Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AP yenidən “köhnə havasını” çalmağa başlayır

AP yenidən “köhnə havasını” çalmağa başlayır

08.10.2026 [10:59]

Erməni kartı boşa çıxan qurum yeni təzyiq bəhanəsi tapa bilmir

Azərbaycanın son 6 ildə Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqlar mühüm çağırışlara əsaslanır. Xüsusilə Azərbaycanın təşəbbüsləri ilə regionda yeni təhlükəsizlik mühiti və əməkdaşlıq zəmini formalaşmağa başlayıb. Vətən müharibəsindən sonra yaranmış reallıqlar ərazi bütövlüyünün bərpası ilə yanaşı, uzun illər davam edən qarşıdurmanı normallaşma və sülh perspektivləri ilə əvəzləyib. Bakı bu prosesdə aktiv siyasi iradə nümayiş etdirərək dövlətlərarası münasibətlərin tənzimlənməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və regional təmasların artırılması istiqamətində ardıcıl addımlar atır.

Bu isə təbii olaraq regionla bağlı məkrli planları olan bəzi “beynəlxalq oyunçuların” mövqeləri ilə uzlaşmır. Ermənistan üzərindən regiona müdaxilə cəhdləri boşa çıxan həmin güc mərkəzləri yenidən ənənəvi qərəz, şər, böhtan planlarına geri dönürlər. Ermənistanı “müdafiə etmək” bəhanəsi ilə Azərbaycana qarşı qərəzli hücumları daşa dəyənlər, köhnə havalarını çalmağa başlayırlar.

Bu istiqamətdə növbəti cəhd yenə də Avropa Parlamentindən gəlir. Hər zaman Azərbaycanofob, türkofob və islamofob mövqeyə malik olan və bunu gizlətməyən AP “Qarabağ ermənisi”, “cinayətkara azadlıq” və bu kimi yalanlarının sabun köpüyü kimi partladığını görərək ənənəvi cildinə geri dönür. Yayılan məlumatlara görə, Avropa Parlamenti insan hüquqları və demokratiya ilə bağlı qətnamələr qəbul etməyi planlaşdırır. Maraqlıdır ki, AP nədənsə İran, Gürcüstan və Azərbaycanla bağlı yeni “sənədlər” ixrac etmək fikrinə düşüb.

Qətnamə, yoxsa təzyiq kampaniyası

Vurğulandığı kimi, ötən 6 il ərzində AP “yorulmadan”, “usanmadan” ölkəmizə qarşı təzyiq kampaniyaları təşkil etdi. Bunu təsdiq etmək üçün uzağa getmək lazım deyil - Avropa Parlamentinin son illər Azərbaycanla bağlı qəbul etdiyi sənədlərə baxmaq kifayətdir. Bu sənədlərin əksəriyyəti hüquqi yanaşmadan daha çox siyasi təzyiq mexanizmini xatırladır. “Qətnamə” adı altında qəbul edilən “arzu və istəklər toplusu” beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin suverenliyi, daxili işlərinə qarışmama və milli yurisdiksiyaya hörmət prinsiplərinə ziddir. Hüquq adı altında aparılan bu cür manipulyasiyalar yalnız konkret dövlətə deyil, ümumilikdə beynəlxalq hüquq sisteminin etibarlılığına ciddi zərbə vurur. Bu kimi “sənədlər”də yer alan iddialar və tələblər Azərbaycanın suveren hüquqlarına, milli yurisdiksiyasına və hüquqi sisteminə hörmətsizlik nümunəsidir. Söhbət 1 və ya 2 qətnamədən getmir - İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində yer alan bütün iddialar isə yalan və böhtandır. Çox uzağa getmək lazım deyil. Bu ilin mayında, Avropa Siyasi Birliyinin Ermənistan sammitindən cəmi dörd gün əvvəl qəbul edilmiş qətnaməyə nəzər salmaq kifayət edər. Bu “sənəd” də özündən əvvəlkilər kimi qərəzli, selektiv və hüquqi əsaslardan məhrumdur - bu sadəcə AP-nin Azərbaycanın daxili siyasətinə qiymət verməyə yönəlmiş siyasi xarakterli yanaşmasıdır - bu isə beynəlxalq hüququn neytrallıq və obyektivlik prinsiplərinə ziddir. Nəzərə alsaq ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr hüquqi baxımdan məcburi xarakter daşımır, bu sənədlər heç bir halda siyasi mövqe ifadəsi ola bilməz və hüquqi öhdəlik yarada bilməz. Bu səbəbdən, həmin qətnamənin Azərbaycan üzərində hüquqi təsir gücü yoxdur və onun hüquqi iddia kimi təqdim edilməsi əsassızdır.

Azərbaycan AP ilə rəsmən əlaqələrin kəsib, amma...

Ən maraqlı məqam isə odur ki, Azərbaycan hələ may ayından etibarən rəsmi şəkildə qərar qəbul edib - ölkənin Milli Məclisinin rəsmi qərarına əsasən Avropa Parlamenti ilə əlaqələri dayandırılıb. Bildirilib ki, Avropa Parlamenti səmimi əməkdaşlıq prinsiplərini inkar edən destruktiv mövqe nümayiş etdirir, fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşılıb. Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq son qərarını verib. Bu halda, AP hansı haqq və hüquqla yenidən “qətnamələr kampaniyasına” start verir. Təbii ki, bu da qurumun beynəlxalq hüquq anlayışının tərs mütənasibliyinin göstəricisidir.

İnsan hüquqlarına hörmət, qanunlara riayət...

Azərbaycanda insan hüquq və azadlıqları olduqca yüksək səviyyədə həm qorunur, həm də hüquqi sənədlərdə təsbit olunur. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsi, Ombudsman aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə verilən dəyərin göstəricisi sayılmalıdır. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün beynəlxalq konvensiyaları dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır.

Bəli, Azərbaycan hüquqa və qanunun aliliyinə hörmət edən dövlətdir. Avropa Parlamentinin qəbul etdiyi siyasi motivli “qətnamələr” isə hüquqi deyil, siyasi xarakter daşıyır. Hüququ təzyiq alətinə çevirmək cəhdləri isə nə Azərbaycanın mövqeyini zəiflədə, nə də ölkəni öz suveren qərarlarından geri çəkindirə bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31