Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan növbədənkənar prezident seçkisi astanasında

Qazaxıstan növbədənkənar prezident seçkisi astanasında

11.03.2015 [09:26]

Aparılan rəy sorğularının nəticələri bu dəfə də Nursultan Nazarbayevə alternativin olmayacağından xəbər verir
Aprelin sonunda Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, ölkədə keçiriləcək sayca beşinci prezident seçkiləri olacaq. 2011-ci ildə növbədənkənar prezident seçkilərində əhalinin mütləq əksəriyyətinin səsini qazanan hazırkı dövlət başçısı Nursultan Nazarbayevin prezidentlik müddəti hələ 2016-cı ildə başa çatır. Lakin dünyada baş verən geosiyasi hadisələr görünür bu prosesi bir qədər sürətləndirib. Belə ki, cari ilin əvvəlində ölkə ictimaiyyətinin nümayəndələri Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair təşəbbüslə çıxış ediblər. Və bu təşəbbüs ölkə vətəndaşlarının mütləq əksəriyyəti, eləcə də, parlament tərəfindən dəstəklənib.
Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstan Mərkəzi Asiya regionunun ən böyük dövlətidir. Dünyanın məşhur “Bloomberg” maliyyə portalının mütəxəssislərinin hesablamalarına görə, Qazaxıstan 2015-ci ildə iqtisadiyyatı yüksək inkişaf etmiş 20 ölkə arasında 11-ci yerdə qərarlaşıb. Amma görünən odur ki, dünyada tüğyan edən iqtisadi böhranın təzahürləri bu ölkədən də yan keçməyib və bu gün ölkə iqtisadiyyatı ciddi təzyiqlərlə üzləşməkdədir. Belə ki, əsasən neft və metalların ixracatçısı kimi tanınan Qazaxıstan bu təbii sərvətlərin dünya bazarlarındakı satış qiymətlərinin aşağı enməsi səbəbindən hazırda ciddi maliyyə itkiləri ilə üzləşməkdədir. Digər tərəfdən isə, ölkədə iqtisadi vəziyyətin pisləşməsini “Rusiya faktoru” şərtləndirib. Başqa sözlə, bu iki qonşu dövlətin iqtisadiyyatı bir-birinə ciddi şəkildə inteqrasiya olunub. Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının inkişaf tempinin aşağı düşməsi Qazaxıstan iqtisadiyyatının inkişafını da əngəlləməkdədir.
Amma Belarusdan fərqli olaraq, rəsmi Astana Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanları barədə heç düşünmür. “Bu gün Rusiya özünün ağır dövrünü yaşayır, amma biz ölkə olaraq onun yanındayıq. Mən, eləcə də, bütün qazaxıstanlılar əmindirlər ki, Rusiya bu çətin vəziyyətdən şərəflə çıxmağı bacaracaq, inkişaf edəcək və çiçəklənəcəkdir”, - deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışlarının birində vurğulayıb.
Bu gün Qazaxıstanın tenqəsi Aİİ-yə daxil olan ölkələr, eləcə də, bəzi postsovet məkanı ölkələri arasında yeganə milli valyutadır ki, öz dəyərini itirməyib. Bir sözlə, Qazaxıstan dünyadakı indiki çətin dövrdə özünün “regionun lider ölkəsi” statusunu qoruyub saxlaya bilib. Amma buna baxmayaraq, bəzi neqativ faktorlar hökuməti qısamüddətli iqtisadi strategiyalar hazırlamağa və “iqtisadi rejim”ə keçməyə vadar edir. Bu faktorlar sözsüz ki, ÜDM-in artımı və əhalinin rifahında da özünü büruzə verməyə bilməzdi. Odur ki, ölkədə “Nurlu yol” adlı xüsusi antiböhran proqramı hazırlanıb ki, bu da Qazaxıstanda iqtisadi risklər və işsizlik səviyyəsinin artmasının qarşısını almağa xidmət edir.
Bundan əlavə, bir sıra digər geosiyasi və qeyri-iqtisadi faktorlar da mövcuddur ki, onlar da ölkədə yaranmış vəziyyətə təsir etməkdədirlər. Məsələn, antiterror koalisiyası qüvvələrinin Əfqanıstandan çıxarılmasının nəticəsi olaraq, Asiyadakı münaqişə ocaqları - o cümlədən, Suriya, Əfqanıstan, eləcə də, İŞİD-in nəzərətində olan bölgələrdən ekstremizmə meyilli qüvvələrin Qazaxıstana axını artırmaqdadır. Bu isə ölkədaxili böhrana - radikal əhval-ruhiyyəli elementlərin ölkədə gərginliyi artırmasına səbəb ola bilər. Bu, eyni zamanda, Əfqanıstandan narkotik qaçaqmalçılığının artmasına da şərait yaratmaqdadır. Mahiyyət etibarı ilə bu gün Qazaxıstan Əfqanıstandan həm narkotik vəsaitlər, həm də ekstremistlərin hərəkət yolunda bir bufer zona, maneə rolunu oynamaqdadır. Odur ki, bu baxımdan ölkədəki həm siyasi, həm də iqtisadi sabitlik çox mühüm rol oynayır.
Bu gün həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda sabitliyin bərqərar olunmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır. O, demək olar 20 ildən artıqdır ki, siyasi hakimiyyətdədir. Özü də tam qanuni şəkildə. N.Nazarbayev indiyədək keçirilən bütün seçkilərdə seçicilərin böyük əksəriyyətinin rəğbətini qazana bilib. Bir çox beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in müşahidəçiləri indiyədək ölkədə keçirilən seçkilərdə hər hansı qanun pozuntusu barədə mənfi fikir söyləməyiblər.
Yerli analitiklər ölkə vətəndaşlarının prezidentə olan inamını bir sıra faktorlarla əlaqələndirirlər. Bu, ilk növbədə, məhz Nursultan Nazarbayevin ölkədə birlik və həmrəyliyə nail olunmasına yönəlmiş siyasət həyata keçirməsi ilə bağlıdır. Belə ki, Qazaxıstan postsovet məkanında yeganə ölkədir ki, keçmiş SSRİ dağıldıqdan sonra burada milli zəmində hər hansı münaqişə baş verməyib. Hazırda ölkə ərazisində 140 etnik qrup və 10 dini konfessiyaların nümayəndələri sülh şəraitində yaşamaqdadırlar.
Astanada unikal dialoq meydançası-Qazaxıstan Xalqlarının Assambleyası (QXA) yaradılıb. Assambleyanın tərkibinə ölkə ərazisində yaşayan bütün xalqların Milli Mədəniyyət Mərkəzlərinin rəhbərləri daxildirlər. Bundan əlavə, hazırkı hakimiyyətin yürütdüyü iqtisadi siyasət xalq tərəfindən də dəstəklənməkdədir. Ölkə əhalisinin yaşayış səviyyəsinə görə Qazaxıstan orta gəlirli ölkələr sırasında yer almaqdadır. BMT-nin hesablamalarına görə Qazaxıstan insan inkişafı indeksinin yüksək olduğu ölkələr qrupuna daxildir. Dünyadakı kataklizmlərin səbəb olduğu müvəqqəti çətinliklərə baxmayaraq, ölkə iqtsadiyyatı daim yüksəlməkdədir.
Sosial sorğuların nəticələri ölkə əhalisinin mütləq əksəriyyətinin hazırkı hakimiyyətin kursunu dəstəklədiklərini göstərir. Bununla belə, analitiklərin qənaətinə görə, ölkədaxili siyasi və iqtisadi sabitliyin məhz bir siyasətçi tərəfindən müəyyən edilməsi bəzən müəyyən risklərin meydana çıxmasına səbəb olur. O cümlədən, ola bilsin ki, gələcəkdə Nazarbayev hakimiyyətdən gedəndən sonra, bu, ölkə üçün müəyyən çətinliklər yaratsın. Məsələ burasındadır ki, bu gün ölkədəki bütün üzdə olan şəxslər, tanınmış siyasətçilər hamısı özünü “Nazarbayevin yetirmələri” adlandırır - onlar iqtidar komandasında təmsil olunurlar. Elə bu səbəbdən də dövlətin siyasətinə uyğun olaraq, onlar hər hansı bir məsələyə öz münasibətlərini bildirmirlər. Ölkədə hakimiyyət dəyişikliyi isə, sözsüz ki, bu komandanın yeniləri ilə əvəzlənməsinə gətirib çıxara bilər. Amma bir məsələ də var ki, Qazaxıstanda müxalifət çox güclü də deyildir.
Yeri gəlmişkən, analitiklər belə hesab edirlər ki, müxalifətin böyük bir qismi hakimiyyətə müxalif mövqedə dayanmasına baxmayaraq, ölkədə həyata keçirilən siyasi kursu dəstəkləyirlər. Eyni zamanda, müxalifət liderləri, hazırkı dövrdə özlərini Nursultan Nazarbayevə alternativ görmədiklərini açıq şəkildə etiraf edirlər. Bundan əlavə, yerli ekspertlərin fikrincə, müxalifət düşərgəsində təmsil olunanlar xalqın böyük etimadına sahib deyillər - onların şüarları çox populistdir və ölkənin strateji inkişafını özündə əks etdirmir. Odur ki, müxalifət təmsilçiləri hakimiyyəti tənqid edərkən, gah milli məsələləri, gah da antirusiya əhval-ruhiyyəsini qabartmağa çalışırlar. Elə bu səbəbdən də xalq arasında bir siyasətçi kimi deyil, əksinə, ölkədə mövcud olan siyasi sabitliyi pozmağa çalışan qüvvələr kimi qəbul olunurlar. Qazaxıstanda, ümumiyyətlə, Ukrayna, Gürcüstan, yaxud Qırğızıstanda baş verən müxtəlif rəngli inqilablardan çox ciddi ehtiyatlanırlar. Analitiklər belə hesab edirlər ki, bu, hazırkı iqtisadi çətinliklərin fonunda xüsusilə aktullaşıb. Belə ki, bəzi şirkətlər artıq, maliyyə çatışmazlığını səbəb gətirərək, işçiləri kütləvi şəkildə işdən azad etməyə başlayıblar. Bu isə gələcək seçkilərdə elektorat itkisi deməkdir. Çünki qarşıdan ölkənin siyasi həyatında çox mühüm hadisələr - 2016-cı ildə keçiriləcək növbəti prezident və parlament seçkiləri gəlirdi. Analitiklərin fikrincə, eyni bir ildə ölkədə həm prezident, həm də parlament seçkiləri keçirilməsi mövcud Konstitusiya ilə ziddiyyət təşkil edir. Digər tərəfdən isə, yuxarıda sadalanan iqtisadi faktorlar ölkə ictimaiyyətinin növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmələrinə səbəb olub. Odur ki, bu il fevralın ortalarında Qazaxıstan Xalqları Assambleyası ölkə vətəndaşlarının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı təkliflərini ictimailəşdirməli olub.
“Dünya sabit deyil, dünyada maliyyə-iqtisadi böhran davam etməkdədir. Onun təzahürlərini ölkə iqtisadiyyatına, ölkəyə buraxmamaq üçün prezident Nursultan Nazarbayev yeni “Nurlu yol” proqramını təklif edir və bu proqramda əsas həlledici rol dövlət başçısına məxsusdur. İkincisi, 2016-cı ildə ölkədə iki - parlament və prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Belə hesab edirik ki, bu seçkiləri bir-birindən ayırmaq lazımdır. Belə ki, ehtimal olunur ki, gələn il dünyadakı maliyyə-iqtisadi böhran özünün pik həddinə çatacaq. Və hər bir ölkə öz potensialını, bütün resurslarını, siyasətini bu böhranın aradan qaldırılmasına yönəldəcək. Bir ildə iki siyasi kampaniya keçirmək dövlətin idarə edilməsinə əngəllər yaradacaq. Digər tərəfdən isə, sadəcə, növbədənkənar prezident seçkisi keçirməklə cəmiyyətdə şayiə halında dolaşmaqda olan hakimiyyətin varisliyi məsələsinə də son qoyulacaq. Qoy hər kəs öz işi ilə məşğul olsun”, - deyə Qazaxıstan Xalqları Assambleyasının bəyanatında qeyd olunur.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsi ideyası artıq ölkə parlamenti tərəfindən də dəstəklənib. Parlamentin plenar iclasında qızğın müzakirələrdən sonra deputatlar seçki gününün təyin edilməsi ilə bağlı dövlət başçısına müraciət ünvanlayıblar. Və bundan iki həftə sonra Nursultan Nazarbayev aprelin 26-da ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair fərman imzalayıb.
Doğrudur, hələlik hakim partiya qarşıdakı seçkilərdə öz namizədi ilə iştirak edəcəyi ilə bağlı hər hansı bir açıqlama verməyib. Lakin buna baxmayaraq, “Nur Otan” Partiyasının seçkiyə öz lideri-Nursultan Nazarbayevlə qatılacağı bir kimsədə şübhə oyatmır. Digər tərəfdən isə, Qazaxıstan Kommunist Xalq Partiyası da seçkidə öz namizədi ilə iştirak edəcəyini bəyan edib. Amma məsələ burasındadır ki, kommunistlərin lideri qarşıdan gələn seçkilərdə qalib gələcəyinə çox da ümid etmir.
“Bu gün Qazaxıstanda Nursultan Nazarbayevə alternativ yoxdur”, - deyə kommunistlərin lideri Turqun Sızdıkov vurğulayıb. Odur ki, yerli analitiklərin qənaətinə görə, aprelin 26-da baş tutacaq növbədənkənar prezident seçkilərində 75 yaşlı Nursultan Nazarbayevin qalib gələcəyi faktına artıq kimsədə şübhə yeri qalmayıb.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31