Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 8 oktyabr - Gəncəyə növbəti terror hücumu...

8 oktyabr - Gəncəyə növbəti terror hücumu...

08.10.2026 [10:21]

Hazırda torpaqlarımızın erməni işğlaından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin altıncı ildönümünü yaşayırıq. Rəşadətli ordumuz  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Bu müqəddəs mübarizəmiz qansız, itkisiz olmadı. Tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin əldə olunması üçün çox ağrılı, acılı proseslərdən keçmişik. Ermənilərin xain terror hücumları nəticəsində nə qədər evlər dağılıb, uşaqlar, qocalar, qadınlar həyatını itirib, uşaqlar valideynsiz qalıblar. Şanlı  Zəfərimizi qeyd etdiyimiz kimi, erməni cinayətlərini, erməni terrorunu da qeyd edirik, bu qanlı terror hadisələrini unutmamlıyıq və unutmuruq.

Ordumuzun qarşısında aciz qalan düşmənin hədəfi...

Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan yaşayış məntəqələri idi. Buna nümunə kimi, Bərdəyə, Gəncəyə, Tərtərə və digər bölgələrə raket hücumlarını göstərmək olar.

Bu gün Ermənistan hərbi birləşmələrinin Gəncə şəhərinə hücumundan altı il ötür. Belə ki, işğalçı hərbi birləşmələr 2020-ci il oktyabrın 8-də Gəncəni qadağan olunmuş silahlardan raket atəşinə tutmaqla növbəti müharibə cinayətinə əl atdı. Nəticədə, insan itkisi və yaralananlar olmasa da, şəhərin infrastrukturuna ciddi ziyan dəydi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi günlərində cəbhə xəttindən uzaqda yerləşən Gəncə düşmənin intensiv atəş nöqtəsinə çevrilmişdi. Halbuki, bu şəhərin bombalanması hərbi baxımdan heç bir önəm kəsb etmirdi.  Müharibə günlərində Gəncə ilk dəfə oktyabrın 4-də raket atəşinə məruz qalıb. Nəticədə 1 mülki şəxs həyatını itirib, 30-dan çox mülki şəxs isə yaralanıb. Ertəsi gün - oktyabrın 5-də şəhərə yenidən dağıdıcı raket atılıb.  Bu hücüm nəticəsində 3 nəfər Gəncə sakini yaralanıb. İtkisiz ötüşən 8 oktyabr hadisələrindən sonra şəhər oktyabrın 11-də yenidən Ermənistan ordusunun müharibə cinayətinin ünvanına çevrilib. Təəssüf ki, bu dəfə itkilərimiz çox olub - 10 mülki şəxs həyatını itirib, 40-dan çox insan yaralanıb. Vətən müharibəsi günlərində Gəncə mənfur düşməndən 5-ci raket zərbəsini oktyabrın 17-də alıb. Bu xain hücum 16 nəfərin həyatına son qoyub, 55 mülki şəxs isə yaralanıb.

Bütövlükdə, Ermənistan silahlı qüvvələrinin ağır müharibə cinayətlərinin miqyası çox böyükdür. Verilən məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atıb, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub.

İzlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə gedir

Məlumdur ki, vaxtilə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham olunan erməni separatçılarının başçıları olmuş  Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, eləcə də Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri ədalət mühakiməsinə çıxarılaraq cəzalarını çəkirlər. Hələ ötən il oktyabrın 6-da keçirilmiş məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilmişdi. Sənədlərdən bir daha aydın olur ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbələrini atəşkəs rejimini və beynəlxalq hüquq normalarını,  o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq endirib. Hərbi hədəf olmayan mülki obyektlər, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Beləliklə, Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqini tapıb.

Bu gün isə dinc əhaliyə qarşı cinayət törədənlər layiq olduqları cəzanı çəkməkdədirlər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31