Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ

Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ

 

1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən biri olmuşdur. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan siyasi qeyri-sabitlik, dərin iqtisadi böhran, idarəetmədə ciddi problemlər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, ölkədə siyasi sabitliyin və ictimai həmrəyliyin yaradılması həyati əhəmiyyət daşıyırdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyindən narahat olan ziyalılar, ictimaiyyət nümayəndələri və ölkənin müxtəlif bölgələrini təmsil edən insanlar milli maraqları müdafiə edə biləcək, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirəcək yeni siyasi qüvvənin yaradılmasını zəruri hesab edirdilər. Bu tarixi mərhələdə zəngin dövlətçilik təcrübəsinə, böyük siyasi nüfuza və idarəçilik bacarığına malik Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinə ehtiyac xüsusilə aydın hiss olunurdu. Onun siyasi təcrübəsi və xalq arasında qazandığı böyük etimad Azərbaycanın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında mühüm amil kimi qiymətləndirilirdi.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı tərəfindən «Səs» qəzetində dərc olunan «Azərbaycan Sizin sözünüzü gözləyir» adlı müraciət Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm addım oldu. Müraciətdə Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılması təklif edilirdi. Ulu Öndər oktyabrın 24-də «Yeni, müstəqil Azərbaycan uğrunda» adlı cavab məktubunda bu təşəbbüsə müsbət münasibətini bildirdi və partiyaya rəhbərlik etmək təklifini qəbul etdi.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən 550 nəfər nümayəndənin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnaməsi təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmin il dekabrın 18-də YAP dövlət qeydiyyatına alındı və qısa müddətdə ölkənin müxtəlif bölgələrində yerli təşkilatları formalaşdı. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.

Sonrakı illərdə Yeni Azərbaycan Partiyasının təşkilati və siyasi fəaliyyəti daha da genişləndi. 1999-cu il dekabrın 20-də keçirilən I Qurultayda Heydər Əliyev yenidən partiyanın Sədri seçildi. Onun müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi istiqamətində mühüm mərhələ isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. İlham Əliyev 1999-cu ildə YAP Sədrinin müavini, 2001-ci ildə birinci müavini seçilmiş, 2005-ci il martın 26-da keçirilən III Qurultayda partiyanın Sədri olmuşdur. Bu gün YAP Ulu Öndərin siyasi irsinə və dövlətçilik prinsiplərinə əsaslanaraq müasir dövrün çağırışlarına uyğun fəaliyyətini davam etdirir.

Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunda mühüm hadisələrdən biri də 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultay olmuşdur. Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən bu qurultay yeni ictimai-siyasi və geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda çıxış edən Prezident, YAP-ın Sədri İlham Əliyev partiyanın ölkənin və bütövlükdə Cənubi Qafqazın siyasi həyatındakı mühüm mövqeyini qeyd edərək onun Azərbaycanın son illərdə əldə etdiyi uğurlara verdiyi töhfəni vurğuladı. Dövlət başçısının çıxışı partiyanın qarşısında duran yeni vəzifələri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında mühüm yer tutmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi tərəqqinin sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi, milli birliyin və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirilən proseslərin fəal iştirakçısıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması Azərbaycanın qazandığı mühüm nailiyyətlərdəndir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu uğurların yaratdığı yeni reallıqlar fonunda partiyanın gələcək hədəflərini müəyyənləşdirən əlamətdar siyasi hadisə kimi tarixə düşmüşdür. Beləliklə, yarandığı gündən dövlətçilik maraqlarını əsas götürən Yeni Azərbaycan Partiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, milli maraqlarının qorunmasına və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini verir.

 

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri