Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı: böhran şəraitində kadr dəyişikliklərində məqsəd

Avropa İttifaqı: böhran şəraitində kadr dəyişikliklərində məqsəd

24.09.2014 [09:28]

Dünya KİV-i Avropa İttifaqının (Aİ) rəhbərliyində baş verən kadr yeniliklərini geniş müzakirə edir. Məsələyə təşkilatın gələcək taleyi aspektində daha çox diqqət yetirilir. Mütəxəssislər Aİ-nin faktiki olaraq hərtərəfli böhrana düşməsi səbəbindən bu addımı atdığını ifadə edirlər. Buna görə də söhbət heç də yeni təyinatlardan getmir. Brüssel xilas yollarını axtarır. Lakin indiyədək o qədər problemlər yığılıb ki, onların necə həll ediləcəyi məlum deyil. Hətta bəzi ekspertlər kadr dəyişikliklərini uğursuz hesab edirlər. “Qoca qitə”də bir qeyri-müəyyənliyin hökm sürdüyü gözə çarpır. Buna baxmayaraq, Aİ geniş imkanlara malik təşkilatdır. Onun dünya siyasətinə və iqtisadiyyatına təsiri böyükdür. Bu səbəbdən də qurumun gələcək taleyi ilə bağlı verilən proqnozlar maraq doğurur.
“Yeni üçlük”: Brüsselin kadr siyasətinin əsas məqamları
Avropa İttifaqı kadr dəyişiklikləri etdi. Mütəxəssislər isə bu prosesə geosiyasi və iqtisadi məzmun verdilər. Aİ-nin əsas funksionerlərinin “yeni üçlüyü” daha çox müzakirə mövzusuna çevrilib. Hətta ekspertlər maraqlı bir müqayisə də apararaq, Aİ-nin yeni təyin edilmiş üç əsas məmurunun - Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndə olan Federika Moqerininin kontinental Avropanı daha yaxşı təmsil etdiyini bildirirlər. Konkret olaraq, “Yunker “köhnə Avropa”nı, Tusk “yeni Avropa”nı, Moqerini isə “böhranlı Cənub”u təmsil edir (bax: məs., Novıy sostav Evrokomissii i politiçeskie tendenüii Evropı / “Regnum”, 11 sentyabr 2014).
Bütövlükdə isə ekspertlər təşkilatın daxili və xarici siyasətinin dəyişdiyini vurğulayırlar. Onların belə düşünməyə əsasları var. Çünki son illər Aİ-nin fəaliyyətini proqnozlaşdırarkən fərqli ssenarilərdən söhbət açılırdı. Aİ-nin bir təşkilat kimi böhran vəziyyətində olduğu açıq görünürdü. Maliyyə böhranının vüsət alması bədbin mövqe tutanların haqlı olduğunu bir daha göstərirdi.
Nəhayət, Yaxın Şərq və Ukrayna hadisələri “köhnə dünya”nın qlobal geosiyasətdə mövqeyinin qeyri-müəyyən olduğunu üzə çıxardı. Bu proseslərin heç birində Aİ aparıcı rol oynaya bilmədi. Xüsusilə, Ukrayna hadisələri təşkilatın dərindən işlənmiş geosiyasi kursunun olmadığını, hətta onun daxilində kifayət qədər ciddi fikir ayrılıqlarının olduğunu da nümayiş etdirdi.
Məsələ bunlarla bitmir. Təşkilatın genişlənmə siyasətində zəif yerlər aşkar olundu. İndi Aİ-yə üzv olan bəzi ölkələr sıralarının genişlənməsinin lehinə, digərləri isə əleyhinədir.
Etiraf etmək lazımdır ki, Böyük Britaniyanın Aİ-də yerini dəqiqləşdirməyə çalışması bir qədər təəccüblü görünsə də, bu, reallıqdır. Hətta bir zamanlar London təşkilatdan çıxmaq arzusunu da dilə gətirmişdi.
Təbii ki, daxilində bu qədər problemləri olan bir təşkilatda kadr dəyişiklikləri məntiqlidir. Lakin əsas sual bu yeniliklərin Aİ-ni gücləndirəcəyi, yaxud, sadəcə, problemləri başqa müstəviyə keçirəcəyidir. Bu bağlılıqda təşkilata rəhbərlik edəcək “yeni üçlüy”ün potensialı və peşəkarlıq səviyyəsi də aktiv müzakirə olunur. Bəri başdan vurğulayaq ki, bu məsələdə ekspertlər yekdil mövqedə deyillər.
L.Redei “Foreign Affairs” jurnalında açıq yazır: “Avropa İttifaqının yeni liderləri təşkilatı fəlakətə aparacaqlar” (bax: Lorinc Redei. Weak and Weaker: Why Europe’s Newest Leaders Will Be a Disaster / “Foreign Affairs”, 4 sentyabr 2014). Müəllif bu iddiasını əsaslandırmağa çalışır. O hesab edir ki, Avropa İttifaqı Şurasının yeni sədri D.Tusk “kontinental konsensusun memarı səviyyəsində deyil” (bax: əvvəlki mənbəyə). Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi F.Moqerininin isə iki çatışmayan cəhəti var ki, bunlar da “icra təcrübəsi və beynəlxalq miqyasda siyasətçi peşəkarlığı”nın az olmasıdır (bax: əvvəlki mənbəyə). Buna baxmayaraq, F.Moqerini Ketrin Eştondan fərqli olaraq, yaraşıqlı xarici görkəmə malikdir. O, J.-K.Yunkerin komandasında ən gənc kadrdır. Bu keyfiyyətlər də bir çoxlarında maraq doğurur.
Bundan başqa, ekspertlər F.Moqerininin təyinatında gender amilinin rol oynadığı qənaətindədirlər. Aİ-də qadınlar kadrların cəmi 40 faizini təşkil edir. Lakin xarici siyasət və təhlükəsizlik məsələlərinə kifayət qədər təcrübəsi olmayan və peşəkarlığı çatmayan bir qadının təyin edilməsini bəziləri Aİ-nin xarici siyasətində problemlərin davam edəcəyi kimi qiymətləndirir (bax: Novıy sostav Evrokomissii i politiçeskie tendenüii Evropı / “Regnum”, 11 sentyabr 2014).
Bunların fonunda Avropa Komissiyasının yeni sədri vəzifəsinə J.-K.Yunkerin seçilməsi diqqəti çəkib. Mütəxəssislər onun siyasi cəhətdən ABŞ-a yaxın olmasını ayrıca qeyd edirlər. J.-K.Yunker 20 il ərzində Lüksemburqun maliyyə naziri olub. Bu kontekstdə də Yunkerin fransız və almanların da rəğbətini qazandığı qeyd olunur (bax: əvvəlki mənbəyə). Onun təklifinə əsasən, hazırda Aİ-nin genişlənməsi ilə heç kim məşğul olmayacaq. J.-K.Yunker bu kontekstdə deyib: “Aİ genişlənmədən “istirahət etməlidir” ki, biz 28 üzvün əldə etdiyi nailiyyətləri birləşdirə bilək. Ona görə də mənim sədrliyim ilə danışıqlar (qonşuluq siyasəti və genişlənmə üzrə danışıqlar nəzərdə tutulur - K.A.) davam etdiriləcək” (bax: ES nujno otdoxnutğ ot rasşireniə - novıy predsedatelğ Evrokomissii / “UNİAN”, 10 sentyabr 2014). Doğrudur, J.-K.Yunker sonra əlavə edib ki, Aİ Qərbi Balkan ölkələrinə üstünlük verir, lakin bu proses yaxın 5 ildə yekunlaşmayacaq.
Avropa Komissiyasının yeni sədrinin sözləri artıq Türkiyədə narazılıq yaradıb. Ancaq Ankara daim antitürk mövqeyi tutan bir şəxsin genişlənmə ilə bağlı işlərə rəhbər təyin edilməsini Aİ-nin bu istiqamətdə kursunu şüurlu surətdə dəyişməsi ilə əlaqələndirir. Bütün bunlara baxmayaraq, Türkiyə Aİ ilə əlaqələrini inkişaf etdirmək niyyətindədir.
Bəri başdan aydın olur ki, bu prosesin məzmunu əvvəlki mərhələlərdən fərqli olacaq. Əslində, ekspertlər hesab edirlər ki, böhran içində olan Aİ-yə rəsmi Ankaranın özü daxil olmaq istəmir. Hazırda Türkiyə-Aİ münasibətləri bu qeyri-müəyyənliklər şəraitində öz gələcək taleyinin həllini gözləyir.
Paris-Berlin cütlüyü: keçmişə qayıdış?
Avropalı analitiklər yeni təyinatları fransız-alman maraqlarının sintezi kimi təqdim edir, eyni zamanda, Böyük Britaniyanın Avropaya nəzarəti tam itirdiyindən yazırlar. “Observo” Fransa-Rusiya analitik mərkəzinin direktoru Arno Dyuben yeni təyinatları lakonik olaraq belə ifadə edib: “Bu, “köhnə Avropa”ya qayıdışdır” (bax: “Vozvrahenie staroy Evropı”: Arno Döbğen o novom sostave Evrokomissii / “Regnum”, 10 sentyabr 2014). Ekspert Aİ-də fransız-alman cütlüyünün təşəbbüsü ələ almasını nəzərdə tutur. Bu, təbii ki, təşkilatın daxili və xarici siyasətində dəyişikliklərə səbəb ola bilər. O cümlədən, Almaniyanın mövqeyi daha da güclənər. Çünki hazırda Fransanın iqtisadiyyatı zəiflədiyindən onun almanlarla rəqabət aparmaq perspektivləri görünmür. Əvəzində, Paris İtaliya təmsilçisinə səs verməklə rəsmi Roma ilə əlaqələri inkişaf etdirmək meylini ortaya qoyur (bax: əvvəlki mənbəyə).
Ancaq mütəxəssislər Fransanın da dəstək verdiyi F.Moqerininin vəzifəsinin öhdəsindən gələ biləcəyinə inanmır. C.Şapiro və R.Alkaro bununla bağlı yazırlar: “Ötən dəfə olduğu kimi, yeni ali nümayəndənin - Federika Moqerininin seçilməsi sanballı hadisə deyildi, tam ticari ruhluydu və onun peşəkarlığından çox onun cinsinə, partiya mənsubluğuna və milliyyətinə əsaslanırdı” (bax: Jeremy Shapiro, Riccardo Alcaro. High Representative, High Expectations: What to Expect from the EU’s New Foreign Policy Chief / “Foreign Affairs”, 4 sentyabr 2014). Əgər bu informasiya doğrudursa, onda Aİ daxilində obyektiv reallığa deyil, subyektiv-korporativ maraqlara uyğun siyasi kursun seçildiyini təxmin etmək olar.
Aİ-nin rəsmi şəxsləri də yeni kadrların konkret çətinliklərlə üzləşəcəyini etiraf edirlər. Məsələn, Aİ Şurasının keçmiş sədri Herman van Rompuy xəbərdarlıq edir ki, D.Tusk üç əsas problemlə qarşılaşacaq. Onlardan biri Avropa iqtisadiyyatının tənəzzülü, digəri Ukrayna böhranı, üçüncüsü isə Britaniyanın Avropadakı yerinin müəyyənləşdirilməsidir (bax: Öriy Paniev. Evrosoöz menəet komissarov i qotovit novıe sanküii / “Nezavisimaə qazeta”, 1 sentyabr 2014). Lakin Aİ rəsmiləri arasında D.Tuskun ümumavropa konsensusu yaratmaq qabiliyyəti haqqında yüksək fikirdə olmayanlar da var. Onlar hesab edirlər ki, əvvəlki sədr Rompuydan fərqli olaraq, Tuskun kifayət qədər təcrübəsi yoxdur.
Bu kontekstdə Aİ-nin Rusiya ilə münasibətlərinin gələcəyi çoxlu suallar doğurur. Ekspertlər hesab edirlər ki, Brüssel Moskva ilə əməkdaşlıq etməlidir. Ancaq F.Moqerini vəzifəyə gəlməsi ilə Rusiyaya qarşı sərt bəyanat verib. O deyib: “Rusiya artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil” (bax: ES: smena personaliy ili smena kursa? / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 5 sentyabr 2014). Bu, Aİ daxilində Rusiyaya qarşı münasibətin bir qədər fərqli ola biləcəyindən xəbər verir. Məsələ burasındadır ki, F.Moqerini yeni təyinata qədər Rusiyanın dostu kimi tanınırdı. Buradan belə bir nəticə çıxarmaq olar ki, yaxın perspektivdə Aİ-Rusiya münasibətləri mürəkkəb xarakter daşıya və bir çox ziddiyyətlərlə müşayiət oluna bilər.
Bütövlükdə belə qənaətə gəlmək mümkündür ki, Aİ-də son təyinatlar adi kadr dəyişikliyi deyil. “Le Figaro”nun yazdığı kimi, “Avropa İttifaqında rəhbərlik dəyişikliyi hərtərəfli böhran fonunda baş verir” (bax: Jean-Jacques Mevel. L’UE conclut sa releve, sur fond de crises tous azimuts / “Le Figaro”, 31 avqust 2014). Bu, birbaşa təşkilatın daxili və xarici siyasətində dəyişikliklərin qaçılmaz olduğuna işarə verir. İndi əsas diqqəti Aİ-nin konsolidasiyasına, maliyyə çətinliklərinin aradan qaldırılmasına və iqtisadi inkişafın davamlı olmasına yönəltməyə cəhd göstərilir. Ancaq bu istiqamətlərin heç birində uğur əldə ediləcəyinə tam əminlik yoxdur.
Qərb strateqləri Aİ-nin gələcəyi ilə bağlı müxtəlif ssenarilər proqnozlaşdırırlar. Onların sırasında təşkilatın zəifləməsi ilə yanaşı, dağılması da yer tutur. Məsələnin bu tərəfində hələlik heç bir dəyişiklik gözə dəymir. Yəni rəhbərliyin dəyişməsi Aİ-nin böhranlardan çıxacağına təminat vermir. Bəlkə də buna görə Avropa İttifaqının genişlənməsinə ehtiyac qalmayıb. Taleyi qeyri-müəyyən olan bir quruma yeni dövlətlərin cəlb edilməsi uzaqgörənlik olmazdı.
Kamal ADIGÖZƏLOV

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31