Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII qurultayında səsləndirdiyi tarixi və proqram xarakterli çıxış hər birimizi qürurlandırdı. Dövlətimizin keçdiyi şərəfli inkişaf yolunu, milli birliyimizin əhəmiyyətini və gələcək hədəflərimizi əks etdirən bu çıxış, eyni zamanda, qarşımızda mühüm vəzifələr müəyyənləşdirdi.
Cənab Prezident çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən bəhs etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır siyasi və iqtisadi böhran, dövlətçiliyimizin təhlükə altında olduğu bir dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası ilə nəticələndi. Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, sabitliyin və inkişafın möhkəm təməli qoyuldu.
1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazandı və ölkəmizin siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və dövlətçilik ənənələrinin inkişafına xidmət etdi.
Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz bərpa olundu. Beləliklə, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası və xalqımızın illərlə bəslədiyi azadlıq arzusu böyük Zəfərlə nəticələndi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə inamını nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, yeni yaşayış məhəllələri salınır, müasir infrastruktur yaradılır, məktəblər, sosial obyektlər və digər mühüm müəssisələr istifadəyə verilir.
Kəlbəcərdə aparılan quruculuq işləri də bu tarixi prosesin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfərləri, burada həyata keçirilən layihələrlə yaxından tanış olmaları və yeni obyektlərin təməlinin qoyulması doğma yurdumuzun gələcək inkişafına böyük təkan verir.
Bu gün Kəlbəcərdə yaşamaq və fəaliyyət göstərmək, doğma torpağımızın dirçəlişinə şahid olmaq hər birimiz üçün böyük qürur mənbəyidir. Mən də Vəhmən Cəfərov adına Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin direktoru və Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri kimi təhsilin inkişafına, gənc nəslin bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə öz töhfəmi verməyi mühüm vəzifəm hesab edirəm.
Xüsusilə qeyd etmək istəyirəm ki, azad Kəlbəcərdə fəaliyyət göstərmək və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri doğma torpağımızdan izləmək insana sözlə ifadə olunmayacaq qürur hissi yaşadır. Bu gün biz təkcə şəhərlərimizi və kəndlərimizi deyil, həm də gələcəyimizi, milli yaddaşımızı və yeni nəslin vətənə bağlılığını yenidən qururuq.
Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji işə xüsusi diqqət yetirilməsi təhsil işçiləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. Gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik, dövlətə sədaqət və müstəqillik ruhunda tərbiyə olunması bu günün ən vacib məsələlərindəndir. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və dövlətçilik fəlsəfəsinin gənc nəslə öyrədilməsi, müstəqilliyimizin hansı çətinliklər hesabına əldə olunmasının şagirdlərə izah edilməsi təhsil müəssisələrinin əsas vəzifələrindən olmalıdır.
Müasir dövrdə gənclərin ideoloji maarifləndirilməsi, milli maraqlarımızın qorunması, informasiya mühitində yayılan təhriflərə qarşı sağlam düşüncənin formalaşdırılması və dövlətimizə qarşı yönələn təxribatların mahiyyətinin izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Biz təhsil işçiləri olaraq şagirdlərimizə Vətən sevgisini yalnız sözlə deyil, əməlimizlə də aşılamalı, onlarda dövlətçiliyimizə, milli kimliyimizə və tarixi Zəfərimizə bağlılıq hissini gücləndirməliyik.
Eyni zamanda, Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinə, doğma yurdlarına qayıdan insanların həyat şəraitinin yaxşılaşdırılmasına və azad edilmiş ərazilərin davamlı inkişafına hər birimiz öz fəaliyyətimizlə dəstək verməliyik.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq, dövlət müstəqilliyimiz daha da möhkəmlənəcək, Qarabağ və Şərqi Zəngəzur dirçəlişin və inkişafın nümunəsinə çevriləcəkdir.
Biz Yeni Azərbaycan Partiyasının fəal üzvləri və təhsil işçiləri olaraq cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizə, xalqımıza və Vətənimizə sədaqətlə xidmət etməli, Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması üçün səylərimizi əsirgəməməliyik.
Vəsilə Cəfərova
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının 1 nömrəli ərazi partiya təşkilatının sədri, Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru