Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalarla zərbələr endirib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə endirilən zərbələr nəticəsində 21 nəfər həlak olub, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ümumilikdə, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.