Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapır

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapır

24.07.2013 [09:47]

Prezident İlham Əliyev: Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atmışıq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik
Bu gün Azərbaycanda digər sahələr kimi, iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərib. Bütövlükdə, 2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən, yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya, eləcə də, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə ayrılmış 427 milyon 100 min manat vəsait, güzəştli kreditlər və digər dövlət dəstəyi sayəsində 2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil edib.
Beləliklə, həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə, hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı və regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri tikilib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil edib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən, bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artıb. Nəticələrə görə, 2013-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir.
2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilib ki, onun 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir. 2013-cü il iyulun 15-i tarixinə 905 min 80 hektarda və ya ümumi sahənin 88 faizində biçin aparılıb. Biçilmiş sahələrdən 2 milyon 408 min 191 ton dənli və dənli paxlalıların məhsulu yığılıb və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal edilib. Məhsulun 1 milyon 612 min 644 tonunu buğda təşkil edib. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur.
Əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunub. Belə ki, 2013-cü ilin 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 faiz, kartof 11,8 faiz, tərəvəz 8,8 faiz, yaşıl çay yarpağı istehsalı isə 4 faiz artıb. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialının da artırması deməkdir.
Ölkədə üzüm və şərab sektorunun uzunmüddətli inkişafını təmin etmək məqsədilə, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın hədəflərinə nail olmaq üçün mühüm işlər görülüb.
Hesabat dövründə bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq sahəsində də həyata keçirilən kompleks tədbirlər nəticəsində cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı diri çəkidə 3,2 faiz, süd istehsalı 6,6 faiz, yumurta istehsalı 14,2 faiz, yun istehsalı 2,6 faiz artıb. Əlavə edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2013-cü il üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 9 milyon 200 min manat vəsait və Cəmiyyətin 1 milyon 850 min manat təkrar istifadə vəsaiti hesabına Fransadan və Macarıstandan alınması nəzərdə tutulan 4300 baş damazlıq heyvandan 1284 başı bu il iyulun 15-dək ölkəyə gətirilərək 50 faiz güzəştlə üç il müddətinə lizinq yolu ilə məhsul istehsalçılarına verilib. Qalan 3016 baş heyvan isə sentyabr ayından etibarən, Azərbaycana gətirilməsi nəzərdə tutulub.
İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, sahibkarlığın inkişafı dövlət siyasəti, infrastruktur layihələrinin icrası, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaq: “Mən ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Sahibkarlarla görüşlərdə də bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atmışıq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik”.
Ümumiyyətlə, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Məsələn, son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə, əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Belə bir dövrdə Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Xüsusilə, müharibə şəraitində olan bir ölkə üçün ərzaq təminatının həll olunması olduqca vacibdir. Bu baxımdan, ərzaq təhlükəsizliyi məsələsinə dövlət daim diqqət və qayğı ilə yanaşır. Bunun üçün artıq qeyd etdiyimiz kimi fermer təsərrüfatları yaradılır, istehsalat prosesində itkilərin qarşısını almaq üçün ən müasir texnologiyanın tətbiqi və texnikanın alınması üçün dövlət yardım ayırır, bundan əlavə suvarma sistemləri bərpa edilir və ya yeniləri istifadəyə verilir, meliorasiya işləri görülür, tədavülə yeni torpaqlar buraxılır. Dövlət başçısı məlum iclasdakı çıxışı zamanı sözügedən məsələlərə toxunaraq bildirib ki, meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqram da qəbul edilə bilər ki, biz öz strategiyamızı və planlarımızı proqram şəklinə salaq və bu məsələləri ardıcıllıqla həll edək: “Bununla bərabər, meliorasiya tədbirləri də böyük əhəmiyyətə malik olan məsələlərdir. Bu il Taxtakörpü su anbarı layihəsi istismara veriləcəkdir. Bu nəhəng infrastruktur layihəsidir. Bunun böyük əhəmiyyəti, tarixi əhəmiyyəti vardır. Bu, müstəqillik dövründə qeyri-neft sektorunda icra edilən ən böyük layihələrdən biridir, bəlkə də birincisidir. Bu layihə sırf sosial xarakter daşıyır, suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaqdır. Eyni zamanda, içməli su məsələləri öz həllini tapacaqdır”.
SEVİNC

Paylaş:
Baxılıb: 2002 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31