Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Kamboca Münasibətlərində Strateji Dönüş

Azərbaycan və Kamboca Münasibətlərində Strateji Dönüş

15.10.2026 [16:31]

          Müasir dövrdə Azərbaycan Respublikasının qlobal miqyasda həyata keçirdiyi müstəqil, çoxvektorlu və fəal xarici siyasət kursu ölkəmizin beynəlxalq tərəfdaşlıq coğrafiyasının durmadan genişlənməsini təmin edir. Ənənəvi tərəfdaşlıq əlaqələri ilə yanaşı, Asiya qitəsinin dinamik inkişaf edən regionları, xüsusilə də Cənub-Şərqi Asiya ölkələri ilə qurulan qarşılıqlı faydalı və etibarlı münasibətlər xarici siyasətimizin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycan Respublikasına rəsmi səfəri həm ikitərəfli əlaqələr tarixində, həm də ölkələrarası diplomatiyada müstəsna əhəmiyyət kəsb edən tarixi hadisə kimi yadda qaldı. Coğrafi olaraq bir-irindən minlərlə kilometr uzaqlıqda yerləşmələrinə baxmayaraq, həm Azərbaycan, həm də Kamboca beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, qlobal təhlükəsizliyin qorunması və dayanıqlı inkişaf naminə səylərin birləşdirilməsi kimi ali dəyərləri bölüşürlər. Bakı şəhərində ali qonağın şərəfinə rəsmi qarşılanma mərasiminin keçirilməsi, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsinin düzülməsi Azərbaycan dövlətinin bu səfərə verdiyi yüksək önəmin və qonaqpərvərliyin bariz nümunəsi idi. Baş nazir Hun Manetin xanımı ilə birlikdə Azərbaycana gəlməsi, rəsmi qarşılanma mərasimində Azərbaycanın yüksək dövlət və hökumət nümayəndələrinin iştirakı iki ölkə arasında ali səviyyədə yaranmış səmimi siyasi dialoqun və qarşılıqlı etimad mühitinin açıq göstəricisi olub, gələcək əməkdaşlıq üçün möhkəm təməl formalaşdırdı.

          Səfər çərçivəsində aparılan ikitərəfli görüşlər, həmçinin nümayəndə heyətlərinin geniş tərkibdə apardıqları müzakirələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları hərtərəfli şəkildə nəzərdən keçirildi. Tərəflər qeyd etdilər ki, həm Azərbaycan, həm də Kamboca iqtisadiyyatlarının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi istiqamətində oxşar hədəflərə malikdirlər. Bu məqsədlə Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumu iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya qoyuluşu imkanlarının qiymətləndirilməsi baxımından mühüm platforma rolunu oynadı. Kamboca tərəfi Azərbaycanın iqtisadi və sənaye potensialını, xüsusilə də logistik imkanlarını yüksək qiymətləndirərək ölkəmizin Asiya və Avropa arasında mühüm nəqliyyat qovşağı olduğunu vurğuladı. Eyni zamanda, parlamentlərarası əlaqələrin gücləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olundu. Bu cür çoxtərəfli əməkdaşlıq mexanizmləri hər iki dövlətin qlobal arenada mövqelərini daha da gücləndirməyə xidmət edir.  Səfərin yekunları üzrə mətbuata verilən bəyanatlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mühüm açıqlamalarla çıxış etdilər, gələcək birgə fəaliyyət istiqamətlərini ictimaiyyətə açıqladılar. Dövlət başçımız İlham Əliyev öz çıxışında ölkələrimiz arasındakı əlaqələrin perspektivlərini yüksək qiymətləndirərək, hər iki xalqın və dövlətin qarşılaşdığı ümumi qlobal çağırışlara diqqət çəkdi. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, həm Azərbaycan, həm də Kamboca uzun illər münaqişələrin və müharibələrin ağır nəticələrindən, xüsusilə də məhvedici mina terrorundan əziyyət çəkmiş ölkələrdir: "Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir." Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi miqyaslı minatəmizləmə əməliyyatları, bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar və milli agentliyin (ANAMA) əldə etdiyi zəngin təcrübə beynəlxalq səviyyədə böyük maraq doğurur. Kamboca Krallığının Baş naziri də öz növbəsində humanitar minatəmizləmə sahəsində Azərbaycanın malik olduğu bu unikal praktiki təcrübəni yüksək qiymətləndirərək, iki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə sıx təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını bildirdi.

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlər salnaməsində tamamilə yeni və parlaq bir səhifə açdı. Bu səfər göstərdi ki, coğrafi məsafələrdən asılı olmayaraq, sülhə, sabitliyə, qarşılıqlı faydalı tərəfdaşlığa və inkişafa sadiq olan dövlətlər üçün ortaq dəyərlər əsasında sıx əməkdaşlıq qurmaq hər zaman mümkündür. Aparılan danışıqlar, imzalanan sənədlər və səsləndirilən strateji bəyanatlar gələcək illərdə Azərbaycan-Kamboca münasibətlərinin daha da dərinləşəcəyindən, xalqlarımızın bir-birinə daha da yaxınlaşacağından xəbər verir. Bu tarixi səfər bir daha təsdiq etdi ki, Azərbaycan Respublikası qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır və dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə dostluq körpülərini uğurla qurmaqda davam edir.

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31