Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Müharibə yenidən başlayır?

Müharibə yenidən başlayır?

10.07.2026 [09:45]

ABŞ və İrandan qarşılıqlı ittihamlar

İyulun 7-də Hörmüz boğazında üç ticarət gəmisinin hücuma məruz qalmasından sonra ABŞ-la İran arasında qarşılıqlı hücumlar yenidən başlayıb. Həmin gün Amerika hərbi qüvvələri İrandakı müəyyən obyektlərə, İran isə ABŞ-ın regiondakı hərbi bazalarına hücum edib. Növbəti gün ərzində də qarşılıqlı hücumlar davam edib. Tərəflər bir-birini razılaşmaları pozmaqda ittiham edir.

“Hörmüz boğazı ABŞ-ın deyil, İranın şərtləri əsasında açılacaq”

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumatda deyilir ki, ABŞ ordusu İrana qarşı yeni zərbələr endirib və 90 hədəfə hücum edib: “Məqsəd Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətməkdir. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib”. Komandanlıq hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron saxlama yerlərini və hərbi logistika infrastruktur obyektlərini göstərib.

ABŞ-ın yeni hücumlarından sonra İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Hörmüz boğazının Vaşinqtonun təhdidləri səbəbindən deyil, yalnız Tehranın şərtləri yerinə yetirildikdən sonra açılacağını bildirib. O, ABŞ-ın hədə-qorxularının və pozulmuş vədlərinin artıq nəticəsiz qalmadığını vurğulayıb.

İran Səhiyyə Nazirliyi isə  bildirib ki, ABŞ-ın son iki gündə İranın beş əyalətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 78 yaralı var. Nazirliyin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kirmanpur “X” sosial media şəbəkəsində yazıb: “ABŞ son iki gündə İranın beş əyalətini hədəfə alıb. Zərbələr indiyə qədər 14 ölüm və 78 yaralanma ilə nəticələnib”. Nazirliyin məlumatına görə, yaralılardan 47-si xəstəxanadadır, qalanları isə tibbi yardım aldıqdan sonra evə buraxılıb.

İranın dövlət xəbər agentliyi IRNA-nın Xuzistan əyalətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavini Vəliullah Hayatiyə istinadla verdiyi məlumata görə, qurbanlardan üçü cənub-qərbdəki Əhvaz şəhəri yaxınlığında həlak olub.

“Təsnim” xəbər agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Salman limanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci donanmasının qərargahı və Küveytdəki Əli Əl-Salem hava bazası da daxil olmaqla ABŞ-ın 85 hərbi obyektini hədəf alan raket və dron əməliyyatı keçirib.

ABŞ hərbi bazaları İsrailə köçürüləcək?

İranın Körfəz ölkələrinə hücumları fonunda ABŞ-ın hərbi bazalarının İsrail ərazisinə köçürülməsi də gündəmə gəlib. Bu barədə rəsmi mənbələrə istinadla məlumat yayan İsrailin “Hayom” nəşrinin bildirdiyinə görə, Yaxın Şərqdəki Amerika bazalarının İsrailin cənubundakı Nəcəf səhrasına köçürülməsi ehtimalı hökumətin iclasında müzakirə edilib. Rəsmilər ABŞ bazalarının İsrailə köçürülməsi ehtimalını müsbət qiymətləndirirlər və bu məsələ artıq yüksəkvəzifəli Amerika nümayəndələri ilə müzakirə olunub. Lakin hələ yekun qərar verilməyib və tərəflər arasında müzakirələr davam edir.

ABŞ-ın Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə bazaları var və bunların hamısı İranın raket hədəfi mənzilində yerləşir. Məlumata görə, İsrail Amerika üçün bir neçə açıq üstünlük - Yaxın Şərqdəki əsas əməliyyat sahələrinə coğrafi yaxınlıq, sıx təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı, inkişaf etmiş texnoloji infrastruktur, Amerikapərəst əhali və hava hücumundan müdafiə sistemi təklif edir. Bu potensial üstünlüklərə əlavə olaraq, İsraildə daimi və geniş Amerika bazasının olması, xüsusən də ABŞ ilə birbaşa qarşıdurma halında, ölkəni İran və bölgədəki digər aktyorlar üçün daha da əhəmiyyətli bir hədəfə çevirə bilər.

Müzakirələr zamanı ortaya çıxa biləcək digər məsələ belə bir addımın İsrailin hərəkət azadlığına nə dərəcədə təsir göstərə biləcəyidir. Bununla belə, Amerika qüvvələrinin və infrastrukturunun İsrail torpağında yerləşdirilməsi Vaşinqtonun İsrailə qarşı təhlükəsizlik öhdəliyini gücləndirə bilər.

ABŞ Prezidenti Donald Tramp isə hərbi toqquşmalar fonunda İranın razılığa gəlmək istədiyini deyib: “İrandan bir az əvvəl zəng etdilər. Onlar razılığa gəlməyi çox istəyirlər, sadəcə razılaşmaya layiq olub-olmadıqlarını bilmirəm. Razılaşmaya əməl edəcəklərini bilmirəm. Problem də budur. Biz onlara çox sərt zərbələr endirdik və deyirəm ki, biz onlara 20:1 hesabı ilə zərbə endirdik. Hər dəfə onlar bizə zərbə endirəndə eyni hesab ilə zərbə endirəcəyik”.

Pakistan və Çin tərəfləri dialoqa çağırıb

Tərəflər arasında vasitəçilik edən Pakistan isə ABŞ və İranı dialoqa çağırıb. Xarici İşlər Nazirliyi bəyan edib ki, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ yoxdur. Rəsmi İslamabad bölgədəki hadisələrlə bağlı dərin narahatlığını ifadə edib və hərbi əməliyyatların yenidən başlamasının heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib. Nazirliyin yaydığı bəyanatda deyilir: “Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır”. İslamabad Vaşinqton və Tehranı anlaşma memorandumunun şərtlərinə bərabər şəkildə riayət etməyə səsləyib.

Çin Xalq Respublikası da iyulun 7-də hərbi güc tətbiqinin “danışıqların ruhuna uyğun olmadığını” bildirib və hər iki tərəfin cavab hava hücumları fonunda ABŞ və İranı dialoqa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində jurnalistlərə deyib: “Müharibəni yenidən alovlandırmaq heç kimin maraqlarına xidmət etmir”. Çin rəsmisinin bu açıqlaması ABŞ ordusunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq 80-dən çox hədəfə zərbə endirməsi fonunda verilib.

Bu hücumları şərh edən Mao Nin deyib: “Hərbi tədbirlər danışıqların ruhuna uyğun deyil”. O, İran və ABŞ prezidentləri tərəfindən ötən ay imzalanan və müharibəyə birdəfəlik son qoymaq üçün iki tərəfin 60 günlük danışıqlar müddətini müəyyən edən müqaviləyə istinad edərək əlavə edib: “Biz iki tərəfi mübahisəni danışıqlar yolu ilə həll etməyə, İslamabad Anlaşma Memorandumu üzrə prosesi davam etdirməyə və güc tətbiqindən çəkinməyə çağırırıq”.

Neft və qazın qiyməti yenidən bahalaşır

Körfəzdə hərbi əməliyyatların yenidən başlaması dünya bazarında xam neft və təbii qazın qiymətlərinin növbəti dəfə yüksəlməsinə səbəb olub. ABŞ-ın Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən enerji siyasətinin araşdırma mərkəzinin hesabatında bildirilir ki, Avropa ölkələrindəki qaz anbarları hələ də dolu deyil. Yayın həddən artıq isti keçməsi elektrik enerjisinə tələbatı artırıb. Bu səbəbdən də elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın həcmi artıb ki, bu da qiymətlərin aşağı düşməsinə imkan vermir. Digər tərəfdən Hörmüz boğazından keçid açılsa da Qətər əvvəlki kimi sutkada 3 deyil, cəmi 1 tanker mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edə bilir. Müharibə zamanı Qətərin LNG istehsal edən qaz infrastrukturuna ciddi ziyan dəyib. Hazırda bərpa işləri davam edir ki, bu da anbarların doldurulmasını ləngidir.

Mərkəzin təhlilinə görə, bu gün Fransa qaz anbarlarını 50, Almaniya 42,3, Niderland 26,7, Belçika isə 23,7 faizini doldura bilib. Əgər oktyabr ayına kimi anbarlar doldurulmasa qarşıdakı qış mövsümündə böhran yaşanacaq ki, bu da qiymətlərin artması ilə müşahidə oluna bilər. İyulun 8-də İran ilə ABŞ arasında hərbi əməliyyatların yenidən başlaması vəziyyəti daha da gərginləşdirdi. Belə ki, Hörmüz boğazından gəmilərin keçidi yenidən bağlanıb ki, bu da bazarın tədarükündə problem yaradıb. Bu vəziyyət qiymət artımını qaçılmaz edir.

Qətərin Baş naziri Muhəmməd bin Əbdülrrəhman Əl Tani “Financial Times” müsahibəsində bildirib ki, Qətər 3 həftə ərzində infrastrukturu bərpa edərək LNG istehsalını artıra bilər. Lakin Körfəzdəki gərgin vəziyyət tədarükü çətinləşdirir. Onun fikrincə, əsas problem Körfəzdəki sabitliyin pozulmasıdır.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31