Leyla Yunusovanın “fəaliyyəti”nin məntiqi sonluğu
02.08.2014 [11:30]
Yaxud, dövlətə və millətə xəyanət yolunu tutanlar barəsində müvafiq qanuni tədbirlərin görülməsi məhz hüququn aliliyi prinsipinə söykənir
Kimsəyə sirr deyil ki, ölkəmizdə fəaliyyət göstərən bəzi qondarma “qeyri-hökumət təşkilatları” və “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri, məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında isə özlərini cəmiyyətə “hüquq müdafiəçisi” kimi tanıdan, həmçinin, antimilli, ermənipərəst mövqeyi ilə seçilən Leyla Yunusova və onun həyat yoldaşı Arif Yunusov, xüsusilə fərqlənirlər.
Şübhəsiz, Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə edildiyi, eyni zamanda, qanunların aliliyinin əks olunduğu avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Bu baxımdan, Azərbaycan vətəndaşı kimi ölkə qanunları qarşısında məsuliyyət daşıyan “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunusovanın məlum əməlləri müqabilində müvafiq qanuni tədbir görülüb. Belə ki, Nəsimi rayon Məhkəməsi L.Yunusova barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. L.Yunusovaya qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusova qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub. Eyni zamanda, istintaq orqanı tərəfindən A.Yunusovdan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Leyla Yunusova öz antimilli əməllərini “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənərək davam etdirib
Ümumiyyətlə, bu bir həqiqətdir ki, qərəzli xarici anti-azərbaycançı dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən bu cütlük hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub. Məhz onların bu cür anti-Azərbaycan xidmətləri ermənipərəst dairələr tərəfindən də müvafiq olaraq qiymətləndirilib.
Şübhəsiz, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş Yunusovların bu cür mövqe sərgiləmələri onların xalqımıza və dövlətimizə olan münasibətlərindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən Leyla və Arif Yunusovların nümayiş etdirdikləri “fəaliyyət” həmin “hüquq müdafiəçiləri”nin nəyə qadir olduqlarını və kimlərə xidmət etdiklərini növbəti dəfə aşkar surətdə ortaya qoyur. Daha dəqiq desək, bu şəxslərin təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. Onlar erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etməkdədirlər. Belə ki, Leyla Yunusova və həyat yoldaşı özlərinin korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açırlar.
Leyla Yunusovanın keçmişi çoxsaylı milli xəyanətlərlə doludur
Əslində, Leyla Yunusovanın bu cür antimilli əməlləri yeni deyil və bu şəxsin keçmişi çoxsaylı milli xəyanətlərlə doludur. Sirr deyil ki, AXC-”Müsavat” cütlüyü hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna yiyələnən L.Yunusova casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürərək Vətənə və millətə xəyanət yolunu tutub. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Hələ bu da, son deyil.
Belə ki, həmin vaxt çalışdığı nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq əldə etdiyi vəsaitləri Almaniyadakı şəxsi bank hesabına köçürüb. Bəhs edilən dövrdə Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunusov və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunusov da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər. Bu şəxsin erməni kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə yaxın münasibətləri olub. Məsələn, L.Yunusova erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Bundan başqa, Leyla Yunusovanın Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. O, həmçinin Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi ilə birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib. Onun erməni qaynı Ramiz Yunusov hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Eyni zamanda, hazırda da Leyla Yunusovanın ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Və bu faktlar həmin şəxsin Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini göstərir.
Leyla və Arif Yunusovlar erməni kəşfiyyatı ilə işbirliyində...
Elə Ermənistana casusluqda ittiham edilərək həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun da bu yola düşməsində Leyla və Arif Yunusovların müəyyən rol oynadıqları bildirilir. Məlumatlara görə, R.Mirqədirov adı çəkilən “hüquq müdafiəçiləri”nin ermənilərlə birgə layihələrinə qoşulmaqla bu yola daxil olub. Belə ki, R.Mirqədirov təcridxanada ona baş çəkməyə gedən hüquq müdafiəçisi Elçin Behbudova həmin layihələr vasitəsilə dəfələrlə Ermənistana səfər etdiyini deyib. O, həmin səfərlərdə Leyla Yunusovanın və Arif Yunusovun da olduqlarını etiraf edib.
Yeri gəlmişkən, Azərbaycan Baş Prokurorluğunun və MTN-nin yaydığı birgə məlumatda qeyd edilir ki, əvvəllər də məlumat verildiyi kimi, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprel ayından etibarən Ermənistanın xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan 19 aprel 2014-cü il tarixdə o, cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 21 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də, Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyul ayından 2005-ci ilin may ayına kimi olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq R.Mirqədirovun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini A.Yunusovla birlikdə təşkil edib.
Həmin səfərlərin bir qismində A.Yunusov da R.Mirqədirovla birlikdə iştirak edərək Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Eyni zamanda, Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altında olan torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar.
Bunun nəticəsində R.Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və s. strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.
Leyla Yunusovanın adı bir sıra qeyri-qanuni əməllərlə bağlıdır
Bundan başqa, L.Yunusova hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 27 mart 1996-cı il tarixdə alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının 21 noyabr 2002-ci il tarixdə “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167.199 manat, 620.878 ABŞ dolları, 263.745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526.943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369.378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Eyni zamanda, L.Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən hesablarına köçürülmüş cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71.000 ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78.130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 24 aprel 2014-cü il tarixdə hesablarından çıxarıb əri A.Yunusovla əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra A.Yunusov dərhal həmin pul vəsaitini Çexiyanın “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.
Qeyri-qanuni əməllərin və dövlətə xəyanətin məntiqi nəticəsi...
Beləliklə, bütün bu cinayət tərkibli əməllərin məntiqi nəticəsi kimi, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş L.Yunusova hüquqi məsuliyyətə cəlb edilib. Əslində, başqa cür də ola bilməzdi. Çünki, qeyd olunduğu kimi, Azərbaycan qanunların aliliyinin təsbit olunduğu hüquqi dövlətdir, ona görə də müvafiq dövlət strukturları bu cür cinayət tərkibli, qeyri-qanuni əməllərinə qarşı adekvat tədbirlər görürlər. Leyla Yunusova barəsində müvafiq qanuni tədbirlərin görülməsi, məhz hüququn aliliyi prinsipinə söykənir. Müxtəlif məsələlərdən dövlətə qarşı şantaj vasitəsi kimi istifadə edən L.Yunusovanın milli maraqlar və dəyərlərdən, milli siyasi iradədən kənar əməlləri hüquq müstəvisində öz qarşılığını almalı idi. Budur, ədalət öz yerini tapdı və antimilli əməllər sahibi olan bu şəxs qanun qarşısında cavab verməlidir...
L.Yunusovanın hüquqi məsuliyyətə cəlb olunması, eyni zamanda, ictimaiyyətin tələbi idi
Digər tərəfdən, çoxsaylı qanun pozuntularına yol vermiş bir şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi həm qanuni, həm də ictimai tələbdən irəli gəlirdi. Şübhəsiz ki, Leyla Yunusovanın Azərbaycan xalqına və dövlətinə qarşı çevrilmiş əməlləri Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaradıb. Amma buna baxmayaraq, bu şəxs ictimaiyyətin haqlı tənqidi və qınağından dərs çıxarmayaraq anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirməyə davam edib və öz əməllərinə “haqq” qazandırmağa cəhd göstərib. Dolayısıyla, Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən bu “hüquq müdafiəçisi”nin ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması onun timsalında milli maraqların, eləcə də, xalqımızın ali dəyərlərinin heçə sayılmasına dəlalət edir. Eyni zamanda, L.Yunusovanın öz qeyri-qanuni əməllərinə digər bir sıra şəxsləri də cəlb edərək cəmiyyətdə mənfi nümunə yaratması da Azərbaycan ictimaiyyəti tərəfindən yolverilməz hal hesab olunurdu.
Buna görə də, ictimai rəydə onun hüquqi məsuliyyətə cəlb edilərək barəsində müvafiq tədbirlərin görülməsinə dair yekun qənaət mövcud idi.
Ermənipərəst “hüquq müdafiəçisi”nin hakimiyyətə qarşı qərəzli fikirlərinin alt qatında onun Azərbaycan xalqına, ölkəmizə qarşı dərin nifrəti dayanır
Göründüyü kimi, Leyla Yunusovanın məqsədi heç də Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına, bu uğurların əldə edilməsində xidmətləri olan insanların əməyinə kölgə salmaqdır. Leyla Yunusova indiyədək Azərbaycanda olan söz, ifadə azadlığından antimilli təbliğat aparmaq, dezinformasiya həyata keçirmək, ictimai rəyin yanlış formalaşmasına cəhd göstərmək üçün istifadə edib. O, özünün son müraciətində də söz azadlığından yararlanaraq milli maraqlara, xalqın rifahına xidmət edən hakimiyyətə patoloji nifrətini ifadə edib. Bu da gözlənilən idi. Çünki ermənilərlə qohum olan, daima erməni mövqeyindən çıxış edən Leyla Yunusovanın Azərbaycan hakimiyyətinə qarşı yönəltdiyi fikirlərin alt qatında, əslində, onun Azərbaycan xalqına, ölkəmizə qarşı dərin nifrəti dayanır.
Şübhəsiz, bu cür “mövqe” və “fəaliyyət” qətiyyən yolverilməzdir. Eyni zamanda, L.Yunusova kimiləri dərk etməlidirlər ki, Azərbaycan qanunlarını pozanlara, qanunun aliliyinə hörmət etməyənlərə qarşı mövcud hüquqi tələblər çərçivəsində tədbirlər indiyədək görülüb və bundan sonra da görüləcək. Çünki hüquqi dövlətin vəzifəsi fərdlərin, cəmiyyətin mənafelərini qanunlar əsasında, ədalətlə qorumaqdır.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

