Respublikada, xüsusilə böyük şəhərlərdə vacib elementlərdən biri də insanların bir nöqtədən digər nöqtəyə daşınmasını təmin etməkdir. Vətəndaşların hansı nəqliyyat növündən istifadə etməsindən asılı olmayaraq ünvana maneəsiz çatdırılması təmin olunmalıdır. Qeyd edək ki, tıxacların çoxluğu vətəndaşların müxtəlif minik vasitələrdən istifadə etməsi ilə bağlıdır.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, şəhərlərdə yol infrastrukturunun qurulması önəmli məsələlərdən biridir: "Qeyd edim ki, paytaxta ən çox tıxaclar rast gəlinən ərazilərdən biri "20 Yanvar" dairəsidir. Burada tıxacların olmasının başlıca səbəblərindən biri yol infrastrukturunun, yəni körpü və ya tunel kompleksinin yüklənməsidir. “20Yanvar-Şamaxinka” deyilən ərazi üzrə əlavə bir zolaq da yaradılmalıdır".
A. Əsədov bildirib ki, həmin ərazidə tıxacların qarşısını alacaq işlərdən biri Xırdalana metro xəttinin çəkilməsidir: "Xırdalandan əlavə Masazır, Müşfiqabad, Saray ərazilərinə də metro xəttinin çəkilməsi məqsədə uyğun olardı.
Belə olduğu halda həm vətəndaşların xərcləri azalacaq, həm də tıxaclara görə baş verən əsəb, stress, gərginlik kimi hallardan xilas olacaqlar".
Havar Şəfiyeva