Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 907-ci düzəliş yenidən dayandırıldı...

907-ci düzəliş yenidən dayandırıldı...

03.06.2026 [11:21]

Prezident təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. “Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”, - deyə paylaşımda vurğulanır.

Azərbaycan - ABŞ münasibətlərində itirilmiş illər

Dövlətlər arasında münasibətlər beynəlxalq hüquq və qarşılıqlı maraqlar əsasında tənzimlənməlidir. Azərbaycan beynəlxalq birliyin suveren aktorudur. Ölkəmiz heç bir güc mərkəzinin diqtəsi ilə oturub durmur, sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Təbii ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq digər dövlətlərin hüquq və maraqlarına hörmətlə yanaşmaq da Azərbaycanın siyasətinin prioritetləri sırasında yer alır. Ölkəmiz beynəlxalq prinsiplərə əsaslanan belə yanaşmanı həmçinin özünə münasibətdə görmək istəyir.

Təəssüf ki, Ağ Evin bundan əvvəlki administrasiyası dönəmində Vaşinqtonun Azərbaycanla münasibətləri məhz qarşı tərəfin, necə deyərlər, ərköyünlüyü səbəbindən bu çərçivədən kənara çıxırdı. İkitərəfli əlaqələrdə geridönüş baş vermişdi. Təsadüfi deyildir ki, dövlətimizin başçısı əvvəlki administrasiya dövründəki dörd ili Azərbaycan - ABŞ münasibətləri kontekstində itirilmiş illər kimi qiymətləndirib. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan münasibətlərinin girovuna çevrilmişdi. Azərbaycan beynəlxalq hüquqdan kənar addım atmamışdı. Sadəcə 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında böyük zəfərlər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini təmin etmişdi. Bununla respublikamız əslində öz gücü ilə tarixi ədalətin bərpasını və BMT-nin 30 il ərzində yerinə yetirilməyən müvafiq qətnamələrinin icrasını təmin etmişdi. Biz ərazi bütövlüyümüzün və suverenliyimizin pozulması faktı ilə barışa bilməzdik və barışmadıq da.

Təcavüzkarın cəzalandırılması ABŞ kimi güc mərkəzi tərəfindən alqışlanmalı idi. Bəs bunun əvəzində biz Bayden-Blinken administrasiyasında hansı davranışları gördük? Sualın cavabı təəssüf doğurur. Erməni lobbisinin girovluğunda qalan qoca Baydenin komandası sözün əsl mənasında ikibaşlı oyun oynayırdı. Ağ Evdən  konqresə, senata Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi ilə bağlı siyasi sifarişlər verilirdi. Qəbul olunan qətnamələrdə bir qayda olaraq Azərbaycan əsassız ittihamlara tuş gəlirdi. Respublikamızla bağlı qəbul olunan qətnamələrin məzmunu bir-birini təkrarlayırdı. Məsələn, Azərbaycan ermənilərin  Qarabağdan Ermənistana  köç etmələrinə görə günahlandırılırdı. Halbuki, bizim tərəfdən Qarabağın erməni əhalisinə hansısa bir təzyiq göstərilməmişdi. Onlar Ermənistana könüllü qaydada köç etmişdilər. Digər bir əsassız  tələb Bakıda saxlanılan separatçıların azadlığa buraxılması ilə bağlı idi. Burada da Bayden administrasiyası yanlış mövqedə idi. Dövləti cinayətə yol vermis, minlərlə insanın ölümünə, itkin düşməsinə rəvac vermiş separatçıların sərbəst buraxılması heç bir sağlam məntiqə sığmasa da, Bayden administrasiyası bunu Bakıdan tələb etməyə özündə cəsarət tapırdı. Beləliklə də, bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial Bayden administrasiyası dönəmində demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı.

907-ci düzəlişin Azərbaycan Prezidentinin iştirakı ilə dondurulması rəmzi məna daşıyır

Müstəqil Azərbaycanla ABŞ arasında münasibətlərdən bəhs edərkən istər-istəməz yada həm də “Azadlığa dəstək aktı”na bədnam 907-ci düzəliş düşür. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa dəstək aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb.

Prezident İlham Əliyev müsahibələrinin birində  907-ci düzəlişin tarixinə qısa ekskurs edib, onun bədnam mahiyyətinə bir daha diqqət çəkib. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşərək qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər.

Həmin tarixdən sonra bədnam düzəlişin dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu.

İndi Azərbaycan güclü dövlətdir. İqtisadiyyatını inkişaf etdirib, ölkəmizin beynəlxalq maliyyə qurumlarının dəstəyinə heç bir ehtiyacı yoxdur, öz problemlərimizi özümüz həll edirik. Belə bir vəziyyətdə 907-ci düzəlişin dondurulmasına  və “Azadlığa dəstək aktı” çərçivəsində respublikamıza ABŞ-dan yardım ünvanlanmasına bir o qədər də böyük ehtiyac yoxdur. Prezident İlham Əliyev ötən ilin avqustunda ABŞ-a səfəri çərçivəsində 907-ci düzəlişin dayandırılmasının rəmzi məna daşıdığını bildirib. “Əlbəttə ki, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Budəfəki memorandum Ağ Evdə administarsiya dəyişikliyindən sonra D.Trampın bədnam 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə imzaladığı ikinci sənəddir. Ümid edirik ki, ikitərəfli münasibətlərin indiki ruhuna uyğun gəlməyən bu bədnam düzəliş yaxın perspektivdə birdəfəlik tarixin arxivinə göndəriləcək.

MÜBARİZ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30