sədaqətli, tərbiyəli bir bədənə ehtiyacı var. Belə bədən bu dünyada onun cənnəti olacaq, daha doğrusu, o bədən özü şeytani dünyadaykən cənnətdə yaşayacaq. Həqiqətən, xoşbəxt bədən, sağlam can - üzüyola, sözəbaxan candır, ruhuna sözsüz-sovsuz təslim olan, özünü yiyəsinin sərəncamına könüllü verib onun əlində əsaya çevrilən bədəndir. Qalan bütün hallarda ruh - bədənində dustaq, ürək - üzünə duran canının əlində girinc, bədən isə yiyəsinə hürən it, sahibini ömürlük girov saxlayan türmədir.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20

