Milanda qocalar evində baş verən yanğın ən azı altı nəfərin həyatına son qoyub, 81 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
ANSA agentliyi xəbər verir ki, gecə yarısında baş verən yanğını yalnız səhər saatlarında söndürmək mümkün olub.
Ölənlərdən beşi qadın, biri isə kişidir. Həkimlər xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyətini ağır qiymətləndirir. Yanğın zamanı üçmərtəbəli qocalar evində 160 nəfər olub.
İtaliyanın hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. Müstəntiqlər qəsdən yanğın törədilmə versiyasını istisna edir. İlkin məlumata görə, yanğın otaqlardan birində başlayıb və sonradan bütün binaya yayılıb.