Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub

 

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan, tolerantlığı, qarşılıqlı etimadı və sülhü təşviq edən ən nüfuzlu platformalardan biridir. Bakıda ənənəvi olaraq keçirilən bu forum dünya miqyasında fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirərək humanitar böhranların həlli və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlıq formatı təqdim edir. Forumun gündəliyi hər zaman bəşəriyyəti narahat edən ən aktual məsələləri əhatə edir. Oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçını, 100-dən artıq ölkədən 500-dən çox qonağı bir araya gətirdi. Prezident İlham Əliyev Forumun açılış mərasimində bir daha vurğuladı ki, ötən 15 ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü olan və ilk dəfə 2011-ci ildə Bakıda keçirilən bu beynəlxalq platformaya dəstək verən tərəfdaşlara, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına təşəkkürünü bildirən və ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin sülh şəraitində birgə yaşadığı tarixi bir məkan olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır.

Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu ideologiya müasir müstəqil Azərbaycan dövlətinin milli kimliyini, ictimai-siyasi birliyini və ideoloji təməlini təşkil edir. Ana dili, tarixi yaddaş, adət-ənənələr və dövlətçilik təfəkkürünün qorunub saxlanılması xalqın milli varlığının və gələcək inkişafının əsas şərtidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışına əsaslanan bu ideologiya hər bir vətəndaşda Vətənə sədaqət və milli qürur hissi yaradır. Bu reallıqlara söykənərək cənab İlham Əliyev çıxışında bildirdi ki, hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular: “Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.”

Azərbaycanın 35 illik müstəqillik tarixi keçdiyimiz yolun güzgüsü, bələdçisidir. Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etməklə öz taleyinin sahibinə çevrildi. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı faciələr, təhlükələr bəllidir. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı yaşadığı faciələrdən xilas edib, inkişaf, tərəqqi yoluna çıxardı. Bununla da Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi. “Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir” deyən cənab İlham Əliyev vurğuladı ki, biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

 

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri