Müasir dünyada dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi imkanları və siyasi əlaqələri ilə deyil, həm də qlobal problemlərin həllinə verdiyi töhfə, digər xalqlara münasibəti və əməkdaşlığa açıq olması ilə müəyyən edilir. Müxtəlif regionlarda münaqişələrin, qarşıdurmaların və anlaşılmazlıqların davam etdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ölkəmizin beynəlxalq əməkdaşlıq məkanında fəal iştirakını və dialoq ənənələrinə verdiyi önəmi nümayiş etdirir.
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, müstəqil inkişaf yolu və milli-mənəvi dəyərlərinin qorunması barədə fikirlərini bölüşüb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan özünü beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi təqdim edə bilib. Bu fikir ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini, beynəlxalq tərəfdaşlarla münasibətlərini və müstəqil dövlət kimi əldə etdiyi təcrübəni əks etdirir.
Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi uzunmüddətli və ardıcıl əməkdaşlıq siyasəti ilə bağlıdır. Ölkəmiz müxtəlif dövlətlərlə siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Müxtəlif beynəlxalq platformalarda iştirak, regional və qlobal təşəbbüslərə dəstək, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmasına şərait yaradır. Bu yanaşmanın mühüm xüsusiyyətlərindən biri milli maraqların qorunması ilə digər dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uzlaşdırılmasıdır.
Forumun Bakıda keçirilməsi də mədəniyyətlərarası dialoqun beynəlxalq gündəlikdəki əhəmiyyətini göstərir. İlk dəfə 2011-ci ildə təşkil edilən bu platforma ötən illər ərzində müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatları, ekspertləri və ictimai xadimləri bir araya gətirən geniş müzakirə məkanına çevrilib. 2026-cı ildə keçirilən VII Forumda 100-dən artıq ölkədən iştirakçıların bir araya gəlməsi Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq istiqamətində yaratdığı imkanların miqyasını nümayiş etdirir.
Azərbaycanın bu sahədəki mövqeyini şərtləndirən əsas amillərdən biri onun tarixi və coğrafi xüsusiyyətləridir. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz əsrlər boyu müxtəlif mədəniyyətlərin təmas nöqtəsi olub. Bu coğrafi mövqe yalnız iqtisadi və nəqliyyat əlaqələrinin deyil, həm də fərqli dünyagörüşlərinin, adət-ənənələrin və mənəvi dəyərlərin qarşılıqlı təsirinin inkişafına imkan yaradıb. Xalqımızın tarixən formalaşmış qonaqpərvərlik, dözümlülük və qarşılıqlı hörmət ənənələri bu prosesin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycanın milli kimliyinin qorunması ilə bağlıdır. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz müstəqillik illərində yalnız öz ənənələrini və həyat tərzini qoruyub saxlamaqla kifayətlənməyib, eyni zamanda, onları daha da gücləndirib. Bu yanaşma milli-mənəvi dəyərlərin inkişafın qarşısını alan amil deyil, əksinə, cəmiyyətin birliyini və özünəməxsusluğunu möhkəmləndirən əsaslardan biri olduğunu göstərir.
Milli dəyərlərin qorunması ana dilinə, tarixə, ədəbiyyata, incəsənətə, ailə ənənələrinə və mədəni irsə münasibətdə özünü göstərir. Qloballaşmanın sürətləndiyi bir dövrdə xalqların öz kimliyini qoruması xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, digər mədəniyyətləri tanımaq, onların fərqliliklərinə hörmətlə yanaşmaq və ortaq dəyərlər ətrafında əməkdaşlıq etmək də vacibdir. Azərbaycan təcrübəsində bu iki istiqamət bir-birini tamamlayan amillər kimi təqdim olunur.
Mədəniyyətlərarası dialoqun əsas məqsədi fərqlilikləri aradan qaldırmaq deyil, həmin fərqliliklər əsasında qarşılıqlı anlaşma yaratmaqdır. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşayışı, bərabər hüquqların təmin olunması və cəmiyyət daxilində həmrəyliyin möhkəmləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə mühitdə insanlar öz mədəni kimliklərini qorumaqla yanaşı, ümumi cəmiyyətin inkişafına da töhfə verə bilirlər.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa, milli-mənəvi dəyərlərin qorunmasına və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına verdiyi əhəmiyyəti ön plana çıxarır. Beynəlxalq etimadın möhkəmləndirilməsi ilə milli kimliyin qorunması arasında əlaqə müasir dövlət inkişafının mühüm istiqamətlərindəndir. Azərbaycanın bu sahədəki təşəbbüsləri isə ölkəmizin həm öz tarixi irsinə bağlılığını, həm də dünya ilə əməkdaşlığa açıq mövqeyini nümayiş etdirir.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini