Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyaya qarşı 21-ci sanksiyalar paketi gündəmdə

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi gündəmdə

12.06.2026 [10:16]

Rusiya ilə Ukrayna arasında 2022-ci ildə başlayan müharibə yalnız döyüş meydanında getmir. Kiyevi dəstəkləyən Qərb koalisiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da sonu görünməyən müharibənin ayrılmaz komponentlərindən birinə çevrilib. Müşahidə edilən odur ki, sanksiyalar Rusiyaya heç də bu ölkənin aktiv döyüş əməliyyatlarında verdiyi itkilərdən az təsir göstərmir. Qərb koalisiyası başlanğıcda bəyan etmişdi ki, Moskvaya qarşı sanksiyalar Rusiyanı iqtisadi baxımdan taqətdən salmağa və bu ölkənin Ukraynaya qarşı müqavimət gücünü azaltmağa hesablanıb.

Artıq indiyədək Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı geniş əhatə dairəsinə malik olan 20 sanksiya paketi qəbul olunub. Hazırda isə Avropa Komissiyasında (AK) sayca 21-ci sanksiya paketinin müzakirələri başlayıb.

Yeni sanksiyalar paketi özündə hansı məqamları ehtiva edir?

Avropa Komissiyası Rusiyaya qarşı energetika, maliyyə və ticarət sektorlarında yeni məhdudiyyətləri, həmçinin mövcud sanksiyalardan yayınmaya qarşı tədbirləri nəzərdə tutan 21-ci sanksiya paketini bu günlərdə təqdim edib. Bunu AK-nın prezidenti Ursula fon der Lyayen Brüsseldə bildirib.

Onun sözlərinə görə, yeni paket Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərə təzyiqin saxlanmasına yönəlib. Avropa Komissiyası qlobal neft bazarındakı dəyişkənlik fonunda mövcud məhdudiyyətləri qorumaq üçün Rusiya neftinin qiymət tavanının korreksiya mexanizminin gələn ilin yanvarına qədər dayandırılmasını təklif edib.

Aİ enerji sektorunda Rusiya neftinin daşınması ilə əlaqəli daha 30 gəmini sanksiya siyahısına daxil etməyi təklif edib. İlk dəfə olaraq məhdudiyyətlər “kölgə donanması”na yardımçı xidmətlər göstərən gəmilərə və şirkətlərə şamil ediləcək.

Maliyyə sektorunda daha 31 Rusiya bankı üçün əməliyyat qadağasının genişləndirilməsi təklif olunur. Məhdudiyyətlər sanksiyaya məruz qalmış Rusiya strukturlarına xidmət göstərən və ya məhdudlaşdırıcı tədbirlərdən yayınmağa kömək edən üçüncü ölkələrin 20 bankı, kriptovalyuta şirkəti, platforması və neft treyderlərini əhatə edəcək.

Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası ilk dəfə olaraq Rusiyaya qarşı sanksiya rejimindən yayınmağa kömək edən üçüncü ölkələrin ayrı-ayrı platformaları tərəfindən kriptoxidmətlərin göstərilməsinə tam qadağa mexanizminin tətbiqini təklif edir.

Eyni zamanda ümumi dəyəri təxminən 60 milyon avro olan malların, o cümlədən ayrı-ayrı metal növləri, metal filizləri və avtomobil komponentlərinin idxalına məhdudiyyətlər təklif olunur.

Dəyənəyin iki başı - kim nə qədər itirir?

Qeyd etdiyimiz kimi, sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanın iqtisadi-maliyyə imkanlarını məhdudlaşdırmaqdır. Tarixən neft, qaz, kömür və digər resursların ixracı bu ölkənin gəlirlərinin formalaşmasında mühüm rol oynayıb. Məhz bu kimi strateji sahələr də Qərb tərəfindən tətbiq olunan sanksiyaların əsas hədəfləri olub. Xüsusilə də ayrı-ayrı sanksiyalar paketi ilə neft məhsullarının ixrac həcmləri məhdudlaşdırılıb, aşağı qiymət tavanları müəyyənləşdirlib və s.

Ötən dörd il ərzində tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını tam şəkildə çökdürməsə də, bu ölkənin gəlirlərində əhəmiyyətli azalmalar müşahidə edilir. Finlandiyanın  beyin mərkəzi olan CREA-nın məlumatına görə, Rusiyanın 2025-ci ildə neft, qaz, kömür və neft məhsulları ixracından əldə edilən gəlirlər təxminən 193 milyard avro təşkil edib. Bu, əvvəlki il ilə müqayisədə 19 faiz azalma deməkdir. Müharibədən əvvəlki dövrlə müqayisədə azalma daha nəzərəçarpan olub və 27 faiz təşkil edib.

Rusiyanın enerji məhsullarının Aİ-yə ixracı xüsusilə kəskin şəkildə azalıb. Belə ki, bu rəqəm il ərzində 36 faiz azalaraq 14,5 milyard avroya düşüb. Rusiyanın iki ən böyük müştərisinin neft idxalı da azalıb: Hindistanın Rusiyadan neft idxalı  doqquz faiz azalaraq 31,6 milyard avroya, Çinə idxal isə 14 faiz azalaraq 43 milyard avroya düşüb.

CREA əsas səbəblər kimi Rusiya xam neftindən istehsal olunan neft məhsullarına qarşı Aİ sanksiyalarını və ABŞ-ın OFAC agentliyinin iki neft şirkətinə - “Rosneft” və “Lukoil”a qarşı gördüyü tədbirləri göstərir. Bu, xüsusilə Hindistana tədarükü əhəmiyyətli dərəcədə azaldıb.

Eyni zamanda, neft-qaz gəlirlərinin azalması fonunda Rusiya iqtisadiyyatında son vaxtlarda zəifləmə meyilləri güclənir və artım tempi aşağı düşür.

Rəsmi  statistik göstəricilərə əsasən, ölkənin ümumi daxili məhsulu 2026-cı ilin yanvar ayında 2,1 faiz, fevral ayında isə 1,5 faiz azalıb. Bu, son illərdə müşahidə edilən sabit artım dövründən sonra iqtisadi aktivliyin zəiflədiyini göstərir.

Analitiklərin qiymətləndirməsinə görə, əsas səbəblərdən biri Rusiyanın iqtisadi modelində mühüm rol oynayan neft və qaz gəlirlərinin tədricən azalmasıdır. Enerji ixracından əldə olunan gəlirlər əvvəlki illərdə aylıq 20-30 milyard avro səviyyəsində olsa da, son dövrlərdə daha aşağı göstəricilərə enib.

Mütəxəssislər bildirirlər ki, 2023-2024-cü illərdə enerji bazarlarında nisbi sabitlik və yüksək qiymətlər iqtisadiyyata dəstək versə də, 2025-2026-cı illərdə vəziyyət dəyişməyə başlayıb. Gəlirlərin azalması büdcə gəlirlərinə və iqtisadi artıma birbaşa təsir göstərir.

Sanksiyalarla yanaşı, enerji infrastrukturuna edilən zərbələr və alternativ bazarlara çıxış məhdudiyyətləri də Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradır. Mütəxəssislərin fikrincə, neft və qaz gəlirlərindən yüksək asılılıq Rusiya iqtisadiyyatının əsas risk amili olaraq qalır və bu gəlirlər azaldıqca iqtisadi artımın davamlılığı da zəifləyir.

Lakin dəyənəyin iki başı var. Ard-arda tətbiq olunan sanksiyalar Rusiyanı tədricən zəiflətdiyi kimi, Avropanın özünə də təsirsiz ötüşmür. Avropa qitəsi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə xeyli itki ilə üzləşib. Müxtəlif mənbələrin verdiyi məlumatlarda bildirilir ki, sanksiyalar tətbiq edildiyi müddətdə Rusiyadan Aİ-yə idxal 91 milyard avro, ixrac isə 2021-ci illə müqayisədə 48 milyard avro azalıb. Bu, Avropanı diversifikasiya etməyə məcbur edib. Aİ üzvü olan ölkələrin mallarının bir hissəsi ABŞ və Yaxın Şərq bazarlarına yönləndirilib. Lakin bu da qoca qitə üçün asan başa gəlmir. Belə ki, Brüssel tez-tez Vaşinqtonun tarif hədələrinə məruz qalır.

Bütün bunların göstəricisi kimi infllyasiya Aİ-də Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsindən dərhal sonra ciddi şəkildə artmağa başlayıb. Xatırlayaq ki, müharibənin ilk ilində Aİ məkanında inflyasiya 10-12 faizə çatdı və sonradan həyata keçirilən zəruri tədbirlərin nəticəsində müəyyən qədər səngidi. Rusiyanın timsalında ucuz və stabil enerji daşıyıcıları bazarından məhrum qalması Aİ dövlətlərinin ən böyük itkisi sayılır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, 2022-ci ildən etibarən enerji qiymətlərindəki artım Aİ üçün hər il 200 milyard avro itki deməkdir.

Siyasi parçalanmanı da mənfi mənada Aİ-nin aktivinə yazmaq mümkündür. Belə ki, Avropa İttifaqının üzvü olan bəzi ölkələr Rusiyaya qarşı sanksiyaların tətbiqi siysətini qəbul etmirlər. Cünki Rusiyaya qarşı sanksiyaların getdikcə daha da sərtləşdirlməsi yeni yüksək qiymətlər dalğasını gətirir ki, bu da hökumətlərə qarşı daxili etirazların artması deməkdir. Beləliklə, Avropa Komissiyasının özündə də etiraf olunur ki, Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin asanlıqla qəbul ediləcəyi gözlənilmir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30