Türkiyənin regional güc mərkəzi statusu təsdiqlənir...
28.11.2025 [09:50]
Cənubi Koreya Ankara ilə yaxın əməkdaşlıqda maraqlıdır
Geopolitik mənzərənin sürətlə dəyişdiyi dövrdə Türkiyənin regional aktordan qlobal güc mərkəzinə doğru yüksəlişi beynəlxalq münasibətlər sistemində xüsusilə nəzərə çarpmaqdadır. Rəsmi Ankara son illərdə siyasi, hərbi, iqtisadi və texnoloji sahələrdə həyata keçirdiyi ardıcıl strategiyalarla qlobal münasibətlər sistemindəki rolunu yenidən müəyyənləşdirib. Türkiyə həm siyasi qərarvermədə müstəqil xətt yürüdür, həm də özünün sərt güc elementlərini sürətlə modernizə etməklə geopolitik cazibəsini artırır. Xüsusilə müdafiə sənayesinin lokallaşdırılması və yerli-texnoloji sıçrayışlar, “Bayraktar” PUA-ları, hava hücumundan müdafiə sistemləri, taktiki zirehli platformalar, “Tayfun” raket layihəsi və nəhayət, milli döyüş təyyarəsi “Kaan” kimi proqramlar Türkiyənin artıq yalnız regional deyil, qlobal oyunçu kimi qəbul edilməsində əsas amillərə çevrilib. Eyni zamanda, Ankara diplomatik çevikliyi ilə də seçilir. NATO-nun aparıcı üzvlərindən biri kimi Qərb strukturlarında yer alan Türkiyə, paralel şəkildə Orta Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şimali Afrika və Qara dəniz hövzəsində özünəməxsus siyasi əməkdaşlıq platformaları müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, enerji layihələrinin şaxələndirilməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına töhfələr, Suriya və Liviya proseslərində aktiv iştirak Ankara üçün yeni strateji imkanlar yaradıb. Artıq Ankara yalnız regional balansın elementlərindən biri deyil, dəyişən dünya nizamının formalaşmasına təsir göstərən aparıcı aktor sayılır.
Yeni əməkdaşlıq prioritetləri...
Bu fakt növbəti dəfə Cənubi Koreya Prezidenti Lee Jae Myungun Ankara sərfəri zamanı müşahidə olundu. Yeni inkişaf dövrünün aparıcı dövlətlərindən sayılan Cənubi Koreyanın Türkiyə ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirməsi Ankaranın yeni nizamdakı üstün rolunu dəqiqləşdirir. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi koreyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında nüvə elektrik stansiyasının qurulması ilə bağlı işlər davam edir. Vurğulanıb ki, Cənubi Koreya ilə Türkiyə arasında müdafiə sənayesində birgə səylərin potensialı müzakirə edilir. Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 1957-ci ildə qurulub. Münasibətlər 2012-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Lee Jae Myungun səfəri çərçivəsində ticarət və turizm, enerji və müdafiə sənayesi, infrastruktur və nəqliyyat, elm və texnologiya, qarşılıqlı investisiyalar, süni intellekt, yarımkeçirici və batareya texnologiyaları, innovasiya və bərpa olunan enerji sahələrində əhəmiyyətli potensial müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Asiya-Sakit okean regionunda ikinci ən böyük ticarət tərəfdaşı olan Cənubi Koreya ilə müəyyən edilmiş 15 milyard dollarlıq ticarət həcminə çox yaxınıq. “Birgə səylər nəticəsində artıq 10 milyard dollarlıq həddi keçmişik. Daha balanslı ticarət münasibətləri üçün Azad Ticarət Sazişimizin yenidən nəzərdən keçirilməsinin vacibliyini də vurğuladım”, -deyə Ərdoğan deyib. İki ölkə arasında müdafiə sənayesi müstəvisində həyata keçirilən Altay Tank layihəsi ən uğurlu nümunələrdən sayılır.
Avropa, Yaxın Şərq, Avrasiya və Afrikanı birləşdirən unikal strateji mövqe
Vurğulanmalıdır ki, Cənubi Koreya da Türkiyəni regionun ən mühüm dövlətlərindən biri hesab edir. Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandıran Prezident Lee Jae Myung ölkəsinin Türkiyə ilə strateji tərəfdaşlığını prioritet saydığını və əlaqələrin daha da gücləndirməkdə davam edəcəklərini bildirib. Koreya Prezidenti bildirib ki, Türkiyə Koreya üçün strateji tərəfdaşdır və Avrasiya bölgəsində əhəmiyyətli bir mərkəzdir. Koreya müharibəsində türk və koreyalı əsgərlərin çiyin-çiyinə vuruşduğunu bildirən Lee Jae Myung iki ölkəni “qan bağlı qardaşlar” olaraq xarakterizə edib. Lee Jae Myung Türkiyənin Avropa, Yaxın Şərq, Avrasiya və Afrikanı birləşdirən unikal strateji mövqeyə malik olduğunu ifadə edib: “Müdafiə sənayesində ikitərəfli əməkdaşlıq olduqca canlıdır və bu əməkdaşlıq birgə istehsal, texnoloji əməkdaşlıq və kadr hazırlığı mübadiləsini əhatə edən bir sıra layihələri əhatə edir. Güclü müdafiə tərəfdaşlığımızın tipik nümunəsi Altay Əsas Döyüş Tankı istehsal proqramıdır. İndiyə qədər topladığımız təcrübəyə əsaslanaraq, əməkdaşlığımızın əhatə dairəsini nüvə enerjisi, biosəhiyyə, rəqəmsal transformasiya, yeni və bərpa olunan enerji və süni intellekt kimi gələcəyə yönəlmiş sənaye sahələrini əhatə etmək üçün genişləndirməyi hədəfləyirik”, - deyə Cənubi Koreya Prezidenti bildirib.
Nüvə enerjisi sektorunda Koreya şirkətlərinin Türkiyənin Sinop Nüvə Elektrik Stansiyası layihəsində iştirakı ilə bağlı müzakirələrin davam etdiyini bildirən Prezident Koreyanın Türkiyənin nüvə enerjisinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, yeni nəsil müdafiə texnologiyaları ilə tərəfdaşlığımızı genişləndirə bilərik. Buna pilotsuz sistemləri ənənəvi platformalarla inteqrasiya etməklə, mobillik və müdafiə texnologiyalarını inkişaf etdirməklə və sektorlarımızın birgə innovasiya edə biləcəyi yeni sahələri araşdırmaqla nail ola bilərik. Prezident olaraq, mən Koreya və Türkiyə arasında təhlükəsizliyimizi gücləndirən, texnoloji imkanlarımızı inkişaf etdirən və iki ölkəmizdən kənarda sabitliyə töhfə verən gələcəyə yönəlmiş müdafiə tərəfdaşlığını dəstəkləməyə sadiqəm”.
Türkiyə güvənilir tərəfdaşdır...
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə və Cənubi Koreya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb. 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümü ərəfəsində, qarşılıqlı hörmət, etimad və uzunmüddətli dostluğa əsaslanan Strateji Tərəfdaşlığın daha da dərinləşdirmək üçün birgə iradə bir daha təsdiqlənib. Qeyd edək ki, Birgə Bəyanatda siyasi əməkdaşliq proioritetləri açıqlanıb. Tərəflər bütün səviyyələrdə dialoq və məsləhətləşmələrin vacibliyini vurğulayaraq, müntəzəm siyasi əlaqələri və yüksək səviyyəli səfərləri davam etdirməyə hazır olduqlarını bildiriblər. Eləcə də Birləşmiş Millətlər Təşkilatı, G20 və başqa çoxtərəfli platformalarda birgə işləməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyanatda, həmçinin iqtisadi və sənaye əməkdaşlığının da istiqamətləri müəyyənləşdirilib. Tərəflər Türkiyə-Koreya Azad Ticarət Sazişi çərçivəsində əldə edilən irəliləyişlərdən məmnunluqlarını ifadə ediblər və ortaq rifaha və qarşılıqlı tamamlayıcı ticarət strukturuna töhfə verəcək bir razılaşmanın qorunmasının vacibliyini vurğulayıblar. Bundan başqa, elm, texnologiya və innovasiya, müdafiə sənayesi, mədəni, humanitar və cəmiyyətlərin inteqrasiyası sahəsində əməkdaşlıq prinsipləri vurğulanıb.
SADİQ
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

