34 illik şərəfli inkişaf yolu

34 illik şərəfli inkişaf yolu

Müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla gəlib çatmayıb. Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən ictimai-siyasi proseslərə nəzər saldıqda aydın görürük ki, Azərbaycan xalqı və dövləti qarşısında dayanan taleyüklü məsələlərin həlli məhz güclü lider amili, qətiyyətli siyasi iradə və xalq-lider birliyi sayəsində mümkün olub.

Azərbaycan müstəqillik qazandıqdan 1993-cü ilin ortalarınadək ağır sınaqlarla üzləşmişdi. Ölkədə siyasi idarəetmə sistemi iflic vəziyyətinə düşmüş, bölgələrdə sabitlik pozulmuş, ordu quruculuğu lazımi səviyyədə təşkil edilməmişdi. Cəmiyyətdə hökm sürən narahatlıq, siyasi qarşıdurma və hakimiyyət böhranı dövlətçiliyimizin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir mürəkkəb tarixi şəraitdə 91 nəfər tanınmış ziyalı və vətənpərvər insan Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkənin taleyinə biganə qalmamağa çağırdı. Bu müraciət Azərbaycan dövlətçiliyinin qorunması və gələcək inkişafının təmin olunması naminə atılmış mühüm siyasi addım idi. “91-lər”in müraciəti xalqın dərin narahatlığını, milli birlik və güclü liderlik ətrafında birləşmək iradəsini ifadə edirdi. Sənəddə ölkənin mövcud vəziyyəti təhlil olunur, dövlətçiliyin qorunması və Azərbaycanın gələcəyinin təmin edilməsi üçün qətiyyətli siyasi rəhbərliyə ehtiyac olduğu vurğulanırdı. Ulu Öndər Heydər Əliyev bu müraciəti böyük məsuliyyətlə və siyasi uzaqgörənliklə qarşıladı. Onun müraciətə müsbət münasibəti xalqın iradəsinə verilən yüksək dəyərin, milli məsuliyyətin və dövlətçilik mənafelərinə sədaqətin təzahürü idi. Bu tarixi addım Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu və Yeni Azərbaycan Partiyasının yaradılması üçün mühüm zəmin formalaşdırdı.

Məhz bu tarixi zərurətdən irəli gələrək 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin konfrans Azərbaycanın siyasi tarixində mühüm hadisəyə çevrildi. Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə hökm sürən siyasi böhran şəraitində dövlətçiliyin qorunmasına, milli birliyin təmin edilməsinə və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə xidmət edən tarixi qərar idi. Partiya yarandığı ilk gündən xalqın iradəsini ifadə edən, milli maraqları rəhbər tutan və dövlətçilik prinsiplərinə əsaslanan aparıcı siyasi qüvvə kimi formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu qayıdış ölkəmizi parçalanma və dövlətçilik böhranı təhlükəsindən xilas etdi, siyasi sabitliyin bərqərar olmasına, dövlət idarəçiliyinin möhkəmləndirilməsinə və iqtisadi inkişafın əsaslarının yaradılmasına imkan verdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətçiliyinin möhkəm təməlinə çevrildi. Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarını dövlət müstəqilliyinin qorunması, milli maraqlara əsaslanan siyasət, xalqla hakimiyyət arasında birliyin möhkəmləndirilməsi, güclü ordu quruculuğu, müstəqil xarici siyasət və sosial-iqtisadi inkişaf kimi fundamental prinsiplər təşkil etdi.

Bu ideyalar sonrakı illərdə Azərbaycanın dövlətçilik və inkişaf strategiyasının əsas istiqamətlərinə çevrildi. 2003-cü ildən etibarən cənab İlham Əliyevin Prezident seçilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun ardıcıllığını, dövlət idarəçiliyində müasir yanaşmaların və institusional islahatların genişlənməsini təmin etdi. Xüsusi qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın Sədri seçilməsi təşkilatın inkişafında yeni mərhələnin başlanmasına mühüm təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə səsləndirdiyi fikirlər də bu siyasi varisliyin mahiyyətini aydın şəkildə ifadə edirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Bu siyasi varisliyin və partiyanın təşkilati inkişafının mühüm mərhələlərindən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunmasıdır. Mehriban xanım Əliyevanın 2013-cü ildə keçirilmiş V Qurultayda Partiya Sədrinin müavini, 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayda isə Sədrin birinci müavini seçilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Onun dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, humanitar və sosial sahələrin inkişafı istiqamətində çoxşaxəli fəaliyyəti partiyanın ictimai-siyasi nüfuzunun yüksəlməsinə də mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu dövrdə ordu quruculuğu sürətləndirilib, iqtisadiyyat modernləşdirilib, sosial proqramlar genişləndirilib, ölkənin beynəlxalq əlaqələri və diplomatik imkanları daha da inkişaf etdirilib. Həyata keçirilən siyasətin ən mühüm tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin parlaq təzahürü oldu. Bu Qələbə Azərbaycan dövlətçiliyinin təntənəsi, xalqımızın milli qürurunun və tarixi ədalətin bərpasının ifadəsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Xankəndidə və digər ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın ucaldılması bu tarixi prosesin rəmzi məqamlarından birinə çevrildi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və yeni tarixi reallıqlara uyğun şəkildə inkişaf etdirilməsinin nəticəsidir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir şəhərsalma konsepsiyasının tətbiqi, Böyük Qayıdış proqramının icrası Azərbaycanın inkişaf tarixində yeni mərhələnin əsasını qoyur. Bu proses dövlətimizin iqtisadi imkanlarını, siyasi iradəsini və gələcəyə hesablanmış strateji hədəflərini nümayiş etdirir. Bu gün Yeni Azərbaycan Partiyası 760 mindən çox üzvü, geniş sosial bazası, intellektual potensialı və dövlətçilik ideyalarına sadiqliyi ilə ölkənin siyasi sistemində aparıcı mövqeyə malikdir. Partiya sıralarında gənclərin fəallığı, cəmiyyətin müxtəlif təbəqələrinin təmsil olunması və yeni üzvlərin davamlı şəkildə təşkilata qoşulması onun ümumxalq partiyası kimi nüfuzunu daha da artırır. Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında mühüm rol oynayan, dövlətçilik ənənələrinin qorunmasına, milli ideologiyanın möhkəmləndirilməsinə və strateji inkişaf hədəflərinin reallaşdırılmasına töhfə verən aparıcı siyasi təşkilatdır.

Partiyanın fəaliyyətinin mühüm istiqamətlərindən birini seçki proseslərində fəal iştirakı təşkil edir. Yarandığı gündən etibarən Yeni Azərbaycan Partiyası prezident, parlament və bələdiyyə seçkilərində iştirak edərək qazandığı uğurlarla cəmiyyətdəki siyasi mövqeyini və ictimai dəstəyini nümayiş etdirib. Partiyanın əldə etdiyi seçki nailiyyətləri onun cəmiyyətlə sıx əlaqələrinin, həyata keçirilən siyasi kursa ictimai etimadın və təşkilati fəaliyyətinin nəticəsidir. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyevin ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursuna sədaqəti təşkilatın nüfuzunun və siyasi çəkisinin artmasında mühüm rol oynayır.

Yeni Azərbaycan Partiyasının təşkilati inkişafında qurultaylar xüsusi yer tutur. Bu baxımdan 2021-ci il martın 5-də keçirilmiş VII Qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrün siyasi və təşkilati reallıqları, ölkəmizdə həyata keçirilən islahatlar və qarşıda dayanan yeni vəzifələr partiyanın idarəetmə sisteminin daha da təkmilləşdirilməsini zəruri edirdi. Qəbul edilən qərarlar partiyanın təşkilati strukturunun müasirləşdirilməsinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət etdi. Beləliklə, VII Qurultay Yeni Azərbaycan Partiyasının inkişaf tarixində mühüm təşkilati və siyasi mərhələ kimi yadda qaldı.

2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalıb. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi şəraitdə keçirilən qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın keçdiyi inkişaf yolunu və qarşıda duran strateji vəzifələri diqqətə çatdırıb. Çıxışda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və antiterror tədbirlərinin əhəmiyyəti, hərbi qüdrətin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi inkişaf və sosial rifah məsələləri ön plana çəkilib. Dövlət başçısı müasir dövrdə ideoloji təhlükəsizliyin gücləndirilməsini, informasiya məkanının qorunmasını, Azərbaycan həqiqətlərinin təbliğini və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını mühüm vəzifələr kimi müəyyənləşdirib. Beləliklə, VIII Qurultay Yeni Azərbaycan Partiyasının yeni tarixi reallıqlar şəraitində siyasi, ideoloji və təşkilati fəaliyyətinin prioritetlərini müəyyənləşdirən mühüm mərhələ kimi əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti bir daha təsdiq edir ki, milli maraqlara əsaslanan, xalqın iradəsinə söykənən və güclü dövlətçilik fəlsəfəsini rəhbər tutan siyasi xətt zamanın bütün sınaqlarından uğurla çıxa bilir. Bu illər ərzində Azərbaycan güclü dövlətə çevrilib, ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi potensial əhəmiyyətli dərəcədə artıb və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınıb. Dövlətimizin strateji inkişaf xətti Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir.

Yeni Azərbaycan Partiyası özünün zəngin siyasi təcrübəsi, güclü təşkilati potensialı və möhkəm ideoloji dayaqları ilə bu strateji hədəflərin reallaşdırılmasına töhfə verməkdə davam edir. Bu gün Azərbaycanın inkişaf modeli Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun həyata keçirdiyi siyasi kursun vəhdətinə əsaslanır. Yeni Azərbaycan Partiyası isə həmin strateji xəttin həyata keçirilməsində aparıcı siyasi qüvvə kimi öz məsuliyyətini uğurla yerinə yetirir. Partiyanın 34 illik tarixi xalqımızın siyasi iradəsinin, milli həmrəyliyinin və dövlətçilik əzminin təcəssümüdür. Bu şərəfli yolun əsasında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan xalqının öz gələcəyinə olan inamı dayanır.

 

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri