İnvestorların ekoloji öhdəliklərin real olub-olmaması ilə bağlı şübhələri iqlim keçidi layihələrinin maliyyələşdirilməsi xərclərini artıra bilər. Yaponiyada aparılan yeni araşdırma göstərib ki, dayanıqlı investisiyalara maraq göstərən investorlar daha aşağı gəlirlə razılaşmırlar. Xüsusilə böyük investisiya portfelinə malik şəxslər və yaşıl yuma riskindən narahat olan investorlar daha yüksək gəlir tələb edə bilərlər.
AZƏRTAC xəbər verir ki, Saitama Universitetinin professoru Kentaka Aruqanın rəhbərlik etdiyi tədqiqat qrupu investorların Yaponiyanın Yaşıl Transformasiya proqramı çərçivəsində buraxılan iqlim keçidi istiqrazlarına münasibətini araşdırıb.
Tədqiqatın nəticələri “International Review of Economics & Finance” jurnalında dərc olunub.
Tədqiqatın rəhbəri, professor Kentaka Aruqa bildirib ki, əsas məsələ investorların ekoloji cəhətdən dayanıqlı investisiyalara üstünlük verib-verməməsi ilə məhdudlaşmır.
Onun sözlərinə görə, investorların portfel ölçüləri, investisiya davranışları və risklərə həssaslığı fərqli olduğundan, dayanıqlı istiqrazların hamısı üçün vahid maliyyə üstünlüyündən danışmaq mümkün deyil. Buna görə də ekoloji məqsədlərin bəyan edilməsi özlüyündə daha əlverişli maliyyələşdirmə şərtlərini təmin etmir.
İqlim keçidi istiqrazları polad istehsalı, kimya və enerji kimi yüksək karbon emissiyalı sahələrin daha təmiz texnologiyalara keçidini maliyyələşdirmək məqsədi daşıyır. Ənənəvi yaşıl istiqrazlardan fərqli olaraq, bu maliyyə alətləri yalnız ekoloji cəhətdən təmiz layihələri deyil, həm də karbon emissiyalarının tədricən azaldılmasına yönələn sənaye transformasiyasını dəstəkləyir.
Yaponiya 2024-cü ilin fevralında Yaşıl Transformasiya proqramı çərçivəsində dövlət səviyyəsində iqlim keçidi istiqrazları buraxan ilk ölkə olub. Bu istiqrazlar tədqiqatçılara ekoloji öhdəliklərin etibarlılığının, investor etimadının və maliyyə risklərinin borclanma xərclərinə təsirini qiymətləndirmək imkanı verib.
Araşdırma çərçivəsində maliyyə sahəsində təcrübəsi olan 644 Yaponiya sakini arasında sorğu keçirilib. Tədqiqatçılar investorların portfel həcmini, ESG meyarlarına münasibətini, likvidlik riskləri və yaşıl yuma ilə bağlı narahatlıqlarını nəzərə alaraq onların tələb etdikləri gəlirlilik səviyyəsini təhlil ediblər.
Nəticələr göstərib ki, Yaşıl Transformasiya istiqrazları üzrə tələb olunan orta əlavə gəlirlilik sıfıra yaxın olub. Bu isə ətraf mühitə müsbət münasibətin daha aşağı gəlirlilik gözləntiləri ilə, risk və etibarlılıqla bağlı narahatlıqların isə daha yüksək gəlir tələbləri ilə nəticələnməsinin bir-birini kompensasiya edə biləcəyini göstərir.
Müəlliflər qeyd edirlər ki, araşdırma faktiki istiqraz əməliyyatlarına deyil, investorların sorğu zamanı ifadə etdikləri üstünlüklərə əsaslanır. Buna görə də müəyyən edilmiş meyillərin real bazar şəraitində də müşahidə olunub-olunmadığını yoxlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.