Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni qanun layihəsi nə vəd edir?

Yeni qanun layihəsi nə vəd edir?

08.10.2026 [12:21]

Korrupsiyaya qarşı mübarizə daha da güclənəcək

Azərbaycanda “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Sözügedən sənəd oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub.

Şəffaflıq daha da artırılacaq

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, layihə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.

Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları təsbit edilir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.

Kimlər və nə qədər mükafatlandırılacaq?

A.Nağıyev, həmçinin qeyd edib ki, layihədə məlumat verən şəxslərin və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, onların məlumatlarının konfidensiallığının qorunması, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək kimi hüquqları müəyyən edilib. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi nəzərdə tutulub. Belə ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək. Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödəniləcək.

Qanun layihəsinə əsasən, mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır.

Korrupsiyaya qarşı səmərəli tədbirlər

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, belə bir sənədin Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə korrupsiyaya qarşı səmərəli tədbirlərin görüldüyünü deyən Ə.Hüseynli “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin zəruriliyindən və əhəmiyyətindən danışıb.

Sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, layihədə sözügedən məcəllə və qanunlara “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulan mexanizmlərin həyata keçirilməsi üçün müvafiq dəyişikliklər təklif olunur.

Belə ki, sənəddə məlumat verən şəxsin öz razılığı ilə şahid qismində dindirilməsi, həmçinin onun özünün və yaxınlarının dövlət tərəfindən müdafiə olunan və hüquqi yardım göstərilən şəxslərin dairəsinə daxil edilməsi kimi məsələlər nəzərdə tutulur.

Xatırladaq ki, komitə iclasında qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına da tövsiyə olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31