Hər bir insan özünü sağlam və enerjili hiss etmək istəyir. Lakin ideal çəki almaq üçün bir çox hallarda müəyyən proseslərdən keçmək lazımdır.
Dietoloq Ceyhunə Yusifova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, xüsusilə yay aylarında sağlam qidalanmaya fikir vermək lazımdır. O qeyd edir ki, havalar isti olduğu halda daha çox meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır: "Eyni zamanda tərkibində çox su olan qidalara diqqət yetirmək vacibdir. Unutmamalıyıq ki, isti havalarda orqanizm daha çox maye itirir. Qatıq, ayran, meyvə şirələri və tərəvəz şirələri maye qəbuluna kömək edir. Çəki vermək istəyən şəxslər meyvə şirəsi yerinə meyvə və tərəvəzlərlə dadlandırılmış detox suları qəbul edə bilər".
Yüngül və asan həzm olunan yeməklərin daha çox qəbulunu məsləhət görən mütəxəssis, ağır, unlu, yağlı və qızardılmış qidalardan uzaq durmağımızı qeyd edib: "İnsanlar qidalanarkən daha çox sağlam yemək üsullarını seçməlidir. Bunlara buxarda bişirmə, sobada bişirmə və s daxildir".
Bəs çəkimizi idarə etmək üçün hansı tədbirlər görməliyik?
C. Yusifova bildirir ki, bu zaman müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, stressin idarə olunmasına diqqət yetirmək, adekvat və keyfiyyətli yuxu təmin etmək və sağlam olmayan qidalardan uzaq durmaq lazımdır.
Havar Şəfiyeva