Müasir dünya mürəkkəb geosiyasi proseslərin, münaqişələrin, siyasi ziddiyyətlərin və etimad böhranının yaşandığı bir mərhələdən keçir. Belə bir şəraitdə xalqlar və dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı anlaşmanın təmin edilməsi və davamlı sülhün qurulması xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər məhz bu qlobal reallıqların dərindən təhlilinə və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə əsaslanırdı.
“Ortaq gələcək naminə dialoq” mövzusunda təşkil edilən Forumun açılışında dövlətimizin başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan dialoqu yalnız siyasi müzakirə vasitəsi kimi deyil, həm də sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın formalaşmasının mühüm şərti kimi qəbul edir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana sülh təklif etməsi oldu.
Dövlət başçısı xatırlatdı ki, 30 il davam edən işğal və nəticəsiz danışıqlardan sonra Azərbaycan öz legitim hüquqlarına, BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq tarixi ədaləti bərpa etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri işğala son qoydu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Lakin əldə olunan Qələbədən sonra ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri regionda davamlı sülhün təmin olunması oldu.
Prezident İlham Əliyevin bu məsələyə münasibəti prinsipial və eyni zamanda uzaqgörən siyasi yanaşmanın ifadəsidir. Dövlət başçısının “Biz əbədi müharibələr istəmirdik və qisas almaq istəmirdik” fikri Azərbaycanın sülhə əsaslanan siyasətinin mahiyyətini açır. Prezidentin vurğuladığı kimi, müharibəyə başlamaq asandır, lakin onu başa çatdırmaq çətindir. Azərbaycan öz təcrübəsi ilə sübut etdi ki, tarixi ədaləti bərpa etdikdən sonra sülhə üstünlük vermək mümkündür.
Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının vacibliyini də xüsusi vurğuladı.Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsinə beynəlxalq səviyyədə lazımi münasibətin göstərilməməsi beynəlxalq hüququn selektiv tətbiqinin nümunəsi idi.
Prezident İlham Əliyevin fikirləri bir daha təsdiqləyir ki, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni meyarlarla tətbiq edilməli, heç bir ölkənin suverenliyinə və müstəqil seçim hüququna müdaxilə olunmamalıdır. Azərbaycan öz müstəqil siyasətini heç bir kənar diktə olmadan həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir.
Ölkəmizin beynəlxalq nüfuzunun artması da məhz bu müstəqil və prinsipial siyasətin nəticəsidir. Çin və ABŞ kimi iki böyük dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini göstərir. Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya sahəsində artan rolu da bu mövqeyi daha da gücləndirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın regional və qlobal nəqliyyat əlaqələrinin inkişafındakı rolu da xüsusi yer tutdu. Müasir dövrdə nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının və iqtisadi əlaqələrin əhəmiyyətinin artdığı bir şəraitdə ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu və qonşu dövlətlərlə münasibətləri Azərbaycanın strateji əhəmiyyətini artırır.
Forumda BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun Azərbaycanın dialoq platforması kimi rolunu yüksək qiymətləndirməsi də tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqlədi.
Əminliklə demək olar ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunun təqdimatı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin çıxışı isə dünyaya aydın mesaj verdi: müstəqil dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn aliliyi, qarşılıqlı etimad və əməkdaşlıq olmadan təhlükəsiz gələcək qurmaq mümkün deyil.
Azərbaycan öz təcrübəsi, siyasi iradəsi və sülh təşəbbüsləri ilə bu istiqamətdə mühüm nümunə ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parçalanmış dünyada körpülər quran, dialoqu təşviq edən və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova