Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın etibarlı gələcəyi

Azərbaycanın etibarlı gələcəyi

03.02.2026 [08:10]

Prezident: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!

Azərbaycan dövləti gənclər siyasətini özünün sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirb. Bunun təsdiqi olaraq Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb və Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Dövlətimizin başçısı həmçinin sosial media hesablarında Gənclər Günü ilə bağlı paylaşım edib. “Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!”, - deyə paylaşımda vurğulanır.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə hesablarında Gənclər Günü ilə bağlı paylaşım edib. Paylaşımında gənclərə böyük inamını ifadə edən Birinci vitse-prezident bildirib: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər”.

Heydər Əliyevin əsasını qoyduğu siyasət

Böyük siyasətçi Heydər Əliyevin adı Azərbaycan tarixində xalqımızın həyatında müstəsna rol oynayan Lider kimi əbədi qalacaq. Heydər Əliyevin böyük xidmətlərindən biri də Onun respublikamızda gənclər siyasətinin əsasını qoymasıdır. “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir”, - deyə Prezident İlham Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciətində vurğulayıb.

Böyük siyasətçi olan Heydər Əliyev gənclərə xüsusi münasibət bəsləyirdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu görüş açıq dialoq şəraitində keçdi, gənclər problemlərini dilə gətirdilər, arzu və istəklərini bildirdilər. Sonrakı illərdə Heydər Əliyevin  imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Prezident Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin gənc nəslə qayğısının təzahürü kimi ötən əsrin 70-80-ci illərində Onun tərəfindən əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsi bərpa edildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayırdı. Onun göstərişi ilə təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmana əsasən, istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Respublikamızda gənclər forumlarının keçirilməsi ideyası da Heydər Əliyevdən gəlib. Onun 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının təşkil edilməsinə start verildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Prezident Heydər Əliyev gənc nəslə həssas yanaşmasının təzahürü olaraq 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” ayrıca fərman imzaladı. Bu sənədlə ölkədə gənclərin inkişafı üçün daha əlverişli şəraitin yaradılması təmin edildi.

Gənclər siyasətində varislik

Uğurlu inkişaf modelinə malik olan Azərbaycanda gənclər siyasətinin səmərəliliyi ilk növbədə onunla şərtlənir ki, son 22 ildə Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, gənclər siyasətinin də ardıcıllığını yüksək səviyyədə təmin edib. Belə ki, ötən dövrdə paytaxtda və regionlarda 32 “Gənclər evi” sosial xidmət müəssisəsi tikilib, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunub, onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilib. Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında” sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı növbəti sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən daha 10 gənc 2026-cı il Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.

Ölkəmizdə bacarıqlı gənc kadrların irəli çəkilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı  ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclər üçün böyük imtahan

Respublikamızda xalqına, ölkəsinə, dövlətinə bağlı olan vətənpərvər gənclərin yetişməsi Azərbaycanın milli gücünü artıran çox mühüm amildir. Vətən müharibəsində cəmiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak ediblər. Lakin müharibənin əsas ağırlığını gənclərimiz çəkiblər. Məhz gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olub. “Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28