Ağdamda yeni nəqliyyat infrastrukturu: Böyük Qayıdışın və inkişafın mühüm mərhələsi

Ağdamda yeni nəqliyyat infrastrukturu: Böyük Qayıdışın və inkişafın mühüm mərhələsi

 

      Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm hadisələrindən biridir. Bu kompleksin istifadəyə verilməsi Ağdam rayonunun sosial-iqtisadi inkişafına, nəqliyyat imkanlarının genişlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə xidmət edən əhəmiyyətli layihə kimi qiymətləndirilir.

     Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Uzun illər işğal altında qalan bu torpaqlarımızda həyatın yenidən canlandırılması, dağıdılmış infrastrukturun bərpası və müasir yaşayış şəraitinin yaradılması dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu gün Ağdamda aparılan quruculuq işləri Azərbaycanın öz doğma torpaqlarını yenidən dirçəltmək əzmini və gücünü nümayiş etdirir.

     Dəmir yolu və avtovağzal kompleksinin açılması Ağdamın ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir nəqliyyat infrastrukturu insanların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, iqtisadi fəallığın artmasına, sahibkarlığın inkişafına və yeni iş imkanlarının yaranmasına da müsbət təsir göstərir.

     2025-ci il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Bu hadisə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf etməsi baxımından da xüsusi məna daşıyır. Kompleksin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdu.

     Layihənin ən mühüm xüsusiyyətlərindən biri onun müasir şəhərsalma və memarlıq prinsipləri əsasında inşa edilməsidir. Təxminən 8 hektar ərazini əhatə edən kompleksdə sərnişinlərin rahatlığı üçün geniş imkanlar yaradılıb. Burada gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoran, əyləncə zonaları və istirahət guşələri fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Sərnişinlərin qatar platformasına və avtobus dayanacaqlarına rahat keçidi təmin edilib.

     Kompleksin diqqətçəkən cəhətlərindən biri də nəqliyyat vasitələri üçün yaradılmış əlavə imkanlardır. Ərazidə müxtəlif avtomobillər üçün dayanacaqlar, şəhərlərarası və rayonlararası avtobusların hərəkəti üçün perronlar, velosiped dayanacaqları, park və elektrik avtomobilləri üçün enerji doldurma məntəqəsi yaradılıb. Bundan əlavə, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə inşa edilib. Platformanın uzunluğu 350 metrdir.

     Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin sərnişindaşıma imkanları da kifayət qədər genişdir. Dəmir yolu vağzalı gündəlik 800–1000 sərnişinə, avtovağzal isə 1300–1500 sərnişinə xidmət göstərə biləcək. Bu göstəricilər kompleksin regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır.

     Bərdə–Ağdam dəmir yolu xəttinin istifadəyə verilməsi və gələcəkdə Ağdam–Xankəndi istiqamətində dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi Qarabağ bölgəsinin nəqliyyat imkanlarını daha da genişləndirəcək. Bu layihələr bölgənin iqtisadi və sosial həyatına yeni dinamika gətirməklə yanaşı, Azərbaycanın digər regionları ilə əlaqələrin möhkəmlənməsinə də töhfə verəcək.

     Nəqliyyat infrastrukturunun inkişafı Ağdamın iqtisadi potensialının reallaşdırılması üçün də mühüm əhəmiyyət daşıyır. Rahat nəqliyyat əlaqələri bölgəyə investisiyaların cəlb edilməsini, sahibkarlığın inkişafını, turizm imkanlarının genişlənməsini və yerli məhsulların bazarlara çıxarılmasını asanlaşdırır. Ağdamda yaradılan yeni infrastruktur gələcəkdə rayonun sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində inkişafına əlavə imkanlar açacaq.

     Bu kompleksin istifadəyə verilməsi Böyük Qayıdış proqramının həyata keçirilməsində də mühüm addımdır. Doğma torpaqlarına qayıdan sakinlər üçün yalnız yaşayış evlərinin tikilməsi deyil, həm də rahat həyat şəraitinin yaradılması vacibdir. Müasir nəqliyyat sistemi insanların gündəlik ehtiyaclarının ödənilməsinə, təhsil və iş imkanlarına çıxışına, digər şəhər və rayonlarla əlaqələrinin asanlaşmasına xidmət edir.

     Ağdamın yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa siyasətinin tərkib hissəsidir. Şəhərdə yaşayış məhəllələrinin, məktəblərin, sosial obyektlərin, mədəniyyət müəssisələrinin və istehsal sahələrinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun inkişafı da xüsusi diqqət mərkəzindədir. Bütün bu layihələr Ağdamın gələcəkdə müasir, abad və iqtisadi cəhətdən inkişaf etmiş şəhərə çevrilməsinə xidmət edir.

Fərəcli Jalə

YAP Ordubad rayon təşkilatının fəalı