Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü yolunda “qırmızı işıq”

Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü yolunda “qırmızı işıq”

05.09.2026 [11:53]

Budapeşt hər iki ölkənin Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin irəliləməsinə veto qoyub

Ukraynanın və Moldovanın sürətləndirilmiş qaydada Avropa İttifaqına (Aİ) üzv qəbul edilmələri ətrafında növbəti dəfə gərginlik yaranıb. Söhbət Macarıstanın yenidən prosesə etiraz etməsindən gedir. Baş naziri Peter Macyar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə bildirib ki, Macarıstan heç bir ölkənin Avropa İttifaqına sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək.

Baş nazirin açıqlaması Macarıstanın sentyabrın 2-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesini növbəti dəfə bloklamasından sonra səslənib. Məlumata görə, Budapeşt Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin irəliləməsinə mane olub.

Aİ-yə üzvlük çıxılmazlığı - geosiyasi amillər önə keçir

Avropa İttifaqına üzv olmaq üçün bu istəkdə bulunan dövlətlər Kopenhagen meyarlarına cavab verməli və çoxmərhələli rəsmi prosesdən keçməlidirlər. Kopenhagen meyarları siyasi sahədə stabil demokratiya, qanunun aliliyi, insan hüquqları və azlıqların qorunması kimi prinsipləri özündə ehtiva edir. Namizəd ölkələr qeyd olunan istiqamətlərdə islahatlar aparmaqla, qanunvericilik bazasını möhkəmlətməklə özlərini Aİ standartlarına uyğunlaşdırmalıdırlar. Həmçinin Aİ-yə üzvlük arzusunda olan ölkələr yüksək səviyyəli bazar iqtisadiyyatı modelinə keçid etməli və istehsal imkanları ilə Aİ daxilindəki rəqabətə tab gətirməlidirlər. Eyni zamanda, ölkələr Aİ-nin bütün qanunlarını, qaydalarını və standartlarını qəbul etmək məcburiyyətindədirlər.

Üzvlüyə gedən yol Avropa İttifaqı Şurasına rəsmi müraciətlə başlayır. Avropa Komissiyasının rəyindən sonra bütün Aİ ölkələrinin yekdil razılığı ilə ölkəyə “namizəd” statusu verilir. Bundan sonra danışıqlar prosesi başlayır. Aİ qanunvericiliyi 35 müxtəlif sahəyə (ətraflı mühit, məhkəmə, kənd təsərrüfatı və s.) bölünür. Namizəd ölkə öz qanunlarını bu sahələr üzrə Aİ standartlarına uyğunlaşdırmalıdır. Danışıqlar bitdikdən sonra Üzvlük Müqaviləsi hazırlanır. Bu müqavilə Avropa Parlamenti, Avropa Komissiyası, bütün mövcud Aİ üzvləri və namizəd ölkə tərəfindən ratifikasiya olunmalıdır.

Lakin danışıqların başlanması heç də bütün hallarda Aİ-yə üzvlüyü təmin etmir. Məsələn, 2027-ci ildə Aİ-yə qoşula biləcək Monteneqro 14 ildir danışıq aparır. Qoşulma şansı olmayan Türkiyə Avropa İttifaqına namizəd ölkə statusunu 1999-cu ildə alıb və üzvlük danışıqlarına rəsmən 2005-ci ildə başlayıb. Proses uzandıqca uzanır və üfüqdə heç bir parıltı görünmür.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, Aİ sıralarında yer almaq getdikcə daha çox dərəcədə siyasi alətə çevrilir. Yəni proses heç də bütün hallarda Kopenhagen meyarlarına uyğun aparılmır. Brüsselin geosiyasi və geoiqtisadi maraqlarından asılı olaraq hansısa bir ölkənin qarşısında “yaşıl”, digərinin qarşısında isə “qırmızı” işıq yandırılır. Qardaş Türkiyənin nümunəsi buna misaldır. Bu gün Türkiyənin həm siyasi, həm də iqtisadi sahədə yaratdığı reallıqlar bir sıra Avropa dövlətlərində olduğundan qat-qat üstündür. Ancaq qeyd etdiyimiz kimi, danışıqlar prosesi tamamlanmır. Səbəb də odur ki, Türkiyə fərqli inanca malik dövlətdir.

Son vaxtlarda isə yenə də geosiyasi amillərə görə qonşu Gürcüstanla Aİ arasında ciddi ixtilaflar yarandı. Belə ki, Gürcüstan parlamentində qəbul olunan bir sıra qanunlar Brüsseli qane etmədi. Həmin qanunlar Gürcüstanın milli mənafeyi naminə qəbul olunmuşdu. Brüssel isə bunu rəsmi Tbilisinin Rusiyanın təsir dairəsinə keçməsi, Avropadan uzaqlaşması anlamında təqdim etdi və beləliklə də, danışıqlar prosesi pozuldu. Hazırda oxşar proseslər qonşu Ermənistanda izlənilir.

Budapeştin şərtləri nədən qaynaqlanır?

Macarıstan Aİ-yə üzvlük danışıqlarının əsas mərhələsi olan ikinci (vahid daxili bazar) və üçüncü (rəqabətqabiliyyətlilik və sosial siyasət) danışıqlar klasterlərinin açılmasını təsdiqləməkdən imtina edib. Halbuki Aİ-yə üzvlük prosesində yekdillik prinsipi var. Yəni Aİ qaydalarına görə, danışıqların hər bir mərhələsinin və fəslinin açılması üçün 27 üzv dövlətin hamısının yekdil səsi (razılığı) tələb olunur. Macarıstan veto hüququndan istifadə edərək prosesi tamamilə dayandırıb.

Macarıstan hakimiyyəti danışıqlar prosesinin bərpası üçün 2 şərt irəli sürür. Bunlar aşağıdakılardır:

- Ukrayna hakimiyyəti etnik macarların hüquqları ilə bağlı ikitərəfli razılaşmanı yerinə yetirməlidir,

- Budapeşt Aİ rəhbərliyindən Macarıstana tətbiq olunan gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin ən qısa zamanda həllini gözləyir.

Söhbət Ukraynanın Zakarpatye ərazisində kompakt yaşayan 100 minlik macar etnik azlığının hüquqlarının qorunmasından gedir. Bununla bağlı uzun illər ərzində aparılan danışıqlardan sonra 2026-cı ilin iyun ayında müvafiq saziş imzalanıb. Sənəddə əsasən macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqları bərpa olunur və genişləndirilir. Ukrayna rəsmi olaraq bu razılaşmadakı bəndləri öz milli qanunvericiliyinə daxil etmək və Avropa İttifaqına  üzvlük üzrə fəaliyyət planına inteqrasiya etmək öhdəliyi götürüb. “Bununla da bizim Zakarpatyedən olan soydaşlarımız əvvəlkindən xeyli dərəcədə daha geniş təhsil, mədəniyyət, dil və siyasi hüquqlara malik olacaqlar. Bu öhdəliklər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsindəki fəaliyyət planında da öz əksini tapacaq. Əgər bu baş verərsə, Macarıstan hökuməti Ukraynaya münasibətdə (Aİ-yə daxil olmaq barədə - red.) ilk danışıqlar klasterinin açılmasına razılıq verəcək”, - deyə Baş nazir saziş imzalandıqdan sonra sosial şəbəkə hesabında bildirib.

Belə görünür ki, hələlik rəsmi Kiyev öhdəliklərini tam şəkildə yerinə yetirməyə tələsmir və buna cavab olaraq da Budapeşt danışıqlar prosesini əngəlləyir.

İkinci məsələyə gəldikdə isə Aİ Ədalət Məhkəməsi 2024-cü ilin iyununda Macarıstana 200 milyon avro məbləğində birdəfəlik cərimə tətbiq edib və qərarın icrasında hər gecikdirilən gün üçün əlavə 1 milyon avro ödəmək öhdəliyi qoyub. Cərimə Budapeştin Aİ-nin sığınacaq və miqrasiya qaydalarına əməl etməməsi ilə əlaqədar tətbiq olunub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30