25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutan, azadlıq və qürur hisslərini özündə birləşdirən əlamətdar tarixdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı 2020-ci il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində azadlığına qovuşdu. Ordumuzun yüksək döyüş hazırlığı, hərbi qulluqçularımızın cəsarəti və fədakarlığı bu qələbənin əldə olunmasında mühüm rol oynadı. Qubadlının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün şəhərin işğaldan azad edilməsinin tarixi əhəmiyyətini bir daha xatırlatmaqla yanaşı, xalqımızın qəhrəmanlıq salnaməsinin yaşadılmasına xidmət edir. Qubadlı Şəhəri Gününün təsis edilməsi doğma torpaqlarından uzun illər ayrı düşmüş sakinlərin qayıdış ümidlərini, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə göstərdiyi diqqəti və tarixi yaddaşımıza ehtiramı ifadə edir. Bu tarix hər il ölkəmizdə böyük qürur hissi ilə qeyd olunur, Qubadlının azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızın fədakarlığı ehtiramla yad edilir.
Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların igidliyinin və xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsi məqsədilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Bu medal Vətən torpaqlarının azadlığı naminə göstərilən şücaətin, hərbi peşəkarlığın və sədaqətin rəmzidir. Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin fədakarlığı Azərbaycanın Zəfər tarixində mühüm yer tutur. Onların göstərdiyi rəşadət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olmaqla yanaşı, doğma torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin unudulmaz səhifəsi kimi daim xatırlanacaq.
Bu gün Qubadlıda yeni həyatın təməlləri qoyulur. Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı yol, enerji, su təsərrüfatı və sosial infrastruktur layihələrinin əsası qoyulub. Yeni yaşayış məhəllələrinin, məktəbin və xəstəxananın tikintisi, şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi gələcəyə hesablanmış quruculuq siyasətinin göstəricisidir. “Qubadlı” gömrük postunun yaradılması isə azad edilmiş ərazilərdə dövlət nəzarətinin və təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə xidmət edir.
Qubadlı artıq yalnız azad edilmiş şəhər deyil, həm də Böyük Qayıdışın, yenidənqurmanın və gələcəyə inamın rəmzidir. Doğma torpaqlarına qayıdacaq sakinlərin quracağı yeni həyat bu qədim yurdun inkişafına yeni təkan verəcək. 25 Oktyabr bizə xatırladır ki, Vətən sevgisi, milli birlik və fədakarlıq xalqımızın ən böyük gücüdür.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı