Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət strategiyasının, beynəlxalq əməkdaşlıq prinsiplərinin və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim olunması baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində iki ölkə arasında formalaşmış tarixi dostluq əlaqələrinə toxunaraq, bu münasibətlərin təxminən 70 illik inkişaf yolunu diqqətə çatdırıb. Azərbaycan–Vyetnam dostluğunun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləri olub. 1983-cü ildə Ümummilli Liderin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. Sonrakı illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində bu tarixi dostluq münasibətləri yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Müsahibədə diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi perspektivləridir. Prezident İlham Əliyev 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötdüyünü, bununla belə, mövcud potensialın daha böyük olduğunu vurğulayıb. Energetika, neft-qaz sənayesi, investisiya, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələri əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyənləşdirilib. Xüsusilə SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı, eləcə də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika imkanlarının Vyetnam mallarının Avropa bazarlarına çatdırılmasında istifadəsi mühüm perspektivlər yaradır. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sistemində strateji mövqeyini gücləndirməklə yanaşı, Asiya ilə Avropa arasında etibarlı bağlantı rolunu daha da möhkəmləndirir. Dövlət başçısının diqqətə çatdırdığı bu məqamlar Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də mühüm regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin getdikcə gücləndiyini göstərir.
Prezident İlham Əliyev humanitar, təhsil və mədəniyyət sahələrində əlaqələrin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolunu da xüsusi qeyd edib. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, təhsil müəssisələrinin yaradılmasına və təhsil proqramlarına göstərilən dəstək, universitetlərarası əməkdaşlıq iki xalq arasında dostluq münasibətlərinin dərinləşməsinə xidmət edir. Sovet dövründə Azərbaycanda təhsil almış təxminən 5 min vyetnamlı mütəxəssisin öz ölkəsinin inkişafına töhfə verməsi də bu əlaqələrin möhkəm tarixi əsaslara söykəndiyini təsdiqləyir.