DSMF-nin 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək
Milli Məclisin noyabrın 17-də keçirilən iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib. Millət vəkillərinin çıxışlarından sonra 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək bildirib ki, sosial siyasət Azərbaycan dövlətinin daxili siyasətində daim prioritet yer tutub. Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8 faiz çoxdur.
DSMF-nin xərcləri 9 milyard 273 milyon manat proqnozlaşdırılır
DSMF-nin 2027-ci il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3 faiz çoxdur. Fondun daxilolmalarının 7 milyard 587 milyon manatının, yaxud 82,3 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 67,5 faizi qeyri-büdcə sektorunun, 32,5 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5 faizini əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti 50 faiz həddini qoruyaraq Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 faizlik minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.
2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.
Komitə sədri “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi barədə də məlumat verib. O bildirib ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF-in) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş müvafiq göstəricisindən 31 milyon manat və ya 13 faiz çoxdur. 2027-ci ildə İSF-in xərcləri 319 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 53 milyon manat çoxdur. Gələn il fondun xərclərinin 36 milyon manatı işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub. Bu, cari ildəkindən 28,6 faiz çoxdur. İSF-in xərclərinin 113 milyon manatı, yaxud 35 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcəkdir. 2027-cı ildə 14500 nəfərin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur.
Altıncı sosial islahat paketi ilə maliyyə təminatı yaradılıb
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, dövlət və icmal büdcə layihələri gələn il də öz sosial yönümlülüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sayca altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb.
Nazir vurğulayıb ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat zərfi icra olunub və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. Aparılan islahatlar nəticəsində isə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum pensiya və orta pensiya 2,9 dəfə artıb. Sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait beş dəfə yüksəlib. “Əlavə olaraq, yaşayış minimumu 73 faiz, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə artıb. İslahatlar əmək bazarına da öz müsbət təsirini göstərib. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 597 min və ya 48 faiz artıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,5 dəfə artaraq əhalinin rifah halının yaxşılaşdırılmasına təsir göstərib” - deyə, o vurğulayıb.
A.Əliyev qeyd edib ki, əhalinin sosial müdafiəsi və məşğulluğu istiqamətində həyata keçirilən islahatlar cari ildə də konkret nəticələrlə özünü göstərir. Belə ki, cari ilin 10 ayı üzrə pensiya ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 6,5 milyard manat, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 7,9 faiz artaraq 2,1 milyard manat təşkil edib. Bu dövrdə orta aylıq pensiya 10,3 faiz artaraq 596 manat, yaşa görə orta aylıq pensiya isə 10,1 faiz artaraq 634 manat olub. Pensiya ödənişlərinin orta aylıq əməkhaqqına nisbəti 51 faiz, yaşa görə pensiyada isə 54 faiz təşkil edib ki, bu da beynəlxalq əmək təşkilatının tövsiyə etdiyi 40 faizlik göstəricini üstələyib. Cari dövr üçün orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 1173 manata çatıb.
Gələn il yaşayış minimumu 314 manat olacaq
Nazir əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayının ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artdığına da diqqət çəkib: “Burada xüsusi vurğulamaq istədiyim məsələ məşğulluğun strukturunda özəl sektorun xeyrinə davamlı olaraq dəyişikliklərin baş verməsidir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 faiz və ya 59 min artıb. Həmçinin əmək və məşğulluq alt sisteminin məlumatına əsasən, ölkə üzrə əməkhaqqı fondu da cari il 8,5 faiz yüksəlib”.
Bildirilib ki, növbəti ildə nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək. Qeyd olunub ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gələn il 600 mənzilin alınması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilməklə, illik artım tempi saxlanılıb. “Azərbaycan Respublikasında 2027-c? il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə bu hədd 314 manat məbləğində müəyyən olunub.
Nardar BAYRAMLI